Toplum TV işi: Onlara hökm oxundu

 Toplum TV işi: Onlara hökm oxundu

"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Asayis.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış edib.

Daha sonra məhkəmədə hökm oxunub.

Hökmə əsasən, Akif Qurbanov 15 il, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli 14 il, Əli Zeynalov 14 il, Ramil Babayev 13 il, Müşfiq Cabbarov 13 il, İlkin Əmrahov 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Elmir Abbasov məhkəmə zalında həbs olunub.

Dövlət ittihamçısı onların 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, Akif Qurbanov və Ruslan İzzətlinin 16 il, Ələsgər Məmmədli və Əli Zeynalovun 15 il, Ramil Babayev, Müşfiq Cabbarov və İlkin Əmrahovun 14 il, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.

Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib.

Qeyd edək ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

17:32 - 27 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin