“Dedi ki, sən mənimlə kişilikdən danışa bilməzsən...” - Ağdaşda cinayət

 “Dedi ki, sən mənimlə kişilikdən danışa bilməzsən...” - Ağdaşda cinayət

Ağdaş rayonunda 2006-cı il təvəllüdlü Rəhim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Eşqinə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə Ağdaş rayonunun Yenicə kəndi ərazisində baş verib. Rəhim kənddə yerləşən çayxananın qarşısından keçən küçədə aralarında yaranmış şəxsi münasibətlər zəminində 2005-ci il təvəllüdlü Eşqinin onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən sonuncunun baş nahiyəsindən bir dəfə yumuruqla qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Rəhimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sinif yoldaşları ilə birlikdə təxminən axşam saat 21 radələrində çayxananın qarşısında dayanıb: “Zərərçəkmiş Eşqin həmin vaxt çayxanada olub. Eşqin çayxanadan çıxaraq yanımıza gəldi. Daha sonra siqaret almaq üçün mağazaya getdi. Bundan sonra təkrar yanımıza gəldi. Məndən Bakı şəhərində harada olduğunu soruşdu. Mən də ona Nərimanovda olduğumu bildirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Eşqin ona “Kənan” adlı şəxsi tanıyıb-tanımadığını soruşub: “Mən də Eşqinə Kənanı tanıdığımı bildirdim. Eşqin soruşdu ki, Kənan necə uşaqdır? Mən də zarafatyana cavab verdim ki, bilmirəm. Həmin vaxt Eşqin dedi ki, kişi dediyi sözün üstündə durar. Mən də Eşqinə cavab verdim ki, mənimlə kişilikdən danışa bilməzsən. Eşqin də dedi ki, o da mənimlə bu barədə danışa bilməz. Daha sonra Eşqin məni kənara dəvət etdi. Biraz Eşqinlə sözlü mübahisə etdim. Eşqin həmin vaxt dedi ki, oğrularla oturub durur. Daha sonra digər həmkəndilimiz yanımıza gəldi. Bir müddət sonra digər uşaqlar yanımıza gəldi. Bundan sonra Eşqin mənə baxaraq söhbətdən qaçanı söydü. Daha sonra Eşqin əmisini görərək mənə söyüş söyməyə başladı. Əmisi Eşqini aparan vaxt Eşqinə yaxınlaşaraq məni vurdu. Hətta mənim qardaşım Eşqinə dedi ki, üzür istəsin. Eşqin də yaxşı elədiyini dedi. Mən də qayıdıb Eşqini vurdum”.

Rəhim bildirib ki, zərərçəkmiş Eşqin onun kəndlisidir: “Eşqini əvvəldən tanımışam. Eşqin mənimlə qonşuluqda yaşayıb. Eşqini yumruqla sifət nahiyyəmdən bir zərbə vurdum. Eşqin zərbənin təsirindən yerə yıxıldı və başı yerə dəydi. Eşqinin baş nahiyyəsinin arxa tərəfi yerə dəydi. Eşqin yerdən qalxaraq üstümə gəldi. Həmin vaxt bizi ayırdılar”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Eşqinin sözlərinə görə, hadisədən bir il vaxt keçdiyi üçün tarixi dəqiq xatırlamır: “Hadisə günü saat 11-12 radələrində marketə getdim. Daha sonra marketin yanında olan kafeyə getdim. Mən kafedə 10-15 dəqiqə oturduqdan sonra evə getməyi qərara aldım. Kafedə oturarkən Yunis, Elşən və Rəhimin qardaşı Rəhman da orada olub. Mən onlarla birlikdə çay içdim. Çay içəndən sonra evə getməyi qərara aldım. Mən kafedən çıxıb evə gedərkən Rəhimi gördüm. Rəhimlə biraz söhbətləşəndən sonra aramızda münaqişə yarandı. Biz kənara keçərək danışmağa başladıq. Rəhimə düzgün etmədiyini, birlikdə böyüdüyümüzü və ailələrimizin tanış olduğunu bildirdim. Lakin Rəhim buna məhəl qoymayaraq, problem yaratmaq istədiyini bildirdim. Mən yarım saata qədər müddətdə onunla səbrlə danışdım. Rəhim mənə qan-qaraçılıq və problem yaratmaq istədiyini bildirdi. Biz söhbət etdiyimiz yerdən kafenin önünə gəldik. Kafedən qohumum çıxdı və nə baş verdiyini soruşdu. Mən hadisəni izah etdim”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra Rəhimin qardaşı gəlib və ona da hadisəni izah edib: “Rəhim Yunisə dedi ki, məni buradan aparsınlar, yoxsa öldürəcəkdir. Mən də ona “kimi öldürürsən?” deyə fikir bildirdim. Bundan sonra aramızda dava-dalaş, münaqişə yarandı. Bu 10-15 dəqiqə davam etdi. Bu zaman Rəhimi görmədim. Rəhimin qardaşı, əmisi oğlu Kənan və Aslan adlı şəxs mənim üzərimə gəldi. Rəhimin qardaşı Rəhman sinəmdən yapışdı. Yanımızda əmim və mənə əmi sayılan Sənan olub. Əmim onlara münaqişəni uzatmamağı və sabah danışmağı təklif etdi. Rəhman isə ya mənim üzr istəyəcəyimi, ya da məni öldürəcəklərini dedi. Bu zaman Aslan adlı şəxs də sinəmdən tutaraq “sən kimsən ki, belə danışırsan?” ifadəsini işlətdi. Mən onun əlini itələdim. Daha sonra mən öz əmim və Sənan əmim ilə evə tərəf getməyə başladım. Sonra mənə arxadan zərbə dəydi, huşumu itirərək yerə yıxıldım. Bundan sonra gözlərim qaraldı və dilim qatlandı. Təxminən 10 dəqiqə sonra məni kafeyə apardılar. Daha sonra məni Ağdaşda xəstəxanaya, oradan isə Mingəçevirə apardılar”.

Eşqin ifadəsində göstərib ki, hadisənin üzərindən 1 il müddət keçdiyindən dəqiq xatırlamır: “Mən kafedən çıxanda Rəhimlə qarşılaşdım. Biraz danışandan sonra Rəhim mənə dedi ki, sən mənimlə kişilikdən danışa bilməzsən. Beləcə aramızda mübahisə yarandı. Rəhimin məni necə vurduğunu xatırlamıram. Lakin baş hissəmdən iki yerdə xəsarətlərim olub. Rəhimin məni vurduğunu görməmişəm. Sonradan eşitdim ki, məni Rəhim vurub. Rəhim məni vurduğunu polisə ifadə verəndə də təsdiq edib. Başımda iki xəsarət izi olub. Ağdaş xəstəxanası məni götürmədiyindən, Mingəçevirə aparıldım. Baş hissəmdə sümük qırılması, ya da əzilməsi olub. Neçə zərbə dəydiyini hiss etməmişəm. Gözüm qaraldı, yerə yıxıldım və səs-küy eşitdim. Mən birbaşa yerə yıxıldım. Zərbə dəydiyini his etmədim. Sadəcə gözüm qaraldı və yerə yıxıldım”. 

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. Demokrat.az

16:16 - 10 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin