Xızıda 29 yaşlı oğlan onunla zarafat edən uşaqlıq dostunu bıçaqladı - TƏFƏRRÜAT

 Xızıda 29 yaşlı oğlan onunla zarafat edən uşaqlıq dostunu bıçaqladı - TƏFƏRRÜAT

Xızı rayonunda 1995-ci il təvəllüdlü Zaur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Qoşqara xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə 13 may 2022-ci ildə Xızı rayonu Sitalçay kəndi ərazisində baş verib. Zaur kənddən keçən dəmir yol xəttinin yaxınlığında həmkəndlisi Qoşqarın ona qarşı nalayiq söyüşlər söyməsi səbəbindən şəxsi münasibətlər zəminində tərəflər arasında yaranmış mübahisə zamanı  üzərində gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub. 

Hadisəni törədən Zaurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xızı rayonu, Sitalçay kəndində anası ilə birlikdə yaşayır: “Subaydam, rəsmi olaraq heç bir yerdə işləmirəm. Dolanmaq üçün yaşadığım Sitalçay kəndində açıq ərazidən istifadə olunmayan dəmir parçaları toplayaraq Sumqayıt şəhərində sataraq əldə pul edirəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2013-cü ildə hərbi qulluqda olarkən baş nahiyəsindən travma alıb: “Başımdan travma aldığım üçün 8 ay xidmət etdikdən sonra tərxis olundum və yararsız hərbi bilet aldım. Başımdan aldığım travma ilə əlaqədar Respublika Psixiatriya Xəstəxanasında 6 ay müalicə almışam. Bu səbəbdən əsəbi olarkən evdə və ətrafda olan əşyaları sındırıram”. 

Zaur deyib ki, 14 may 2022-ci ildə, saat 20 radələrində Xızı rayon Sitalçay kəndi ərazisində dəmir yol xəttinin ətrafında gəzib və dəmir parçaları toplayarkən həmin vaxt uzun müddət tanıdığı, onunla bir kənddə yaşayan həmkəndlisi Qoşqar ona yaxınlaşaraq yanında oturub: “Həmin vaxt kənardan "kahanın" yandığını gördüm və Qoşqara "kaha yanır kaha yanır" söylədim. Qoqar isə həmin vaxt gülərək danışığıma lağ etdi. Məni ələ salaraq "kaha yanır, kaha yanır" deyerək dediyi sözü təkrarladı, mənə lağ etdi. Həmin vaxt Qoşqara bir söz demədim. Qoşqar özünə məxsus heyvanları otlaq ərazidən evinə qaytarmaq üçün yanımdan duraraq getdi. Mən həmin ərazidə dəmir parçaları toplamağa davam etdim”. 
Təqsirləndirilən şəxs deyib ki, bir qədər sonra dayısı oğlu İsmayılın işdən gəldiyini görüb və topladığı dəmir parçalarını yaşadığı evə aparmasında köməklik göstərməsini xahiş edib: “Təxminən saat 21 radələrində Zaur həmin yerdən qayıdaraq keçərkən kənardan mənə yenidən "kaha yanır, kaha yanır" deyerək yenidən lağ etdi. Həmin vaxt Qoşqara danışığını bilməsini və mənə lağ etməməsini bildirdim. Lakin Qoşqar yaxınlaşaraq əl-qol atdı. Mən üzümü kənara çəkdiyim üçün Qoşqarın atdığı yumruq mənə dəymədi. Sonra əsəbləşərək Qoşqara yumruq atdım. Lakin mənim də yumruğum ona dəymədi Aramızda yaranan mübahisə zamanı mən və Qoşqar bir-birimizin yaxamızdan tutaraq yerə yıxıldıq. Daha sonra Qoşqar boğazımdan yapışaraq məni boğmağa çalışdı. Qoşqarın əlindən çıxdım. Sonra Qoşqar məndən təxminən 10-15 metr kənarlaşdıqdan sonara anama və var-yoxuma söyməyə başladı. Həmin vaxt əsəbləşərək ona nə demək istədiyini dedim, ona yaxınlaşaraq özümdə olan bıçaqla onun sol böyrünə bir dəfə bıçaqla zərbə vurdum. Həmin vaxt Qoşqar yenidən boynumdan tutanda əlimdə olan bıçaqla onun sol buduna bir dəfə zərbə endirdim. Qoşqar boynumdan qolunu çəkdi və təxminən 6-7 metr uzaqlaşaraq yerdən daş parçasını mənə atdı. Lakin həmin vaxt Zaur əyildiyim üçün daş mənə dəymədi”. 
Zaur deyib ki, daha sonra yenidən Qoşqara yaxınlaşıb və bədəninin müxtəlif hissələrinə bıçaqla zərbələr endirib: “Əsəbi olduğum üçün konkret olaraq hansı nahiyələrinə zərbə endirməyimi xatırlamamışam. Həmçinin, dayım oğlu İsmayıl bizi ayırmağa çalışdı. Fiziki cəhətdən zəif olduğuna görə bizi ayıra bilmədi. Həmin vaxt İsmayıl mənə ucadan Qoşqarı vurmamağı və öləcəyini bildirdi. Bu sözdən sonra İsmayılla birlikdə oradan uzaqlaşdı. Oradan uzaqlaşarkən qonşum Telmanın Qoşqara yaxınlaşdığını gördüm və yoluma davam etdim”. 

Zaurun ifadəsinə görə, ertəsi gün səhər yuxudan ayılarkən anası ona yaxınlaşaraq ayağa durmasını və qonşunun oğlunu bıçaqladığını bildirib: “Həmin an anamın yaşlı olmasını fikirləşərək ona heç kəsi bıçaqlamadığımı bildirdim və dərman almaq üçün Sumqayıt şəhərinə getdim. Sumqayıt şəhərindən qardaşım Xaliqin evinə gedərək ona həmkəndlimiz Qoşqarı gecə bıçaqla vurduğumu, məni polis şöbəsinə aparmasını, könüllü olaraq Qoşqarı bıçaqladığımı etiraf edəcəyimi bildirdim. Sonra qardaşım Xaliqlə birlikdə Xızı Rayon Polis Şöbəsinə gələrək Qoşqarı bıçaqladığımı etiraf etdim və bıçağı könüllü olaraq təhvil verdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Qoşqarın sözlərinə görə, hər gün saat 20 radələrində örüş sahəsindən qayıdan iri buynuzlu heyvanları həyətə salır: “13 may 2022-ci ildə, saat 20 radələrində heyvanlarım üçün küçəyə çıxdım. Həmin vaxt bir baş iri buynuzlu heyvanın örüş sahəsindən qayıtmadığını gördüm. Heyvanı axtarmaq üçün Sitalçay kəndi ərazisindən keçən dəmir yol xətti istiqamətində hərəkət etdim. Dəmir yol xəttinin kənarında həmkəndlim Zaurun və onun dayısı oğlu İsmayılın dəmir parçaları topladığını görərək ucadan səsləndim, Zaurdan mənə məxsus heyvanı görüb-görmədiyini soruşdum. Həmin vaxt Zaur ucadan heyvanın yol kənarına getdiyini bildirdi. Sonra Zaur ucadan qışqıraraq "kahı yanır, kahı yanır" dedi. Zaurla uşaqlıq vaxtlarından aramızda zarafat olduğu üçün on n dediyi sözləri təkrarladım, gülərək onunla zarafat etdim. Həmin vaxt Zaur da mənə qarşı zarafat etdi. Lakin həmin zarafat mənə xoş gəlmədiyi üçün Zaurdan bir daha zarafat etməməsini bildirdim. Bu zaman Zaur nalayiq söyüşlər söyərək üzərimə gəldi. Həmin vaxt qolum ilə Zaurun boynundan tutdum, ona söyüş söyməməsini bildirdim. Zaur əli ilə qolumu boynundan çəkdi və yumruq atdı. Mən də Zaura yumruq atdım. Biz yumruq zərbələrindən yayına bildiyimizə görə heç birimizə zərbə dəymədi. Həmin vaxt İsmayıl mübahisəyə müdaxilə etmək istəyərək bizə mübahisə etməməyi söylədi. Sonra Zaurdan təxminən 10 metr kənarlaşdım. Zaurun yenidən əsəbi halda üzərimə gələrək əli ilə sol böyrümə və ayaq nahiyələrimə vurmağa başladı. Mən ayağımda istilik hiss etdim. Təxminən 8-9 metr geriyə çəkildim. Zaur bir daha mənə yaxınlaşaraq bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdi. Daha sonra Zaur İsmayıl və Telmanın köməyi ilə oradan uzaqlaşdırıldı”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Zaur həmin məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.3-cü maddələri tətbiq edilməklə Zaurun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilib. O, məcburi qaydada müalicə edilməsi qərara alınıb. Məcburi müalicə ilə bağlı hissədə hökmün icrası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

Zaurun barəsində seçilmiş həbs qətimkan tədbiri qərar ləğv edilib, onun barəsində xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri seçilib. 

Demokrat.az

11:51 - 13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin