Bakıda bu məhsul 35% bahalaşdı – Səbəb

 Bakıda bu məhsul 35% bahalaşdı – Səbəb

Püstənin bahalaşmasının arxasında sosial media trendi və iqlim şəraitindən yaranan təchizat problemləri dayanır, həmçinin İranla bağlı geosiyasi vəziyyət də qiymətlərə real təsir göstərir. Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib. Bu göstərici kakao və qəhvə qiymətlərinin artımını da geridə qoyur.

Bu sözləri Asayis.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli püstə qiymətlərinin yüksəlməsinin səbəblərini şərh edərkən deyib.

“Birinci və ən güclü səbəb tələbin kəskin artmasıdır. “Dubay şokoladı” adlanan viral Tiktok trendi bütün dünyada püstəyə olan tələbi partlayış kimi artırdı. Konfet istehsalçıları, dondurma şirkətləri, çörəkçilik müəssisələri - hamı eyni anda püstə pastası və püstə məhsulları axtarmağa başladı.

İkinci səbəb təchizat çatışmazlığıdır. ABŞ-ın 2024-cü il püstə məhsulunun 90 faizi 2025-ci ilin əvvəlinə qədər satılıb qurtardı. Eyni zamanda ABŞ ixracını 20 faiz azaltdı ki, bu da qlobal bazarda çatışmazlığı daha da artırdı. Türkiyədə donvurma səbəbindən məhsul ciddi ziyan gördü, İranda isə gözlənilən 200 min ton əvəzinə yalnız 140-150 min ton məhsul yığıldı”.

Onun sözlərinə görə, bahalaşmanın müharibə ilə əlaqəsinə gəlincə, bu da əsassız deyil:

“İrana tətbiq olunan sanksiyalar, geosiyasi gərginliklər, kommunikasiya problemləri püstə təchizatını da məhdudlaşdırıb, qiymətləri isə səkkiz illik ən yüksək həddə çatdırıb. İran dünyanın ikinci ən böyük püstə istehsalçısıdır. Əlbəttə ki, İranla bağlı hər hansı silahlı münaqişə və ya geosiyasi gərginlik bu ölkənin ixracını pozur və qlobal bazarda çatışmazlığı dərinləşdirir”.

15:38 - 29 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin