Sosial büdcədə rekord: maaş və pensiyalar artır?

 Sosial büdcədə rekord: maaş və pensiyalar artır?

2026-cı ilin ilk yarısında dövlət büdcəsinin xərclərinin yarıdan çoxu sosial istiqamətlərə yönəldilib. Əməkhaqları, pensiya və müavinətlər, dərman təminatı, icbari tibbi sığorta və digər sosial ödənişlərə ayrılan vəsait ötən illə müqayisədə təxminən 1 milyard manata yaxın artıb.

Bu artım yaxın aylarda maaş, pensiya və sosial müavinətlərin artırılmasına zəmin yarada bilərmi? İlin ikinci yarısında sosial ödənişlərlə bağlı yeni qərarlar gözlənilirmi?

Asayis.az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc dövlətin hər zaman sosialyönümlü siyasət apardığını deyib.

“Belə ki, əhalinin gəlirlərinin inflyasiya təzyiqlərindən qorunması və mövcud iqtisadi şəraitin yarada biləcəyi problemlərin sosial ödənişlər vasitəsilə azaldılması istiqamətində ardıcıl addımlar atılır. Bu məqsədlə dövlət büdcəsində ayrılan vəsait hər il artırılıb. Bu da hökumətin əhalinin sosial müdafiəsini prioritet hesab etdiyini göstərir. Bu tədbirlərə sosial müavinətlərin və minimum əməkhaqqının artırılması, eləcə də fiskal siyasət çərçivəsində sosial xərclərin genişləndirilməsi daxildir. Bununla yanaşı, mövcud iqtisadi problemlərin həlli iqtisadi aktivliyin artırılmasından keçir. Sosialyönümlü büdcə dövlətin vətəndaşlarına qayğısının göstəricisi olsa da, onun ildən-ilə artması bu istiqamətdə ehtiyacın davam etdiyini göstərir. Arzuolunan odur ki, gələcəkdə sosial ayırmalara ehtiyac azalsın və bu, iqtisadi fəallığın yüksəlməsi hesabına təmin olunsun”, - o bildirib.

İqtisadçı vurğulayıb ki, ötən illə müqayisədə sosial xərclərin 1 milyard manat artması büdcə gəlirlərinin də artırılmasını zəruri edir:

“Çünki sosial ödənişlər büdcədən maliyyələşdirildiyi üçün büdcənin formalaşması məqsədilə vergi daxilolmaları da artmalıdır. Yəni sosial ayırmaların genişlənməsi ilə vergi bazasının gücləndirilməsi paralel aparılmalıdır. Maaş və pensiyaların artırılması Prezidentin qərarı ilə, hökumətin maliyyə imkanları nəzərə alınmaqla həyata keçirilir. Hazırkı dəyişikliklər yalnız sosial müdafiə siyasətinin daha da gücləndirilməsinin göstəricisidir və bu, ilin ikinci yarısında maaş və pensiyaların mütləq artırılacağı anlamına gəlmir”.

Ekspertin sözlərinə görə, mövcud xərclər, makroiqtisadi göstəricilər və ümumi iqtisadi vəziyyət minimum əməkhaqqının artırılmasını zəruri edir:

“AQC olaraq minimum əməkhaqqının 660 manat səviyyəsində müəyyən edilməsini təklif etmişik. Lakin hökumət bu məsələyə mərhələli şəkildə yanaşır və ayrılan vəsaitlərin artımı indeksləşdirmənin həyata keçirilməsinə imkan yarada bilər. Adətən inflyasiya səviyyəsinə uyğun olaraq pensiya, müavinət və əməkhaqları indeksləşdirilir. Hesab edirəm ki, uzunmüddətli perspektivdə iqtisadi aktivliyin artırılması, istehsalın genişləndirilməsi və ixracın təşviqi daha vacibdir. Azərbaycan xammal ixracından daha çox hazır məhsul istehsalına üstünlük verməli, həmin məhsulların xarici bazarlarda satışını genişləndirməklə dövlət büdcəsinin gəlirlərini artırmalıdır. Bu istiqamətdə hökumət müvafiq tədbirlər görür və onların zamanla öz bəhrəsini verəcəyi gözlənilir”.

09:56 - 29 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin