TƏBİB-in özünə təbib lazımdır

 TƏBİB-in özünə təbib lazımdır

Bir neçə gün əvvəl sosial şəbəkələrdə bir video qarşıma çıxdı. Pasiyent həkimdən qəbul edilməsini, ikinci isə onun gün ərzində 30 xəstəyə baxa biləcəyini əsas gətirərək xəstəni müayinə etməkdən boyun qaçırırdı. Əslində, həkim özü də bilərəkdən, ya da bilməyərəkdən tibb sahəsinin, səhiyyə sektorunun iç üzünü açıb ortaya qoyurdu. Demək istəyirdi ki, həkimlik bir şey yoxdur, səhiyyə sahəsinin özündə ciddi problemlər var, yəni bu çətinliyi yaradan elə TƏBİB rəhbərliyi, Səhiyyə nazirliyinin ali rəsmiləridir. Sonradan məsələ ilə bağlı TƏBİB-dən gecikmiş açıqlama da gəldi. Həmişəki kimi "mala" vurmaq istəyiblər, amma onu da düzgün etməyiblər. Deməli, TƏBİB-in "mala əməliyyatı"nda deyilir: "Əmək müqaviləsi şərtlərinə uyğun olaraq həkimin gündəlik iş saatı ərzində (6 saat, ixtisasından asılı olaraq fərqli ola bilər) müraciət edən hər bir pasiyent qəbul olunaraq, müayinə olunmalıdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq ixtisaslı həkim müayinəsi xidmətinə görə limit həkimin müayinə etdiyi xəstə sayına görə aylıq həvəsləndirici əlavəyə (bonus) görə tətbiq edilir və gündəlik 35 (otuz beş) nəfər olmaqla müəyyən edib". Adəti üzrə elə antikvar açıqlama veriblər ki, inanmıram ki, Daşkəsənin hansısa dağ kəndində bunu oxuyan Məhərrəm kişi Mirzə Cəlilin təbirincə desək burdan nəsə qansın. Amma, məni təkcə narahat edən TƏBİB-in limit məsələsi deyil, heç belə əndirabadi açıqlamaları da deyil. Məni narahat edən həm də ay ərzində bizim maaşımızdan tutulan sığorta haqlarıdır. Axı, tutulan haqlar heç də az pul deyil. Aylıq hesablayanda çox ciddi və böyük rəqəmlər göz önünə gəlir. Hələ nəzərə alsaq ki, yığılan pullara görə xidmət də ürəkaçan göstərilmir, onda Kərəmi lap ağlamaq tutur. Bunun sosial tərəfi olduğu kimi iqtisadi tərəfi də var. Gəlin indi də iqtisadi tərəfinə nəzər salaq. Məsələn, hər ay 100 nəfərdən tutulan tibbi sığorta haqqı deyək ki, elədi 2000 manat. Amma, onun qarşılığında 100 nəfərin hamısı ay ərzində tibbi xidmətdən istifadə edirmi?. Təbii ki, xeyir. Ən yaxşı halda yuxarıda qeyd etdiyim 100 nəfərdən 10-u tibbi xidmətdən istifadə edir, ya yox?!. Deməli, ya büdcəyə, ya da TƏBİB, Səhiyyə nazirliyi tandemindəki kimlərinsə cibinə əlavə pul gedir. Getsin, buna da cəmiyyət tərəfindən hər hansı narazılıq yoxdur. Amma, insanlara yaxşı, keyfiyyətli xidmət göstərilisin heç olmasa. Səhiyyə sektorunun üzərindəki ləkələr təmizlənsin heç olmasa. İnsanlar yenə də həkimlərimizə etibar etsin, hər ay həkim səhvlərindən uşaqlarımız, qohumlarımız, yaxınlarımız ölməsin. Açığın deyim ki, mən TƏBİB yaradılanda böyük ümidlə səhiyyəmizin dirçələcəyini, hər il tibb sahəsində inqilabi yeniliklərin olacağını gözləyirdim. Amma, təəssüf ki, TƏBİB heç bir gözləntimi doğrultmadı. Elə əvvəl səhiyyədə hansı problemlər vardısa onlar da qalıb, heç bir dəyişiklik yoxdur. Əbəs yerə bəzən zarafatla da olsa, "TƏBİB-in özünə təbib lazımdır" frazası işlədilmirki?!. Deməli, TƏBİB-in hazırda üzərinə böyük məsuliyyət düşür. Həm cəmiyyətdə onlara qarşı mənfi, neqativ fikirləri dəyişməlidirlər, həm də keyfiyyətli tibbi xidmət göstərməlidirlər. Əks halda, doğurdan da TƏBİB-in özünə elə təbib axtaracağıq. Müəllif : Elmir Murad

12:45 - 24 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin