Nazarbayev üzə çıxdı, xalqa müraciət etdi

 Nazarbayev üzə çıxdı, xalqa müraciət etdi

Nəhayət, Nursultan Nazarbayev uzun sürən susqunluğunu pozub.

 Qazaxıstanın sabiq Prezidenti, ölkədə baş verən qarşıdurmalar zamanı və ondan sonrakı dövrdə üzə çıxmayan Nursultan Nazarbayev gözlənilmədən özünün rəsmi “Youtube” kanalında efirə çıxaraq, xalqa müraciət edib.

“Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi” - deyə, Nursultan Nazarbayev xalqa videomüraciətində deyib.

"Bu hadisələr bir daha onu göstərir ki, müstəqillik göz bəbəyi kimi, xüsusilə diqqətli rəftar tələb edir. Baş verən faciə hamımız üçün dərs oldu. Bütün bu qırğınları və qətlləri kimin təşkil etdiyini öyrənmək vacibdir. İstintaq bu suala cavab verəcək", - Nazarbayev bildirib.

Nazarbayev müraciətində paytaxt Nursultanda olduğunu və heç yerə getmədiyini deyib. Sabiq Prezident ölkədə baş verən məlum hadisələri “Qazaxıstana hücum” kimi dəyərləndirib və hazırkı Prezident Kasım-Jomert Tokayevi tam dəstəklədiyini qeyd edib.

Nazarbayev deyib ki, 2019-cu ildə pensiyaya çıxıb və səlahiyyətlərini Tokayevə verib. Tokayevin Təhlükəsizlik Şurasının sədri və tezliklə hakimiyyət parityasının rəhbəri olacağını deyən Nazarbayev, ölkənin siyasi elitasında heç bir qarşıdurmanın olmadığını bildirib

"Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə Prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır".

Qazaxıstanın dünya birliyində tanınan və nüfuzlu dövlətə çevrildiyini deyən Nazarbayev vurğulayıb ki, bu, bütün qazaxıstanlıların həmrəyliyinin və birliyinin nəticəsidir: "Ölkədə sabitlik, əmin-amanlıq həmişə mənim məqsədim olub. Biz hamımız bu əbədi dəyərləri yaşatmalıyıq. Biz böhrandan mütləq çıxacağıq və daha da güclənəcəyik. Prezident xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni islahat proqramı irəli sürüb. Bu proqramı dəstəkləmək lazımdır"

17:33 - 18 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin