Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müəllimlər günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsi ilə bağlı xəbərdarlıq edib. Qeyd olunub ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Murad Demokrat.az-a açıqlamasında deyib ki, müəllimləri təbrik etməyi ənənə halına gətirib, valideyn qarşısında məcburiyyət kimi qoymaq düzgün deyil:
“Valideyn də övladının pis vəziyyətdə qalmaması üçün dişindən, dırnağından kəsib verir ki, uşağı digərlərindən seçilməsin. Bu, məktəb kollektivinə yaraşmayan hərəkətdir və mənfi haldır.
Bir çox məktəblərdə bu hal davam edir, təəssüf ki. Məsələnin digər tərəfi də var ki, valideynin könlündən övladına dərs deyən müəllimini təbrik etmək keçir. Kiçik bir hədiyyə ilə müəllimə minnətdarlıq hissini ifadə edir, ürəyi istəyən bunu etsin. Düzdür, mən bunun da əleyhinəyəm, pedaqoji ixtisası bitirən şəxs müəllim olmağa hazırlaşır zatən. Düşünürəm ki, məktəb rəhbərliyinin üzərinə bu məsələdə böyük iş düşür. Məktəblərdə pul yığılması illərin aktual problemidir. Bəzən məktəblərdə təmir adı ilə və ya başqa səbəblərdən pul yığırlar.
Direktor müəllimlərdən pul vermələrini gözləyir, müəllim də ya öz cibindən, ya da məcbur qalıb valideynlərdən pul yığmalı olur. Bu məsələlər nazirliyin diqqətində olmalıdır. Araşdırılmalıdır ki, hansı məktəbdə proses necə baş verir və buna uyğun tədbirlər görülməlidir. Hər hadisəyə eyni aspektdən yanaşmaq düzgün deyil, situasiyalar fərqli ola bilər”.