Sumqayıt şəhərində 1969-cu il təvəllüdlü İslam ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Tahirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, 12 mikrorayonda baş verib. İslam həmin ünvanda binanın zirzəmisində Tahirə ilə arasında qısqanclıq zəminində mübahisə baş verib. Mübahisə zamanı İslam Tahirəyə
xəsarətlər yetirib.
Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, keçmiş həyat yoldaşı Tahirə ilə aralarında yaranmış mübahisə zamanı onu təhqir etdiyindən yumruqla onu vurub. O, ifadəsində keçmiş arvadını döydüyü üçün əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Tahirənin sözlərinə görə, İslam ilə ailəli olub, 2006-cı ildə boşanıblar, onunla əlaqəsi yoxdur: “Hadisə günü İslam ilə aramızda yaranmış mübahisə zamanı saçımdan tutaraq yumruq vurdu. Hazırda onunla barışmışam, ona qarşı şikayətim və tələbim yoxdur”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən İslamın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.