20 nömrəli məktəb üçün ayrılan 84 min manat necə mənimsənilib? - TƏFƏRRÜAT

 20 nömrəli məktəb üçün ayrılan 84 min manat necə mənimsənilib? - TƏFƏRRÜAT

Dövlət tərəfindən Ədliyyə Naziriliyi Penitensiar xidmətinin tabeliyindəki 20 nömrəli məktəbə ayrılan 84 min manatı mənimsəmədə təqsirləndirilən Bakı Şəhər Təhsil İdarəsinin keçmiş əməkdaşı Şahin Təhməzovun məhkəmə prosesinin növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hazırda Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində işləyən Aydın Rəhimov şahid qismində ifadə verib.

O, ifadəsində bildirib ki, məktəbdə yoxlama zamanı qüsurlar aşkar edib: 

"Bakı Şəhər Təhsil İdarəsinin Daxili Nəzarət Sektorunun müdiri vəzifəsində işlədiyim dövrdə, 2022-ci ildə həmin cəzaçəkmə müəssisəsində yerləşən məktəbdə yoxlama aparan zaman qüsurlar aşkar etdik. Saxta əmrlər  imzalanmışdı, orda akt tərtib olundu və Elm Və Təhsil Nazirliyinə ünvanlandı. Bizim tərəfdən aşkar olundu ki, həmin 20 nömrəli məktəbdə tədrisə cəlb olunma zəif idi və yaxud ümumiyyətlə yox idi. 

Orda tədris məşğələlərində iştirak edən yox idi. Sinif otaqları siyahı üzrə olan tələbə sayına uyğun deyildi. Tədris alanlarla tanış olmaq istədikdə belə şagirdlər demək olar yox idi.

Müəllimlərin işə gəlib-gəlməmə amilini ehtimal etdik, dəqiq deyə bilmərəm kimlər konkret işə gəlib, ya yox. Orda bəzi işçilərin izahatı alınmışdı. Mənə təqdim olunan Nazirliyin göndərdiyi məktubda işçilərin davamiyyəti yoxdur". 

Təqsirləndirilən şəxsin vəkili Əbili Həsənov şahidə bəzi suallar ünvanlayıb:

Əbili Həsənov: Siz yoxlama aparan zaman həmin texniki işçilərin işə gəlib-gəlməməsi ilə bağlı davamiyyəti yoxladınız?

Aydın Rəhimov: Bəli, biz yoxlama aparan zaman işçilərin işə gəlmə davamiyyəti birmənalı olaraq yoxlanılır və onun əsasında işlərimizi görürük. 

Əbili Həsənov: Siz Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəndə yazmısız ki, Şahin Təhməzov 90 min manat yeyinti edib. Həmçinin yazmısız ki, işçilərin adları tabeldə olsa da, işə gəlməyiblər. Bu sizin şikayət məktubunda yazılıb. Bunu hardan götürmüsüz?

Aydın Rəhimov: Biz ancaq yoxlama əsasında tərtib etdiyimiz aktı əsas götürmüşük. Şikayəti də sənədə əsasən tərtib etmişik. 

Sonra təqsirləndirilən şəxs Şahin Təhməzov o zamanlar rəhbərlik etdiyi məktəbin şəraitinin bərbad olmasını bildirib, işçilərdən danışıb. Həmin 8 nəfər texniki işçi vaxtlı-vaxtında işə gəlib-gediblər.

Növbəti məhkəmə prosesi 23 oktyabr tarixinə təyin edilib.

Xatırladaq ki, ittihama əsasən, Şahin Təhməzov cəzaçəkmə müəssisənin daxilində fəaliyyət göstərən məktəbə bəzi əməkdaşları işə götürüb, ancaq onlar işə gəlməyiblər. O, dövlət tərəfindən məktəbə ayrılan 84 min manatı bir neçə il ərzində mənimsəyib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.

12:54 - 9 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin