Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva Xocavənd rayonunda humanitar minatəmizləmə əməliyyatları zamanı özəl şirkətlərdən birinin əməkdaşının piyada əleyhinə minaya düşərək xəsarət alması ilə bağlı ciddi narahatlığını ifadə edib.
Bu barədə Asayis.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki ombudsman vətəndaşları mina təhlükəsinin davam etdiyini nəzərə alaraq azad olunmuş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız müəyyən olunmuş marşrutlardan istifadə etməyə, naməlum əşyalara toxunmamağa və hər zaman ayıq-sayıq olmağa çağırıb.
Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin uzun illər ərzində kütləvi şəkildə minalarla çirkləndirilməsi münaqişədən sonrakı dövrdə də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. Mina partlayışları insanların yaşamaq, sağlamlığın qorunması, təhlükəsiz mühitdə yaşamaq, habelə keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdış hüququnun həyata keçirilməsinə ciddi maneə olaraq qalır.
Ombudsman beynəlxalq ictimaiyyəti və aidiyyəti beynəlxalq təşkilatları mina təhlükəsinin yaratdığı ağır humanitar nəticələrə daha həssas yanaşmağa, Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə göstərilən beynəlxalq dəstəyi daha da gücləndirməyə, bu istiqamətdə texniki, maliyyə və ekspert dəstəyinin genişləndirilməsinə töhfə verməyə çağırıb.
Ombudsman bir daha vurğulayıb ki, mina təhlükəsinin aradan qaldırılması insan hüquqlarının etibarlı təmin olunması, insanların həyat və sağlamlığının qorunması, eləcə də işğaldan azad edilmiş ərazilərin təhlükəsiz bərpası və məskunlaşmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu gün humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı - 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
