Noyabrın 16-da Audiovizual Şuranın iclası keçirilib. Asayis.Az xəbər verir ki, İclasda "Space TV" redaksiyasının (kanalının) efirində baş vermiş qanun pozuntusu ilə bağlı məsələ müzakirə olunmuş və peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə Şuraya daxil olmuş 2 müraciətə baxılıb.
Ümumölkə yerüstü televiziya yayımçısı olan "Space" Müstəqil Televiziya və Radio Şirkətinin "Space TV" redaksiyasının (kanalının) efirində 14 noyabr 2022-ci il tarixdə saat 12:00-14:45 arası yayımlanan "Gəl danış" proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsi və bununla da "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.5-ci maddəsinin tələbinin (mediada yayımlanan informasiyada zorakılıq və qəddarlıq təbliğ olunmamalıdır) pozulması faktı müzakirə olunub.
Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "Space TV" redaksiyasının efirində 17 noyabr 2022-ci il tarixdə proqramların yayımının 3 (üç) saatlıq müddətə (saat 12:00-dan saat 15:00-dək) dayandırılması haqqında qərar verib.
Qeyd edək ki, sözügedən verilişin həmin buraxılışında efirə zorakılığı əks etdirən görüntülər verilib. Belə ki, kişi uşaqların gözü önündə qadının üzərinə kəsici alət çıxararaq onu təhdid edib. Bu video ev şəraitində çəkilib və kanal onu tamaşaçılara təqdim edib. Qadına "qızılları ver" deyən qarşı tərəf, bunu etmədiyi təqdirdə ona başını kəsəcəyini deyib.