Son dövrlər saxta onlayn mağazalar vasitəsilə dələduzluq halları artıb. Sosial şəbəkələr və müxtəlif internet saytları üzərindən fəaliyyət göstərən bu platformalar vətəndaşların bank kartı məlumatlarını ələ keçirərək maddi zərər vururlar.
Bu sözləri Asayis.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
Ekspertin sözlərinə görə, saxta onlayn mağazaların əsas məqsədi vətəndaşların bank kartı məlumatlarını ələ keçirmək və onları müxtəlif üsullarla aldatmaqdır:
“Bu cür dələduzluqlarla mübarizə daha çox cinayəti törədən şəxslərin Azərbaycanda olduğu hallarda effektiv olur. Əgər dələduzlar xaricdə fəaliyyət göstərirlərsə, onların müəyyən edilərək məsuliyyətə cəlb olunması xeyli çətinləşir”.
Ekspert vətəndaşlara yalnız tanınmış və etibarlı onlayn mağazalardan alış-veriş etməyi tövsiyə edir:
“Tanınmayan internet saytlarına bank kartı məlumatlarını daxil etmək və həmin platformalar vasitəsilə ödəniş etmək ciddi risk yaradır”.
