Abşeron rayonunda 1988-ci il təvəllüdlü Rahil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Əzizəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 24-də Abşeron rayonunun Hökməli qəsəbəsində baş verib.
Rahil həmin gün gecə saat 4 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Əzizə ilə aralarında şəxsi mobil telefon aparatlarına baxış keçirilməsi ilə bağlı yaranmış fikir ayrılığı səbəbindən ailə daxili münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edib. O, həmin mübahisə əsnasında Əzizənin üzərinə hücum edib və qəsdən əllə onun qulaq, baş, təpiklə isə sol ayaq nahiyələrinə zərbələr vurub.
Hadisəni törədən Rahilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2012-ci ildə Əzizə ilə ailə həyatı qurub, birgə nikahdan üç övladları var: “Hadisə günü, gecə saat 4 radələrində yaşadığım evdə olarkən arvadım Əzizənin mənim mobil telefonumu götürərək yoxlamasını gördüm. Əzizədən də onun mobil telefonunu baxmaq üçün tələb etdim. Əzizə telefonunu mənə verməkdən imtina etdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Əzizənin mənimlə mübahisə edərək sözümə qulaq asmamasından əsəbləşdim. Bir dəfə şillə ilə Əzizənin sol qulaq nahiyəsinə zərbə vurdum. Bundan sonra evdə olan valideynlərim, yəni atam və anam bizi sakitləşdirdi, mübahisəni sonlandırdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, gecə saat 4 radələrində yaşadığı evdə baş vermiş mübahisə zamanı Əzizəyə bir dəfə şillə ilə sol qulaq nahiyəsinə vurub və bir dəfə də öz ayağı ilə onu sol baldır nahiyəsindən yavaşca itələyib: “Əzizə ilə aramızda baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etdi. Həmin vaxt orada bizdən başqa atam, anam olub. Sonradan Əzizə ilə barışmışam. Əməlimdən peşmançılıq çəkirəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əzizənin sözlərinə görə, dəfələrlə əri Rahilin ona xəyanət etməsini öyrənib və bu səbəbdən mütəmadi olaraq aralarında münaqişələr olub: “Hadisə günü gecə saat 4 radələrində yaşadığım evdə olarkən Rahilin mobil telefonunu götürərək yoxladım. Telefonu yerinə qoyarkən Rahil bunu anladı, məndən də öz telefonumu istədi. Mən isə mobil telefonumu Rahilə verməkdən imtina etdim. Aramızda dava yarandı. Həmin dava zamanı Rahil əli ilə bir dəfə sol qulaq nahiyəmə zərbə vurdu və təpiklə də sol ayaq nahiyəmdən vurdu. Həmin vaxtı evdə olan qayınatam və qaynanam bizi ayırdı. Həmin gün gündüz saatlarında sol qulağımda ağrı hiss etdiyi üçün Respublika Klinik Xəstəxanasına müraciət etdim. Xəstəxanadan da polisə məlumat verildi”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirlən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Rahil cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinə xitam verilib.
Demokrat.az