Ağstafada bədbəxt hadisə baş verib. Hadisə rayonun Qırılı kəndində qeydə alınıb. Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Asayis.Az bildirir ki, dünyasını dəyişmiş şəxslərlə bağlı Moderator.az -a ətraflı məlumatlar daxil olub. Belə ki, mərhum cütlüyün 1 ay əvvəl nəvəsi də dünyasını dəyişib.
"1 ay əvvəl 2 yaş yarımlıq nəvələri Gülxar İsmayılzadə dünyasını dəyişdi. Ailə bu ağır itkidən böyük ruh düşkünlüyü keçirdi. Həkimlər deyirdilər ki, uşaq qıcolmadan rəhmətə gedib. Amma uşağa ilkin tibbi yardımı həkim yox, tibb məntəqəsinin xadiməsi göstərib. Heç uşağın ölümündən 1 ay keçmədi ki, özləri belə faciə ilə üzləşdilər" deyə mənbə bildirib.
Mənbə onu da bildirir ki, ailə uzun illər Bakıda kirayədə yaşayıb.
"Hadisə dünən səhər baş verib. Onlar 3 ilə yaxın idi ki, Bakıdan Ağstafaya köçüblər. 3 ilə qədər Bakıda kirayədə qalırdılar. Yoldaşı da işləyirdi, özü də. Ev düzəldirdilər. Əllərinə düşəni də evin üstünə qoyurdular. O ev də onlara qismət olmadı. O qədər arzuları var idi.. Xanım əslən Qazaxın Daşsalahlı kəndindəndir, Ağstafanın Qırlı kəndinə gəlin köçüb. 2 övladı var. Valideynlərinin qəfil ölümü övladlarını şoka salıb" deyə mərhumu tanıyan şəxs deyib.