Tovuzda qonşular su üstündə düşmən oldular - TƏFƏRRÜAT

 Tovuzda qonşular su üstündə düşmən oldular - TƏFƏRRÜAT

Tovuz rayonunda 1984-cü il təvəllüdlü Laləzar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Səmayəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə Tovuz rayonun kəndlərindən birində baş verib. Kənd sakini Laləzar ümumi istifadədə olan bulaqdan evinə rezin boru ilə su çəkmək istəyinə mane olması səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qonşusu Səmayənin bədəninin müxtəlif nahiyələrinə, baş nahiyəsinə şillə və yumruqla ardıcıl zərbələr vurub. 

Hadisəni törədən Laləzarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Laləzar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğuldur: “Zərərçəkmiş Səmayə mənim qonşumdur. Səmayə ilə hər hansı düşmənçilik və ədavətlərimiz yoxdur. Biz dağ kəndində yaşadığımız üçün evimizə içməli su gəlmir. Buna görə də küçəmizdə olan bulaq vasitəsi ilə içməli su ehtiyaclarımızı ödəyirik. Həmin bulaqdan küçələrində yaşayan hər kəs istifadə edir. Bulaq qədimi bulaqdır və əzəl vaxtlardan bəri kənd əhalisi həmin bulaqdan istifadə edir. Bulaq kənd ərazisində yerləşən dərəlik ərazidə qaynayır və plastik borular vasitəsi ilə bulaqdan küçələrimizə su çəkib istifadə edirik. Səmayə və ailə üzvləri təxminən iki ildir ki, küçəmizə köçüblər. Həmin şəxslər köçdükləri vaxtdan bəri bulağın istifadə olunmasına problemlər yaradıblar”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Səmayənin əri Ənvər heç bir qonşudan icazə almadan öz təşəbbüsü ilə bulaqdan əmisi oğlunun evinə su xətti çəkib: “Belə olduqda onsuzda zəif gələn bulaq suyu demək olar qurudu. Biz bununla əlaqədar Ənvərə bir neçə dəfə öz iradlarımızı bildirsək də, Ənvər bizə məhəl qoymayıb”. 

Laləzar bildirib ki, hadisə günü, saat 19:30-da evdə olan zaman küçədə səs-küy eşidib: “Nə hadisə baş verdiyini öyrənməkdən ötrü küçəyə çıxdım. Qonşumuz Səmayənin mənim ərim Fəridə daş atdığını gördüm. Səmayəyə mane olmaq üçün onun əllərinin bilək nahiyəsindən tutdum və onu saxladım. Səmayə əlində olan daşları yerə ataraq mənim saçımdan tutaraq dartdı. Mən də Səmayənin bu hərəkətlərinə əsəbləşdim, əllərim ilə onun saçından tutaraq dartaraq yolmağa və onu vurmağa başladım. Mən şillə və yumruq zərbələri ilə ardıcıl olaraq Səmayənin bədəninin müxtəlif hissələrinə, о cümlədən onun alt dodağınа, hər iki çiyinlərinə yumruq zərbələri vuraraq ona xəsarətlər yetirdim. Bundan sonra ətrafda olan digər qonşular bizi sakitləşdirdi. Hər ikimiz bir-birimizdən ayrıldıq və yaşadığım evə getdim”.

İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğuldur: “Fərid ilə qonşuyuq. Fərid ilə aramızda heç bir ədavət və düşmənçilik yoxdur. Sadəcə olaraq Fərid spirtli içkilərin aludəçisidir və demək olar ki, hər gün spirtli içkilərdən qəbul edərək mənimlə və digər qonşuları ilə mübahisə edir. Küçədə istifadə etdiyimiz ümumi suyun gəldiyi bulaq Fəridin yaşadığı evin qarşısında yerləşir. Həmin bulaq Fəridin əmlakı deyil. Lakin Fərid özünü bulağın sahibi hesab edir. Bulaqdan normal istifadə etməyə maneçilik törədir, mübahisə yaradır. Mübahisə zəminində ünvanımıza qarşı nalayiq və hədələyici ifadələrdən istifadə edir”

Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 20:00-da plastik boru vasitəsi ilə həmin bulaqdan evlərinə su çəkməyə gedib: “Bu zaman qonşumuz Vüsalə də orada olub. Vüsalə 
qablarını su ilə dolduran zaman məni gözlədi. Bununla da Vüsalə qabları doldurduqdan sonra evimizə boru vasitəsi ilə su çəkmək istədim. Fərid evlərindən çölə çıxaraq mənimlə sözlü mübahisə etməyə başladı. Həmin şəxsin arvadı Laləzar da ərinin yanında olub. Fərid və Laləzar bizi ələ salmağa başladı. Onlara etdikləri hərəkətə görə iradımızı bildirdik. Fərid və Laləzar bizi söydü. Daha sonra Laləzar mənim saçımdan tutaraq aşağı əydi. Bundan istifadə edən Fərid boyun nahiyəmə yumruqla bir neçə dəfə vurdu. Ətrafda olan şəxslər bizi ayırdı. Bundan sonra hərə öz evinə getdi”. 

Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Laləzar 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 
 

11:57 - 31 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin