Xaricdən ölkəyə gətirilən heyvanların daşınması zamanı bioloji təhlükəsizliyin təmin edilməsi, heyvan rifahının qorunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə daşınma prosesinin beynəlxalq standartlara və baytarlıq-sanitariya tələblərinə uyğun təşkili vacibdir.
Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova agentliyin 2026-cı ilin ilk 6 ayının yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Bildirilib ki, hazırda ölkəmizə diri heyvanlar əsasən Avropa İttifaqı (Aİ) ölkələrindən, Rusiya Federasiyasından və Gürcüstandan idxal olunur. Aİ ölkələrindən heyvanların daşınması xüsusi təchiz olunmuş nəqliyyat vasitələri ilə həyata keçirilir. Qonşu ölkələrdən gətirilən diri heyvanların daşınmasında isə əsasən uyğunlaşdırılmış nəqliyyat vasitələrindən istifadə olunur.
Qeyd edilib ki, Azərbaycan hazırda dörd heyvan xəstəliyi üzrə azad statusuna malikdir və bu statusun qorunub saxlanılması strateji əhəmiyyət daşıyır. Bu baxımdan, heyvanların daşınması üçün istifadə olunan nəqliyyat vasitələrinin müvafiq texniki və sanitar tələblərə cavab verməsi, heyvanların növü, sayı və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla təchiz edilməsi mühüm əhəmiyyət kəsb edir.
Validə Sadıxova diqqətə çatdırıb ki, xüsusi təchiz olunmuş nəqliyyat vasitələri heyvanların yüklənməsi və boşaldılması prosesini asanlaşdırmaqla yanaşı, daşınma zamanı onların zədələnməsi və stresə məruz qalması riskini minimuma endirir.
"Heyvanların uyğunlaşdırılmış və ya təsadüfi nəqliyyat vasitələri ilə daşınması həm heyvan rifahı, həm də epizootik təhlükəsizlik baxımından müəyyən risklər yarada bilər. Xüsusi təyinatlı nəqliyyat vasitələrindən istifadə isə heyvanların sağlam vəziyyətdə təyinat məntəqəsinə çatdırılmasına və biotəhlükəsizlik tədbirlərinin daha effektiv həyata keçirilməsinə imkan verir", - deyə o vurğulayıb.
Vurğulanıb ki, heyvanların daşınması sahəsində beynəlxalq tələblərin tətbiqi ölkədə baytarlıq və biotəhlükəsizlik sisteminin daha da gücləndirilməsinə mühüm töhfə verəcək.
