Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə - İşin istintaqa qaytarılması tələb olundu

 Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə - İşin istintaqa qaytarılması tələb olundu

Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı məsuliyyətə cəlb edilən direktor Mehriban Abasquliyeva, mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Asayis.Az 
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədova sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş şəxslərin kimliyi müəyyən edilib. Bundan sonra təqsirləndirilən şəxslərin vəkillərin prosesdə iştirak etmələri araşdırılıb.

Həmçinin müəyyən edilib ki, təqsirləndirilən Mehriban Abasquliyevanın hüquqi nümayəndəsi də iclasda iştirak edib. O, uzun illər məhkəmə sistemində hakim postunda çalışmış Çingiz Bəşirovdur. 

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Lalə Ramazanovanın nümayəndəsi Adəm Məmmədov iştirak edib.  Amma zərərçəkmişin özü iclasda iştirak etməyib. 

Adəm Məmmədov bildirib ki, cinayət işi üzrə zərərçəkmiş şəxslə ötən həftənin 5-ci günü müqavilə başlayıb, sonrakı günlər istirahət günlərinə təsadüf edib, buna görə də işlə tanış olmayıb. 

Adəm Məmmədov deyib ki, işlə tanış olandan sonra onun geniş vəsatəti olacaq: "Bu işdə bəzi məsələlər var. İşlə tam tanış olmalıyam. Bu işdə əsas məsələ kənarda qalıb, istintaq başqa yöndə aparılıb. Bu iş ölkə başçısının nəzarətində olub. Buna görə də bu işi tam araşdırma aparılmalıdır".

Adəm Məmmədov başqa şəxslərin də məsuliyyətə cəlb olunmasına işarə edib. Dövlət ittihamçısı Orxan Səmədov isə vəsatətin təmin olunmamasını istəyib. Təqsirləndirlilən şəxslər vəkilləri də vəsatətin təmin olunmasını istəyib. Amma məhkəmə vəsatəti təmin etməyib.

Adəm Məmmədov daha sonra işin obyektiv araşdırılması, başqa şəxslərin də məsuliyyətə cəlb olunması üçün işin ibtidai istintaqa qaytarılmasını istəyib. O bildirib ki, ittiham aktı düzgün tərtib olunmayıb, əsas adamlar işdən kənarda qalıb. Vəkil həmin şəxslərində məsuliyyətə cəlb olunmasını üçün vəsatətin təmin olunması üçün vacibdir. 

Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayev vəsatətlə çıxış edib. O bildirib ki, iş tam həcmdə araşdırılaraq məhkəməyə göndərilməyib. Onun sözlərinə görə, cinayət işi üzrə sənədlərin əsli yoxx sürətləri işə əlavə olaraq məhkəməyə göndəriblər. Vəkil deyib kix buda ciddi qanun pozuntudur. O, işin ibtidai istintaqa qaytarılması, Baş Prokurorluğun istintaq idarəsinin prokuroru Ağakişi Acalovun barəsində xüsusi qərardad çıxarılmasını istəyib.

Dövlət ittihamçısı bildirib ki, burada dövlət qurumunun adından yanlış məlumat verilir, məhkəmə bu məsələyə münasibət bildirməlidir. O bildirib ki, hazırkı mərhələdə vəsatət təmin olunmalıdır, iş məhkəmə baxışına verilməlidir. 

Mehriban Abbasquliyevanın digər vəkili Əlövsət Abbasov bildirib ki, iş üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb. Vəkil Elçin Nəcəfov, Vaqif Hacıyev, Aynurə Əhmədova və Gülbahar Zülfüqarovun zərərçəkmiş qismində statuslarına xitam verilməsini istəyib.

Vəkil Adəm Məmmədov deyib ki, hadisə vaxtı evində olan şəxslər məsuliyyətə cəlb olunub, amma iş başında olan, hadisəyə məsuliyyət daşıyan şəxslər zərərçəkmiş qismində tanınıblar. 

Məsələyə münasibət bildirən zərərçəkmiş Gülbahar Zülfüqarova bildirib ki, o, işdə zərərçəkmiş qismində tanınmaq istəmir. Onun sözlərinə görə, o hadisədən sonra oradan çıxıb gedib. 

Daha sonra çıxış edən Elnur Əhmədlinin vəkili Fərid Həsənov da qeyd edib ki, müvəkkilin adından sənədlərə imza edilib, bu da qanun pozuntusudur. Vəkil deyib ki, müvəkkilin işdə olan sənədlərdə adından imza edilib, imzaları saxtalaşdırılıb. Onun sözlərinə görə, müvəkkilin adında imza olunan sənədlərin içdən xaric olunmasını istəyib.

Daha sonra hakimlər heyəti hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər heyəti hazırlıq iclasının qərarını açıqlayıb. 

Qərara görə, vəkilləri vəsatətləri hazırkı mərhələdə baxılmamış saxlanılıb. İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Məhkəmə baxışı oktyabrın 21-ə təyin olunub.

Qeyd edək ki, bu ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

10:48 - 8 Oktyabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin