Sumqayıtda dəhşətli qətl: Borc üstündə keçmiş məhkum öldürüldü - TƏFƏRRÜAT

 Sumqayıtda dəhşətli qətl: Borc üstündə keçmiş məhkum öldürüldü - TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1983-cü il təvəllüdlü Seymur Quliyev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı  1990-cı il təvəllüdlü Həsənalı Piriyevi qətlə yetirib. 

Asayis.Az-ın məlumatına görə, Seymur bu ilin yanvarın 9-da, axşam saatlarında tanışı Elnur ilə telefon danışığı zamanı ondan  borclu olduğu 70 manat pulu növbəti dəfə tələb edib. Həmin vaxt Elnurun yanında olan Həsənalı onların telefon danışığına müdaxilə edərək Elnurun telefonu vasitəsi ilə Seymurla sözlü mübahisə edib, bir-birini nalayiq söyüşlərlə təhqir edib. 

Daha sonra Seymur Həsənalı ilə aralarında yaranmış həmin münasibəti   
aydınlaşdırmaq üçün onu Sumqayıt şəhəri, 18-ci məhəllə, “Vida” mərasim evinin arxasına görüşə dəvət edib. 

Yanvarın 10-da, gecə saat 2 radələrində Həsənalı həmin ünvana gəlib və Seymuru orada görmədikdə zəng edərək ünvanına nalayiq söyüşlər söyüb, onu israrla görüşə çağırıb. Seymur bir neçə dəqiqədən sonra həmin ünvana gəlib və Həsənalı onunla yenidən mübahisəyə başlayıb. Həmin vaxt Həsənalı özü ilə gətirdiyi beysbol taxtası ilə Seymurun başına və ayaqlarına zərbələr endirib. 

Bu vaxt Seymur özündə olan bıçağı çıxararaq Həsənalıya ümumilikdə 3 bıçaq zərbəsi vurub. Həsənalı almış olmuş xəsarətlərdən ölüb. 

Hadisəni törədən Seymurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 4-5 yanvar tarixindən tanışı Elnurun ona pul borcu yaranıb: “Borcumun geri qaytarılması üçün dəfələrlə Elnura zəng etdim. Elnur nə mənim telefonlarına cavab verdi, nə də mənimlə görüşdü. Mən hətta Elnura mesaj da yazaraq göndərdim. Elnura zəng etdim, yenə də zəngimi açmadı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Elnurun evində olduğunu düşünərək onun yaşadığı evə gedib: “Qapını döydüm. Əvvəlcə qapını Elnurun bacısı açdı. Elnurun bacısından onun evdə olduğunu soruşdum. Bacısı isə mənə “Elnur adlı şəxs burada yaşamır” dedi. Mən isə Elnurun həmin mənzildə yaşadığına əmin olmuşam. Bu vaxtı Elnurun anası qapıya gəldi. Ondan Elnurun evdə olub-olmadığını soruşdum. O, isə Elnurun evdə olmadığını bildirdi. Daha sonra Elnurun bacısı mənə “102 xidmətinə zəng edəcəm ki, sən mənim qapıma niyə gəlmisən?” dedi. Mən də ona “Elnurun mənə pul borcu var, həmin borcu geri almağa gəlmişəm” dedim. Bunu dedikdən sonra oradan uzaqlaşaraq evə tərəf qayıtdım”. 

Seymurun ifadəsinə görə, bir az keçdikdən sonra Elnurun istifadəsində olan mobil telefon nömrəsindən ona zəng gəlib: “Zəngi açanda Elnur mənə “sən bizim evə niyə getmisən?” dedi. Ona dedim ki,sən mənim telefonlarıma cavab vermirsən, məndən pul almısan və o pulu hələ də geri qaytarmırsan, Səndən verdiyim pulu geri istəyirəm. Elnurla telefonla danışdıqda, telefonun dəstəyini mərhum Həsənalının götürdüyünü bildirdi. Həsənalı mənə “sən niyə Elnurgilin evinə getmisən” dedi. Ona “istəmirsən ki, mən Elnurgilə gedim? Onda mənim pulumu Elnur geri versin. Mənim Elnurla başqa bir qərəzim filan yoxdur” dedim”. 

Seymur qeyd edib ki, daha sonra evlərinə gedib: “Bizim telefon danışığımızdan bir neçə saat sonra Elnurun istifadəsində olan mobil telefon nömrədən Həsənalıdan zəng gəldi. Həsənalı məndən “sən haradasan?” soruşdu. Mən də ona evdə olduğumu bildirdim. Həsənalıya dedim ki, sən Elnurla aramızda olan söhbətə qarışma, biz özümüz Elnurla həll edib yoluna qoyacağıq. Daha sonra yuxudan duraraq Elnurun yaşadığı məhəlləyə getdim. Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Vida” mərasim evinin arxasında görüşdük. Həmin vaxt hər yer qaranlıq olub. Mən Həsənalı ilə görüşdükdən sonra Həsənalı əlində olan beysbol aləti ilə məni döyməyə başladı. Hətta ünvanıma nalayiq söyüşlər də söydü. Həmin vaxt gödəkçəmin cibində bıçaq olub. Mən bıçağı qəsdən Həsənalını öldürmək məqsədi ilə aparmamışdım. Məqsədim sadəcə qorxutmaq olub. Beysbol aləti ilə mənə zərbələr yetirdikdən sonra 4-5 saniyəlik huşumu itirdim. Elə həmin anda bıçaq Həsənalıya dəydi. Həsənalının hansı nahiyəsinə zərbələr dəydiyini bilməmişəm. Beysbol aləti yerə düşdükdə onun səsinə ayıldım, özümə gəldim”. 

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, əvvəllər Həsənalını tanımayıb: “Hadisə vaxtı mənimlə görüşəndə Həsənalı tək olub. Məın yataqxanada yaşamışam. Yataqxananın mətbəxi ümumi olub. Bizim  mətbəxə aid olan əşyalarının həmin mətbəxdə olub. Hər gün saat 00:00-da həmin mətbəxin qapısının bağlanıb. Hadisə baş verdiyi gündən bir gün öncə paltar asılqanı yerə düşmüşdü. Paltar asılqanını düzəldəndə bıçaq da gödəkçəmin cibində qalıb. Hadisə günü də həmin gödəkçə üzərimdə olu. Mən Həsənalı ilə görüşə gedəndə cibimdə bıçaq olduğunu bilməmişəm. Həmin bıçaq gödəkçəmin cibində 2-3 gün əvvəldən qalıb. Həsənalıya neçə bıçaq xəsarəti yetirdiyimi xatırlamamışam. Huşum özümdə olmadığı üçün Həsənalının oradan tək və ya kimləsə uzaqlaşdığını bilməmişəm. Ayıldıqdan sonra orada heç kim olmayıb. Hadisədən sonra bıçağı cibimdə olan dəsmalına bükərək məhəllədə oturub 1-2 siqaret çəkdikdən sonra bizə yaxın ərazidə yerləşəm 3-cü Polis Bölməsinə getdim. Mən özüm 3-cü Polis Bölməsinə gedərkən cinayət-axtarış bölməsinin rəisi Bəxtiyar Hacıyevin gəldiyini gördüm. Özüm Bəxtiyara təslim oldum. Bölməyə könüllü getməyim ilə bağlı sənədləşmənin aparılıb-aparılmamasını bilməmişəm”.

İş üzrə şahid qismində ifadə verən şəxslərin sözlərindən məlum olur ki, mərhum Həsənalı əvvəllər məhkum olunub. Qeyd olunub ki, Həsənalı və Elnur eyni məhəllədə böyüyüblər, uşaqlıq illəri birlikdə keçib. 

Həsənalı zəhmətkeş, davakar və inadkar insan olub. Bildirildiyinə görə Həsənalı əvvəllər bir neçə dəfə məhkum olunub. Azadlığa çıxdıqdan sonra Elnur və İlqar tez-tez Həsənalının yaşadığı evə gedərək sonuncu ilə çay içib söhbət edib. Həsənalı da öz növbəsində onların yaşadığı evə gəlib. 

Sonuncu dələ Həsənalı və İlqar 8 yanvar 2024-cü ildə gecəni Elnurla birlikdə olublar. Bu zaman da Seymurdan zəng gəlib, sonda isə yaranan mübahisə qanlı qətl hadisəsi ilə nəticələnib.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymur 10 il müddətinə azalıdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Demokrat.az

12:06 - 30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin