Boşanmaların artması son 50 ilin ən aktual problemidir. Bu, qlobal tendensiyadır və bütün ölkələrdə müşahidə olunur. Bizim ölkədə də boşanmalar sürətlə artır. Artıq bu, milli ailə institutunun dağılması deməkdir. Cəmiyyətimizin əsas dayaqlarından biri demək olar ki, sarsılır.
Bu sözləri Asayis.az-a açıqlamasında sosioloq Elçin Bayramlı boşanmaların sayının artmasını şərh edərkən deyib.
Sosioloq qeyd edib ki, boşanmalarda əsas səbəblərdən biri kimi maddi çətinliklər dilə gətirilir:
“Boşanmaların 10%-i maddiyyata görədirsə, 90%-i mənəvi səbəblərdəndir.
Heç bir çətin dövrdə və ya müharibə illərində bu qədər boşanmaya rast gəlinməyib. Göründüyü kimi, burada maddi çətinliyin və ya kasıblığın önəmi yoxdur. İnsanlar mənəvi cəhətdən anlaşa bilmirlər. Bütün zəngin ölkələr hazırda boşanma sayı üzrə liderdir. Ailə sağlam əsaslarla və mənəvi keyfiyyətlərlə qurulubsa, heç bir çətinlik onu dağıda bilməz.
Milli-mənəvi dəyərlərin əleyhinə aparılan təbliğatlar insanlardakı mənəvi keyfiyyətləri məhv edib. Bu gün ailələrin əksəriyyəti xəyanətə görə dağılır. Digər tərəfdən, psixi problemli və ya asılılığı olan adamlar var ki, onlar da ailəni qoruyub saxlaya bilmir.
Digər tərəfdən, insanlar qarşı tərəfə diqqət və qayğı göstərmir, yalnız öz maraqlarına fokuslanır”.
Ekspertin sözlərinə görə, boşanmaların qarşısının alınmasının bir yolu var:
“Azərbaycanda müasirlik adı altında aparılan təbliğatlar dayandırılmalıdır. Gənclər yalnız milli və mənəvi dəyərlər əsasında tərbiyə olunmalıdır.
Bundan əlavə, boşanmalar hüquqi cəhətdən çətinləşdirilməlidir. Yəni əsas olmadan boşanan şəxslər hər şeydən - aliment, övlad və mülkdən məhrum edilməli və təzminat ödəməlidir. Yalnız ciddi əsaslar olduqda boşanmaya yol verilə bilər. Ciddi əsaslara isə xəyanət, asılılıq və psixi problem daxil edilməlidir. Yalnız bu yolla biabırçılığın qarşısını almaq olar. Artıq ailə qurmağı oyuncağa çeviriblər. Məhkəmələrdə işlərin əksəriyyəti boşanmalarla bağlıdır ki, vəkil və hakimlər də artıq çatdıra bilmir.
Dövlət gənclərə ailə dəyərlərini aşılamalıdır. Müasirlik adı altında “özün üçün yaşa” deyən psixoloqlar da neytrallaşdırılmalıdır.
Bütün qeyd etdiyim məsələlərlə bağlı tədbir görülərsə, ailə institutumuzu qorumaq mümkün olacaq. Əks halda boşanmaların və ailədən travma almış, valideynsiz uşaqların sayı daha da artacaq”.
