Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda 9 məntəqə üzrə 94 ödənişsiz parklanma yeri təşkil edib. Məlumata görə, 4-cü zonaya daxil olan Səbail rayonunun Mikayıl Useynov və Aqil Quliyev küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Bu ərazilərdə qiymət tənzimlənməsi tətbiq olunmur. 3 məntəqə fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub. AYNA-dan bildirilib ki, ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.
Nəqliyyat eksperti Aslan Əsədov Asayis.Az-a açıqlamasında Bakıda ödənişsiz parkanma yerlərinin təşkil edilməsinin bir sıra müsbət cəhətlərinin olduğunu deyib:
“Əhali ənənəvi bir dayanma-durma qaydalarını mənimsəmişdi. Bildiyimiz kimi, Bakı şəhərində parklama artıq bir neçə aydır ödənişli olub. Hərəkət nə qədər əlaqəli, universal təşkil olunarsa, insanlar da bir o qədər rahat gediş-gəlişi təmin edəcəklər. Bir neçə dəqiqəlik avtomobili saxlamaqla sürücü cərimə olunurdu və bu da insanlar tərəfindən narazılıqla qarşılanırdı. İndi bu problem qismət həll olunacaq. Digər məsələ isə alış-veriş məkanlarında, istirahət yerlərində insanlar avtomobillərini park edə bilmirdilər, avtomobillə gələn insanlar nəqliyyat vasitəsini saxlaya bilmirdilər. Pulsuz parklanma yerləri belə ərazilərdə təşkil olunmalıdır. Ödənişsiz parklanma yerləri düzgün ərazilərdə salınarsa, insanlar şəxsi nəqliyyat vasitəsini saxlamaqla bağlı problem yaşamazlar”.