Rusiyada mübahisə etdiyi həmkəndlisini bıçaqladı

 Rusiyada mübahisə etdiyi həmkəndlisini bıçaqladı

Cəlilabad rayonunda 1989-cu il təvəllüdlü Fəxrəddin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Azad Bağırova xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə 30 noyabr 2023-cü ildə saat 21 radələrində, Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib. Fəxrəddin həmkəndlisi Azadı yaşadığı evin küçəsində, kənd daxili yolda əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə müəyyən edilməyən predmetlə sonuncunun qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. 

Hadisəni törədən Fəxrəddinin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadən verən Fəxrəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Azad onun həmkəndlisidir, onunla heç bir ədavət və düşmənçiliyi olmayıb: “Təxminən 2023-cü ilin iyul ayında Rusiyanın şəhərində olub. Həmin zaman Azad da həmin şəhərdə olub. Bir gün həmin şəhərdə parkda gəzdiyim zaman tanımadığı iki nəfər rus vətəndaşı ilə mübahisəm düşdü. Azad da həmin rus vətəndaşları ilə birlikdə olub. Azad məni kənara çəkib bir dəfə üz nahiyəmə şillə ilə zərbə vurdu. Azadın və digər tanımadığım iki nəfər rus vətəndaşının məni döyəcəyindən qorxub oradan qaçdım. Azərbaycana gəldikdən sonra Azadla bu məsələni danışaraq aydınlaşdırdım. Azad bir böyük kimi və mübahisənin daha da böyüməməsi üçün məni vurduğunu dedi və biz barışdıq”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 30 noyabr 2023-cü ildə spirtli içki qəbul edib: “Azadın qeyd etdiyi hərəkəti yadına düşdüm və qərara gəldim ki, onunla bir daha bu barədə söhbət edim. Təxminən saat 19 radələrində istifadə etdiyim nömrə ilə “Watsapp” vasitəsilə Azada zəng edərək kredit götürmək istədiyimi, mənə bu barədə kömək etməsini dedim. Azad dedi ki, hazırda işi var, sabah danışarıq. Onunla başqa bir məsələ barəsində də işim olduğunu dedim və onun evinə gələcəyimi bildirdim. Evdən çıxarkən fikirləşdim ki, birdən Azadla mübahisə edərəm, bu məqsədlə də mətbəxə keçərək orada olan bıçaqı götürdüm və əynimdə olan gödəkçəmin sağ cibinə  qoydum. Daha sonra evdən çıxaraq Azadla görüşmək üçün onun evinə doğru getdim. Bu zaman da Azada zəng edərək gəldiyimi dedim. Azadın yaşadığı küçəyə daxil oldum və biraz getdikdən sonra yolda iki nəfər şəxsin dayandığını gördüm. Düşündüm ki, həmin şəxslərdən biri Azaddır və məni gözləyir. Onlara doğru getdim, onların yanına çatanda gördüm ki, həmin şəxslər Azad və qohumu Məftundur. Onlarla görüşdüm və Azadla söhbət etməyə başladım. Təxminən 1 saat Azadla müxtəlif mövzularda söhbət etdim”. 

Fəxrəddin bildirib ki, həmin zaman sərxoş olduğundan nə barədə danışdıqlarını da xatırlamır: “Sonda onunla aramızda olan problemi həll edərək onlarla sağollaşdım və arxaya dönərək bir addım irəli getdim. Bu zaman arxaya döndüm və elə zənn etdim ki, Azad üzərimə gəlir. Hadisədən əvvəl xeyli miqdarda spirtli içki qəbul etdiyimdən sərxoş vəziyyətdə olmuşam. Həm də gecə vaxtı olduğundan aydın görə bilmədim. Həmin vaxt Azadın üzərimə gəldiyini və məni vurmaq istədiyini güman edərək əynimdə olan gödəkçənin sağ cibindəki bıçağı çıxardım. Sağ əlimdə olan bıçaqla onun qarın nahiyəsinin sol tərəfinə bir dəfə zərbə vurdum”. 

Fəxrəddin qeyd edib ki, daha sonra Azad geri çəkilib və evinə doğru getməyə başlayıb: “Mən də oradan qaçaraq evimə doğru getdim. Evimin yaxılığına çatdıqda əlimdə olan bıçağı kənara atdım. Evimə gedərək təxminən yarım saat evdə qaldıqdan sonra özümə gəldim və qərara gəldim ki, polisə gedim. Evdən çıxdım və kəndlərimizdən keçən asfalt örtüklü avtomobil yolu ilə Cəlilabad rayonu istiqamətində hərəkət etməyə başladım ki, yolda rayona getmək üçün avtomobil tapım. Biraz getdikdən sonra onların kəndinə baxan Nəimi adlı polis əməkdaşının avtomobilini gördüm. Onun yanına gedərək törətdiyim əmələ görə polisə getdiyimi dedim. Nəsimi adlı polis əməkdaşı digər polis əməkdaşları ilə birgə törətdiyim hadisəyə görə məni axtardıqlarını dedi. Təxminən 1-2 dəqiqə sonra oraya başqa polis əməkdaşları gəldi və məni Cəlilabad rayon polis şöbəsinə dəvət etdi. Polis əməkdaşlarının dəvətinə etiraz etmədim və onlarla birlikdə polis şöbəsinə gəldim. Törətdiyim əmələ görə peşmanam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən zaman ətrafda Azad və Məftundan başqa heç kim olmayıb: “Azadı vurduğuma görə qorxduğumdan onu vurduğum bıçağı atdım. Azadı bıçaqla vurmağıma heç nə səbəb olmayıb. Azadı bıçaqla vurmaqda heç bir məqsədim olmayıb. Törətdiyim cinayət hadisəsindən heç kimin məlumatı olmayıb. Azad və Məftuna mənə hər hansı bir formada zor tətbiq etməyb, hədə qorxu gəlməyib. Azadı bıçaqla vurmağıma səbəb olacaq hər hansı bir hərəkət etməyib”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Azadın sözlərinə görə, Fəxrəddini ailəlikcə uşaqlıqdan tanıyır, Fəxrəddin ona qardaş deyir: “Hadisədən əvvəl Rusiya Federasiyasında olarkən onunla rastlaşdım. Orada Fəxrəddin digər şəxslərlə mübahisə etdi. Özüm isə bildim ki, həmin şəxslər Fəxrəddini döyəcəklər. Bu səbəbdən onu qorumaq üçün Fəxrəddini kənara çəkdim, bir şillə vurdum, üzünə dedim ki, rədd ol get burdan. Həmin şəxslərə də izah etdimi, olmaz belə, Fəxrəddin mənim yaxınımdır. Daha sonra Azərbaycana gəldik. Toyda Fəxrəddini gördüm, görüşdük. 

Zərərçəkmiş qeyd edib ki, hadisə günü də Fəxrəddinlə dördyol deyilən ərazidə görüşərək salamlaşıblar: “Noyabrın 30-da, təxminən saat 20 radələrində Üçtəpə kəndində yerləşən əmim oğlu Məftun işlədiyi dərzi dükanında olmuşam. Bu zaman Fəxrəddin “Whatsapp” vasitəsilə zəng edərək kredit götürmək istədiyini və ona zamin olmağımı istədi. Fəxrəddinə narahat olmamasını dedim, növbəti günlərdə danışaraq həll etməyi bildirdim. Fəxrəddin mənimlə başqa bir işi də olduğunu və bu barədə də söhbət etmək istədiyini dedi. Fəxrəddinə hazırda vaxtım olmadığını və sabah danışmağı dedim. Fəxrəddin isə vacib işi olduğunu və evimə gələcəyini dedi. Fəxrəddinin danışığından sərxoş vəziyyətdə olduğunu bildim və sərxoş vəziyyətdə onun həyətimə gəlməsini istəmədiyimdən qərara gəldimr ki, evə gedim. Məftuna Fəxrəddinin həyətimə içkili vəziyyətdə gəlməyini istəmədiyimə görə evə getdiyimi dedim. Buna görə Məftun da mənimlə gələcəyini dedi. Məftunun dərzi dükanından çıxaraq evinə doğru getməyə başladılar. Evimin qarşısına çataraq orada Məftunla söhbət etməyə başladıq. Təxminən 5 dəqiqə sonra Fəxrəddin yanımıza gəldi və bizimlə salamlaşdı. Fəxrəddindən nə problemi olduğunu soruşdum. Fəxrəddin Məftunla mənə çoxlu söhbətlər danışmağa başladı. Təxminən 30 dəqiqə bizimlə danışdı. Fəxrədin sərxoş olduğundan ona heçnə demədim və onun danışdıqlarına qulaq asdım. Fəxrəddin isə Rusiyada olan söhbətlə bağlı heç nə demədi. Onda kin küdrət hiss etmədim”. 


Azadın ifadəsinə görə, daha sonra Fəxrəddini evinə ötürmək üçün ona yaxınlaşıb və evinə getməsini deyib: “Fəxrəddin isə mənə “sən mənim böyüyümsən, mənim böyük qardaşımsan, sənin sözün mənim üçün qanundur” sözlərini dedi. Mən isə yenə də Fəxrəddinə dedim ki, evinə getsin və sabah kredit barədə bütün işləri həll edəcəm. Fəxrəddin mənimlə və Məftunla görüşərək sağollaşdı və geriyə döndü. Mən evimə getmək üçün sol tərəfə döndüm. Bu zaman Fəxrəddin qarınımın sol tərəfinə bir dəfə zərbə vurdu. Zərbədən sonra Fəxrəddinə tərəf döndüm. Bu zaman Fəxrəddin qarınıma zərbə vurduğu bıçağı çıxararaq qaçmağa başladı. Məftuna dedim ki, deyəsən Fəxrəddin məni vurdu. Məftuna dərhal atamı çağırmasını dedim, Məftun atamı çağırmaq üçün evə getdi. Mən özüm də yavaş-yavaş evimə doğru getməyə başladım. Evimdən təxminən 5 metr kənarda olarkən atamın avtomobili ilə küçəyə çıxdığını gördüm. Atam Məftunla məni avtomobilə əyləşdirdi və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına doğru getməyə başladıq. Yolda təcili yardım avtomobili məni götürdü və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirdi. Bundan sonra olanları xatırlamıram”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəxrəddin 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini, cəzasının yüngülləşdirlməsini istəyib. 

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndəriilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət qismən təmin edilib. 

Fəxrəddinin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilib. Onun cəzası 4 ilə endirilib. 
Demokrat.az

12:55 - 23 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin