TƏBİB-də aparılan son kadr islahatlarından sonra Bakının bir sıra iri tibb müəssisələrinin direktorları vəzifədən azad edilib.
Lakin hələlik onların yerinə yeni təyinatlar həyata keçirilməyib.
Bəs bu müddətdə həmin xəstəxanalar necə idarə olunur?
Asayis.az xəbər verir ki, Medicina.az məsələ ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, ölkənin ən böyük tibb müəssisələrindən biri olan Kliniki Tibbi Mərkəz hazırda baş həkim tərəfindən idarə olunur.
Mərkəzin rəhbərliyi ixtisasca travmatoloq olan baş həkim Hüseyn Məsimova həvalə edilib. Yəni direktor vəzifəsi vakant olsa da, idarəetmə boşluq yaranmaması üçün müvəqqəti olaraq baş həkim səviyyəsində davam etdirilir.
Qeyd edək ki, oxşar vəziyyət digər direktorsuz qalan tibb müəssisələrində də müşahidə olunur – idarəetmə adətən baş həkimlər və ya rəhbər şəxslərin müavinləri vasitəsilə həyata keçirilir.
Bəs yeni direktor təyinatları nə vaxt olacaq?
Bu barədə rəsmi açıqlama verilməsə də, TƏBİB-ə yaxın mənbələr bildirir ki, yeni təyinatların mayın 15-dən sonra mərhələli şəkildə həyata keçirilməsi gözlənilir.
Hazırda isə sistemdə keçid dövrü yaşanır və rəhbərlik strukturu yenidən formalaşdırılır.
