Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

 Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

26 İyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Son illər ölkənin hərbi və təhlükəsizlik sistemində qadınların sayı da artmaqdadır. Onlar yalnız tibb və inzibati sahələrdə deyil, zabit, gizir, dövlət qulluqçusu, polis əməkdaşı və rəhbər vəzifələrdə də fəaliyyət göstərirlər.

Asayis.az Modern.az-a istinadla hərbi və təhlükəsizlik sistemində çalışan qadınlarla bağlı statistik göstəriciləri təqdim edir.

Ən çox qadın əməkdaşın çalışdığı qurumlardan biri Müdafiə Nazirliyidir. Nazirliyin məlumatına görə, Azərbaycan Ordusunda 329 nəfər zabit və gizir qadın hərbi qulluqçu, 1602 nəfər müddətdən artıq həqiqi hərbi xidmət keçən qadın hərbi qulluqçu fəaliyyət göstərir. Bundan başqa, orduda 10 218 qadın mülki işçi çalışır. Rəhbər vəzifələrdə isə 4 qadın hərbi qulluqçu və 2 qadın mülki işçi təmsil olunur.

Daxili İşlər Nazirliyində xidmət edən əməkdaşların 12 faizini, yəni 4 134 nəfərini qadınlar təşkil edir. Rəhbər vəzifələrdə çalışan qadın əməkdaşların sayı 64 nəfərdir. 2025-ci ildə DİN-də çalışan qadınların sayı əvvəlki illə müqayisədə 2,3 faiz artıb. Həmin il xidmətə qəbul olunan 2 406 nəfərdən 115-i qadın olub.

Polis Akademiyasında da qadınların sayı artmaqdadır. 2020-2025-ci illərdə akademiyaya qəbul olunan 3 267 nəfərdən 24-ü qadın olub. Təkcə 2025-ci ildə qəbul olunan qadınların sayı əvvəlki illərlə müqayisədə artım göstərib.

Dövlət Təhlükəsizliyi Xidmətində isə qadınların hərbi xidmətə və işə qəbulu, eləcə də məsul vəzifələrə irəli çəkilməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda DTX əməkdaşlarının 22 faizini qadınlar təşkil edir. Onlardan 38 nəfəri rəhbər vəzifədə çalışır. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 34 nəfər idi.

Dövlət Sərhəd Xidmətində 2025-ci ildə struktur qurumlarının ümumi işçi heyətinin 13 faizini qadınlar təşkil edib. Rəhbər vəzifələrdə çalışanların 1,52 faizi qadın olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ümumi heyətin 32 faizi qadınlardan ibarətdir. Rəhbər vəzifələrdə çalışanların isə 3 faizi qadınlardır.

Rəsmi statistikalar göstərir ki, qadınlar Azərbaycanın hərbi və təhlükəsizlik sistemində getdikcə daha geniş təmsil olunurlar. Onlar həm hərbi qulluqçu, həm polis əməkdaşı, həm də dövlət qulluqçusu kimi ölkənin müdafiə və təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevriliblər.

13:02 - 26 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin