Bakıda gecə klubunda müştəri barmeni bıçaqladı

 Bakıda gecə klubunda müştəri barmeni bıçaqladı

Bakının Nizami rayonunda 1991-ci il təvəllüdlü Təhmasib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Raminə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə 21 mart 2022-ci ildə, gecə saat 3 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Palermo” kafesində baş verib.  

Təhmasib kafenin işçisi Raminə sifariş verilən musiqi üçün ödənişi almasına baxmayaraq müsiqini səsləndirmədiyinə görə aralarında mübahisə yarandıqdan sonra həmin mübahisəyə aydınlıq gətirmək üçün onu kafedən çıxıb, heç kəsin olmadığı yerdə söhbət etməyi təklif edib. 

Onlar birlikdə kafedən çıxaraq kafenin yaxınlığında dayanıblar. Orada söhbət edən zaman Raminin üzərində gəzdirdiyi mətbəx bıçağını şalvarının arxa cibindən çıxardarkən onun əlindən həmin bıçağı alıb. Bıçaqla onun sinə nahiyyəsinə qəsdən bir dəfə vurub. 

Hadisəni törədən Təhmasibin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təhmasib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, uzun müddət Rusiya Federasiyasında yaşayıb və orada işləyib: “Yalnız 2022-ci ilin əvvəlində Azərbaycana qayıtmışam. 20 mart 2022-ci ildə Novruz bayramı qabağı dostum Rəşidlə görüşdüm və bir qədər onun evində oldum. Sonra isə Rəşidə çay içmək və dincəlmək üçün “Palermo” kafesinə getməyi təklif etdim. Bundan sonra mən və Rəşid gecə saat 24 radələrinfə evdən çıxdıq və Qara Qarayev prospektində yerləşən “Palermo” adlı kafeyə getdik. Kafedə oturaraq çay içdik, musiqi dinlədik. Gecə saat təqribən 3 radələrində Rəşid adını xatırlamadığım mahnını sifariş etmək üçün barmenə yaxınlaşdı və ona 5 manat pul verərək mahnı sifariş etdi. Lakin Rəşidin pul verib mahnı sifariş verdiyini görməmişəm. Barmen pulu aldı, lakin bir müddət keçsə də, mahnını səsləndirmədi. Rəşidlə barmenin söhbət etdiklərini görərək onlara yaxınlaşdım və nə baş verdiyini soruşdum. Sonradan adının Ramin olduğunu bildiyim barmenin mahnı qoymaqdan ötrü 5 manat aldığını, lakin mahnını qoymadığını həmin vaxt bildim. Ramin mahnını qoymamağının səbəbini həmin mahnını tapa bilməməsi ilə izah etdi. Ramin kafenin təzə açıldığını, ona gördə də internetin olmadığını dedi. Həmçinin biz istəyən mahnının siyahıda olmadığını bildirdi. Belə olduqda Ramindən pulu geri qaytarmağını tələb etdik. Ramin pulu mənə verməyəcəyini bildirdi. Pulu mənim vermədiyimi dedi. Pulu məndən yox, Rəşiddən aldığını bildirdi. Raminə həmin pulu mahnı üçün verdiyimizi dedim. Mahnını səsləndirmədiyinə görə pulu qaytarmağın zəruri olduğunu bildirdim. Ramin pulu qaytarmaqdan imtina etdiyindən mənimlə Ramin arasında mübahisə yarandı. Lakin Ramin həmin 5 manatı mənə vermədi. Bar stolunun üstünə qoydu. Rəşid də pulu oradaq götürdü”.

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, məhz bu mübahisəyə görə Raminə zaldan çıxaraq heç kəsin olmadığı yerdə söhbət etməyi təklif edib: “Raminin məndən inciyib küsməməsi üçün onu başa salmaq istədim. Bundan sonra birlikdə Raminin dəvəti ilə barın içində olan xırda bir otağa keçdik. Otaq kimi olan həmin yer barın zalında deyil, girişində olan dəhliz kimi bir yer olub. Raminlə həmin yerə girdikdən sonra heç kəsin içəri keçməməsi üçün əlim ilə qapını tutdum. Otaqda əlbəyaxa dava-dalaş olmadı. Mən sadəcə Raminə iradımı bildirdim. Otaqdakı söhbətdə Raminlə mübahisələrimiz daha da sərtləşdi və Ramin məndən aralanaraq zala girdi. Raminin zala nə üçün keçdiyini bilmədim. Həmin vaxtı barın işçiləri olduğumuz yerə gələrək məndən nə baş verdiyini soruşdu. Lakin mən yaxınlaşanlara heç bir mübahisə olmadığını söylədim”. 

Təhmasibin ifadəsinə görə, daha sonra Ramin geri qayıdıb və ona bayıra çıxmağı təklif edib: “Raminlə birlikdə bayıra çıxdım və bir qədər bardan aralanaraq yolun kənarında heç kəsin olmadığı yerdə dayandıq. Raminə pulu mahnıya görə verdiyimizi izah etməyə çalışdıq. Lakin bir-birimizə qarşı söyüş söymədik. Ramin də mənimlə sakit tərzdə söhbət etdi. Mən bayıra çıxan zaman məqsədim məsələni mehribançılıqla bitirmək istəməyim olub. Lakin  gözləmədiyim anda Ramin arxa cibindən iri bir mətbəx bıçaq çıxardaraq boğazıma tutdu. Mən bərk qorxdum, həyəcanlı vəziyyətdə dərhal Raminin əlindən tutaraq bıçağı almağa çalışdım. 10-15 saniyə tutaşdıqdan sonra  Ramindən bıçağı ala bildim. Ramini divara söykəyərək əlimdə olan bıçaqla Raminə yalançı zərbə endirdim. Yəni bıçağı Raminə batırmayaraq dayandırdım. Lakin sonra  əlimdə olan bıçaqla Raminin sinəsinə bir dəfə vurdum. Həmin vaxt yenə də bıçaqı tam yox, Raminin sinəsinə azca batıraraq çıxardım. Bıçağın Raminə batdığını başa düşərək əlimi çəkdim və Ramini buraxdım. Onu vurmaq niyyətim olmadığını Ramin özü də başa düşdü. Ramindən qan getdiyini gördüm. Maşın taparaq onu xətəxanaya çatdırmağa çalışdım. Maşın axtardım, 103-ə zəng etmək istədim. Ramini vurduqdan sonra sonuncu yıxılmadı, ayaq üstə oldu. Ramin həmin vaxt bıçağı ona geri verməyimi dedi, “qaç, buradan get” ifadəsini işlətdi. Raminə onu xəstəxanaya aparmağı təklif etdim. Ramin ehtiyyac olmadığını dedi. Lakin mən getmədim. Ramini xəstəxanaya aparmaq üçün maşın axtardım. Tapa bilmədikdə özümün mobil telefonum işlək vəziyyətdə olmadığından Rəşidin telefonu ilə 103-ə zəng vuraraq məlumat verdim. Bundan sonra həmin bıçağı Raminə qaytararaq oradan getdim. Mən hadisə yerindən aralanan zaman onlarla əlaqə saxlaya bilməm üçün orada olan işçinin mobil nömrəsini götürdüm”.

Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərib ki, onun Raminə bir necə zərbə vurmağa imkanı olsa da, o, bunu etməyib: “Mən “Palermo” kafesinə gedən zaman, həmçinin kafedə olarkən spirtli içki qəbul etməmişəm. Spirtli içkinin təsiri altında olmamışam. Mən hadisədən sonra, yəni martın 24-nə kimi xəstəxanaya Raminin yanına getməmişəm. Lakin ona zəng etmişəım. Özü ilə deyil, onun qardaşı ilə əlaqə saxlamışam. Martın 24-də isə  könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gedərək təqsirimi boynuma almışam. Biz Raminin müalicə xərclərini qarşılamışıq, ona kömək etmişik. Sonradan da zərərçəkmiş şəxslə görüşərək danışmışam, onunla barışmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Raminin sözlərinə görə, martın 20-də “Palermo” klubuna əvvəllər tanımadığı, lakin hadisə ərəfəsində adının Təhmasib olduğunu öyrəndiyi dostları ilə birlikdə gəlib: “Bir qədər sonra Təhmasibin Rəşid adlı dostu mənə mahnı sifariş etdi. Sifariş ödənişli olduğundan sifarişə görə 5 manat pul verdi. Ümumilikdə mahnı sifarişi 3-5 manat arasında olub. Lakin internet olmadığından mahnını səsləndirə bilmədim. Rəşid bir-iki dəfə gələrək getdi. Bundan sonra sifariş olunan mahnının yerinə başqa mahnı təklif etdim. Rəşid də etiraz etmədi. Sonra Təhmasib yaxınlaşaraq mahnını istədi. Mən də mahnı olmadığını bildirdim. Həmin vaxt sadəcə olaraq Təhmasibə açıqlı cavab verdim. Ona “bu nədir, 5 manat pula görə biriniz gəlib biriniz gedirsiz” sözlərini dedim. Bu zaman Təhmasib pulu istədi. Mən pulu verməyəcəyimi dedim. Təhmasibə “mən səndən pul almamışam, pulu özü istəsin, özünə verəcəm” cavabını verdim. Buna görə aramızda mübahisə yarandı. Həmin vaxt  5 manat pulu stolun üstünə qoydum və Rəşid özü gələrək pulu götürdü. Təhmasiblə aramızda mahnıya görə klubun içində mübahisə yarandıqdan birlikdə klubun dəhlizinə çıxdıq. Dəhlizdə mübahisə davam edərkən Təhmasib küçəyə çıxaraq heç kəsin olmadığı bir yerdə söhbət etməyi təklif etdi. Təhmasibgilin iki nəfər olduqlarını, məni döyə biləcəklərini fikirləşdim. Bundan qorxaraq bardan meyvə, limon doğramaq üçün saxladığım bıçağı götürərək şalvarımın arxa cibinə qoydum. Təhmasiblə bayıra çıxdım. Lakin Təhmasib tək çıxdı. Heç kimə yanımıza gəlməyə icazə vermədi. Bir qədər klubdan aralandıqdan sonra bıçağı cibimdən çıxararaq Təhmasibin boğaz nahiyəsinə tərəf atdım. Lakin bıçaq məni kəsmədi. Mən sadəcə Təhmasibi qorxutmaq istədim. Təhmasibin məndən aralanaraq getməsini gözlədim. Onu vurmaq kimi bir niyyətim olmayıb. Lakin Təhmasib qaçmadı. Əksinə bıçağı məndən alaraq əlini qaldıraraq həmin bıçaqla mənə bir-iki dəfə zərbə atdı. Təhmasiblə tutaşaraq dayandıq. Təhmasib ikinci dəfə əlini qaldıraraq bu dəfə həmin bıçaqla sinəmə bir dəfə zərbə endirdim. Bıçaq sinəmə batdıqdan sonra Təhmasibə “məni vurdun” sözlərini dedim. Təhmasib qarşımda dayanaraq durdu. Həmin an Təhmasibə bıçağı mənə verməyi və getməyini dedim. Bundan sonra Təhmasib bıçağı m ənə verdi. Amma getmədi. Bilmədiyim kiminsə telefonu ilə zəng etdi və “ambulans, ambulans” deyə qışqırmağa başladı. Ondan sonra Təhmasibi görmədim. Mən ambulansın, yəni təcili yardım maşınının geç gəldiyini görərək qanlı köynəklə taksinin məni aparmayacağını fikirləşdim. Klubun içinə girərək köynəyimi dəyişdim. Tanımadığım taksiyə minərək tək olaraq xəstəxanaya getdim. Hadisədən sonra Təhmasiblə görüşərək danışdım, onunla barışdım”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Təhmasib 3 il 7 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçi tərəfindən apellyasiya şikayəti verilib. O, müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmasını istəyib. 

Bundan başqa dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti verilib. Dövlət itithamçısı təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. 

Şikayətlər araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb. Dövlət itithamçısının protesti təmin edilib. Təqsirləndirilən şəxsin cəzası 5 gün artırılıb. Ona qəti olaraq 3 il 7 ay 15 gün azadlıqdan məhrum etmə cəzası təyin edilib. Demokrat.az

12:28 - 22 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin