Həbs edilən kriminal avtoritetə polis rəisi dəstək olubmuş

 Həbs edilən kriminal avtoritetə polis rəisi dəstək olubmuş

Şirvanda “Porsche Cayenne” markalı avtomobildən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.

G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib.

Əvvəllər dəfələrlə məhkum olunmuş Gündüz Novruzov Şirvan şəhərindəki “vəziyyət”ə qardaşı Çingiz Novruzovla birgə baxıb. Belə ki, qəsdən adamöldürmə (İran vətəndaşı olan TIR sürücüsünün qətli), narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz silah gəzdirmə və sair cinayətlərdə təqsirləndirilərək məhkum edilmiş Gündüz Novruzov həbsdə olduğu müddət şəhərdə kriminal dairələrə və digər qeyri-qanuni işlərə onun qardaşı Çingiz nəzarət edib. Bir müddət əvvəl isə Çingiz qanunsuz silahdaşımaya görə həbs edilib və Gündüz azadlığa çıxaraq “nəzarət”i öz üzərinə götürüb.

Bildirilir ki, təxminən 10 il əvvəl Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Azər Məmmədov həbs edilərkən onun Novruzov qardaşları ilə əlaqəsi üzə çıxıb. Belə ki, həmin vaxt polis zabiti öz səlahiyyətlərindən sui-istifadə edərək Gündüz və Çingiz Novruzovlara Şirvan şəhərindəki qeyri-qanuni fəaliyyətlərində dəstək verib. Həmin vaxt işdən çıxarılaraq polis sistemindən kənarlaşdırılan bölmə rəisi məhkəmənin hökmü ilə məhkum edilib.


15:05 - 30 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin