Xətaidə Polis Günü ilə bağlı tədbir keçirildi

 Xətaidə Polis Günü ilə bağlı tədbir keçirildi

Xətai rayonunda "2 İyul - Azərbaycan Polisi Günü" qeyd olunub. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Fuad Hacıyev, Xətai rayon Məhkəməsinin sədri Vahid Sadıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Nicat Həsənov iştirak ediblər.

Asayis.az xəbər verir ki, ilk olaraq tədbir iştirakçıları Ulu Öndərin adını daşıyan parka gələrək abidəsini ziyarət ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Azərbaycan polisinin dövlətçiliyin qorunması, ictimai asayişin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi mühüm fəaliyyətdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan polisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə üzərinə düşən vəzifələri yüksək peşəkarlıq və məsuliyyətlə yerinə yetirir.

Tədbirdə xidmətdə fərqlənən polis əməkdaşları mükafatlandırılıb, onların peşə fəaliyyətində qazandıqları uğurlar yüksək qiymətləndirilib.

Sonda bayram münasibətilə polis əməkdaşları təbrik olunub, onlara xidmətlərində yeni nailiyyətlər, möhkəm cansağlığı və uğurlar arzulanıb.

01:06 - 3 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin