Bakıda beynəlxalq konfrans keçiriləcək

 Bakıda beynəlxalq konfrans keçiriləcək

Sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Asayis.az xəbər verir ki, müstəmləkə ərazilərini təmsil edən media nümayəndələrinin iştirakı ilə Azərbaycanda təşkil olunan ilk belə platforma olan konfrans həmin ərazilərdən olan jurnalistlərlə yerli media nümayəndələri arasında interaktiv formada keçiriləcək.

Konfransda keçmiş və indiki müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbərləri və media nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiyalar üzrə ekspertlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tədqiqatçılar, diplomatlar və dövlət qurumlarının nümayəndələri və yerli medianı təmsil edən şəxslər iştirak edəcək.

Konfransda neokolonial istismara məruz qalan və müstəmləkə əsarəti altında yaşayan xalqların və etnik azlıqların səsinin beynəlxalq informasiya məkanında gücləndirilməsində medianın rolu və qarşıda duran çağırışlar müzakirə olunacaq. Tədbirdə uzun illər kölgədə saxlanılmış müstəmləkə həqiqətlərinin – ərazilərin iqtisadi istismarı, təbii sərvətlərin talanı, mədəni kimliyin silinməsi, sistemli ayrı-seçkilik, yerli xalqlara qarşı repressiyalar, habelə Kanaki (Yeni Kaledoniya) və Boneyra nümunəsində yerli əhalinin demoqrafik tərkibinin məqsədli şəkildə gəlmə əhali hesabına dəyişdirilməsi siyasətinin beynəlxalq mediada işıqlandırılması məsələlərinə xüsusi diqqət yetiriləcək.

Konfrans çərçivəsində müstəmləkə ərazilərində yaradılan süni informasiya blokadasının aradan qaldırılması, dezinformasiya və Fake News – saxta məlumatlarla mübarizədə qabaqcıl süni intellekt alətlərinin tətbiqi, jurnalistlər və media qurumları arasında beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması, beynəlxalq media təşkilatları və yerli jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılacaq.

Müzakirələrdə medianın dekolonizasiya proseslərində yalnız informasiya ötürən vasitə deyil, həm də müstəmləkə siyasəti yürüdənlərə beynəlxalq təzyiq mexanizmi kimi rolu xüsusi vurğulanacaq. Bu kontekstdə müstəmləkə cinayətlərinin sənədləşdirilməsi, kolonial narrativlərin ifşası, müstəmləkə dövlətlərinin rəsmi informasiya siyasətinin faktlara əsaslanan araşdırmalarla yoxlanılması, yerli xalqların mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması, insan hüquqları pozuntularının monitorinqi, ekoloji ədalət məsələlərinin, o cümlədən Qvadelup və Martinikdə xlordekon pestisidinin yaratdığı fəsadların qlobal gündəmdə daim saxlanılması, reparasiya tələblərinin təşviqi, habelə Kanak, Maohi, Qvadelup, Martinik, Boneyra, Sint Martin və digər müstəmləkə ərazilərində fəaliyyət göstərən jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları arasında beynəlxalq həmrəylik və əməkdaşlıq şəbəkələrinin formalaşdırılması istiqamətində praktiki təşəbbüslər müzakirə ediləcək.

Xatırladaq ki, Kanakidə (Yeni Kaledoniya) nikel ehtiyatlarının istismarı, Kanak xalqının hüquqları və 2024-cü ilin may hadisələri zamanı baş vermiş mülki itkilərlə bağlı araşdırmalar aparan jurnalistlər Fransa tərəfindən informasiya məhdudiyyətləri və müxtəlif təzyiq formaları ilə üzləşiblər. Beynəlxalq media təşkilatları həmin dövrdə jurnalistlərə qarşı təhdid, fiziki hücum və peşə fəaliyyətinə maneə törədilməsi hallarını sənədləşdiriblər. Fövqəladə vəziyyət rejiminin tətbiqi və sərt təhlükəsizlik tədbirləri isə hadisələrin müstəqil və obyektiv işıqlandırılması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Qvadelupada (Fransa Karib hövzəsi) xlordekon pestisidinin uzunmüddətli istifadəsi nəticəsində yaranmış ekoloji fəsadlar, torpaq və su çirklənməsi, eləcə də əhalinin sağlamlığına təsirləri araşdıran tədqiqatçı jurnalistlər Fransanın məsuliyyəti məsələsini gündəmə gətirdiklərinə görə müxtəlif təzyiqlərlə üzləşiblər. 1970–1990-cı illərdə geniş tətbiq edilən bu zəhərli maddənin yaratdığı ekoloji və ictimai sağlamlıq problemləri bu gün də davam edir. BMT ekspertləri ekoloji problemləri və onların nəticələrini işıqlandıran media nümayəndələrinə qarşı təzyiq və senzura iddiaları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Belçikanın indiki Konqo Demokratik Respublikasının ərazisində, eləcə də Ruanda və Burundidə törətdiyi məcburi əmək, kütləvi zorakılıq və əllərin amputasiyası kimi insanlıq əleyhinə cinayətləri tarixçilərlə əməkdaşlıq şəraitində araşdıran jurnalistlər tarixi məsuliyyət və reparasiya məsələlərini beynəlxalq gündəmə çıxardıqlarına görə uzun illər müxtəlif təzyiq və maneələrlə üzləşiblər. Həmin araşdırmalar Belçikanın müstəmləkə irsi ilə bağlı beynəlxalq elmi və siyasi müzakirələrin genişlənməsinə, həmçinin beynəlxalq təşkilatlar səviyyəsində tarixi ədalət və reparasiya məsələlərinin daha fəal şəkildə gündəmə gətirilməsinə mühüm töhfə verib.

13:36 - 10 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin