Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb

 Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb

Sürətlə kiçilən Xəzər dənizində suyun səviyyəsinin azalmasının monitorinqi və bu prosesə uyğunlaşma məqsədilə regional əməkdaşlığın hüquqi bazası bu ilin sonunadək hazırlana bilər.

Asayis.az xəbər verir ki, bunu "Röyters" agentliyinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəis müavini Əliağa Əzizov bildirib.

Onun sözlərinə görə, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsi son beş ildə təxminən 1 metr, son 10 ildə 1,5 metr, son 30 ildə isə 2,5 metr azalıb.

"Hazırda dənizin səviyyəsi ildə 20-30 santimetr enir. Bu, qlobal okean səviyyəsinin yüksəlmə sürətindən onlarla dəfə daha yüksək göstəricidir. Biz bu prosesi dayandıra bilmərik. Biz yalnız ona uyğunlaşa bilərik", - deyə Əliağa Əzizov vurğulayıb.

Elmi tədqiqatlar göstərir ki, Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistanın sahillərini əhatə edən Xəzər dənizində suyun səviyyəsi 1990-cı illərin ortalarından etibarən davamlı şəkildə azalır.

Əliağa Əzizov bildirib ki, bunun əsas səbəbləri iqlim dəyişikliyi, hövzədə yağıntıların azalması, temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artması və dənizə tökülən çaylarda su axınının azalmasıdır.

Onun sözlərinə görə, bu proses limanların fəaliyyətinə, gəmiçiliyə, balıqçılığa, sahilyanı turizmə və dənizdə yerləşən neft-qaz infrastrukturuna ciddi təsir göstərir.

Dənizkənarı beş ölkə ətraf mühitin mühafizəsi istiqamətində əməkdaşlığı gücləndirmək üzərində işləsə də, hələlik tam funksional regional monitorinq sistemi yaradılmayıb.

Rəsmi qeyd edib ki, monitorinq, məlumat mübadiləsi, birgə elmi tədqiqatlar, proqnozlaşdırma və uyğunlaşma tədbirlərini əhatə edən regional əməkdaşlığın hüquqi bazasının bu ilin sonunadək hazırlanması gözlənilir.

22:40 - 30 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin