Bakının Xəzər rayonunda 1991-ci il təvəllüdlü Ayaz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Samirə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə 20 oktyabr 2022-ci ildə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda baş verib. Ayaz orada fəaliyyət göstərən “N” adı ilə fəaliyyət göstərən ərzaq mağazasının yan tərəfində Samiri nalayiq sözlərlə təhqir edib, ondan arvadı Sənəmin orada olmasını bəhanə kimi gətirərək mübahisə edib. Üzərində gəzdirdiyi bıçaqla Samirə bir dəfə zərbə vurub.
Hadisəni törədən Ayazın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxoz, nömrəsiz fərdi yaşayış evində arvadı və iki azyaşlı uşağı ilə birgə yaşayıb: “Mən arvadım Sənəm ilə 2012-ci ildə ailə həyatı qurmuşam. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar münasibətlərmizdə soyuqluq yaranıb. Hətta arvadım bir neçə dəfə səbəbsiz evdən gedib. İş yoldaşlarının vasitəsi ilə onu taparaq evə qaytara bilmişəm. Arvadım əvvəllər istixanada, sonuncu dəfə isə Binə qəsəbəsində yerləşən “OBA” marketdə satıcı kimi işləyib. Arvadımın soyuq davranışını hiss edəndən sonra ondan şübhələnməyə başladım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 27 sentyabr 2022-ci ildə arvadı Sənəmin cibində iki ədəd mobil telefon olmasını görüb: “Sənəmdən ikinci telefonu işlətməsinin səbəbini soruşdum. Sənəm isə telefonun ona deyil, rəfiqəsinə məxsus olduğunu bildirdi. Buna baxmayaraq arvadımın əlindən həmin ikinci mobil telefonu tutaraq aldım. Həmin mobil telefon kodlaşdırılmış olduğu üçün aça bilmədiyimdən Sənəmdən kodu istədim. Lakin Sənəm kodu demədi. Bundan sonra həmin mobil telefonun üzərində olan sim nömrəsini çıxardaraq gələn zənglər barədə məlumatlı olmam üçün özümə məxsus mobil telefona qoydum. Həmin gün axşam zəng gəldi. Mən zəngə cavab verdim və zəng edən şəxsin kişi cinsində olan şəxs olduğunu öyrəndim. Zəng edənə cavab verdikdə sonuncu mobil telefonu söndürdü. Mən bu barədə arvadımdan soruşdum. Arvadım məni yayındırmaq üçün rəfiqəsinin tanışı olduğunu desə də, bu cavabına inanmadım. Sonradan isə arvadım özü ikinci mobil telefonu 8-9 ay qabaqdan işlətdiyini etiraf etdi. Bu sözdən sonra arvadım evdən qaçaraq getdi. Yalnız bir neçə gün sonra arvadımı taparaq evə qaytara bildim”.
Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, arvadı Sənəm evdən qaçaraq gedəndə oğlu Namiq ona anasının başqa kişilərlə mobil telefonla danışdığını deyib və anasını geri gətirməməsini xahiş edib: “Hətta oğlum Namiqin deməsinə görə anasının mobil telefonunda lüt, açıq-saçıq qadın, kişi şəkillərini görüb. Buna görə Sənəmə gördükləri barədə danışmamaları üçün uşaqları qorxutdum. Oğlum anasının Həsən və Yasin adlı şəxslərlə mobil telefonla danışdığını da dedi. Mən başqa Yasin adlı şəxs tanımadığımdan, şübhələrim yalnız Binə qəsəbəsində yerləşən “N” marketdə müdir vəzifəsində işləyən Yasin adlı şəxsin üzərində dayandı. Sənəm də marketdə işləyib və bildiyimə görə sonralar bir-birini tanıyıblar”.
Təqsirləndirilən şəxs bildirib ki, Sənəm evdən getdiyi üçün onu tapmaqdan ötəri oktyabrın 20-də, saat 19:40-da Hövsan südçülük sovxozunda yerləşən “N” marketə gedib: “Ora gedərkən Yasin adlı şəxslə mübahisəm ola biləcəyini fikirləşdim. Belə bir vəziyyət yarana biləcəyi təqdirdə özümü müdafiə edə bilməm üçün evdə olan bir ədəd mətbəx bıçağını özüm ilə götürdüm və görünməməsi üçün gödəkçəmin qolunda gizlətdim. Marketdə Yasin adlı müdiri tapdım və ondan arvadım Sənəmin necə bir qadın kimi tanımasını soruşdum. Yasin isə cavabında arvadımın yalnız bir işçi kimi tanıdığını dedi. Yasinlə marketin girəcəyində, içəridə söhbət edərkən qolumdakı bıçaq ehtiyatsızlıqdan yerə düşdü. Mən yerdən həmin bıçağı götürərək təkrarən qoluma qoydum. Bundan sonra ortaya kişi söyüşü qoydum, arvadımı necə tanıyırsa, mənə düzünü deməsini, arvadım ilə yaxın münasibəti olduğu təqdirdə etiraf etməsini tələb etdim. Bundan sonra biz bayıra çıxdıq. Bayırda Yasinlə söhbət edərkən həmin yerə ayrı-ayrılıqda 4 nəfər tanımadığım şəxslər gəldi və məni dairəyə aldılar. Həmin şəxsləri ora Yasinin çağırdığını bildim. Həmin vaxt sonra gələnlərdən biri, iş üzrə zərərçəkmiş Samir mənə “sən kimsən, bura gəlib söhbət edirsən?” kimi bir ifadə işlətdi. Mənimlə əl-qol hərəkəti ilə danışmağa başladı. Mən həmin vaxt özümü qorumaq üçün sol qolumda gödəkçəmin altında gizlətdiyim bıçağı çıxardım və Samirin qarın nahiyyəsindən 1 dəfə vurdum. Həmin vaxt Yasin Samiri tutdu, digər şəxslərin isə mənim üzərimə gəldiyini gördüyüm üçün oradan qaçdım. Elə həmin gün hadisə barədə anama məlumat verdim və Bərdə rayonuna getdim”.
Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərib ki, hadisə yerində o, ilk olaraq Yasinlə söhbət edib, digərlərini isə tanımayıb: “Bildiyimə görə onlar “N” marketin işçiləri olublar. Mən arvadım ilə Yasinin telefonla və ya üzbəüz danışdığını, görüşmələrini görməmişəm. Həsən adlı şəxsin isə kimliyini ümumiyyətlə müəyyənləşdirə bilməmişəm. Hadisə vaxtı niyyətim Samiri bıçaqla vurmaq olmayıb. Hadisə yerində Samir mənimlə əl-qol hərəkətləri ilə kobud danışarkən Yasinin ora çağırdığı həmin şəxslərin məni döyəcəklərini fikirləşdim və özümü müdafiə etmək üçün bıçaqla Samiri vurmuşam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirin sözlərinə görə, hadisə ərəfəsində Binə qəsəbəsində yerləşən 29 saylı “N” marketdə filial müdiri vəzifəsində işləyib: “Təqsirləndirilən şəxs Ayazı tanımamışam, onunla hər hansı münasibətdə olmamışam. Lakin onun həyat yoldaşı Sənəmi tanımışam. Sənəm hadisədən əvvəl mənim işlədiyim marketdə satıcı kimi işləyib. Lakin sonra işdən çıxıb”.
Zərərçəkmiş qeyd edib ki, 20 oktyabr 2022-ci ildə digər marketin filialının müdiri Yasinlə mobil telefonla danışan zaman telefonda onun yanında olan, səsini tanımadığı başqa birinin yüksək səslə, eyni söyüşlə danışdığını eşidib: “Danışığımı qurtardıqdan sonra Yasinin həmin vəzifədə yeni işçi olmasını bildiyim üçün hər hansı problem ola biləcəyini düşündüm və hər ehtimala qarşı onun yanına getdim. Marketlər arasında məsafələr çox qısa olduğundan 41 saylı filialın yerləşdiyi yerə tez çatdım. Orada Ayazın narahatçılığını hiss etdim. Maraqlandıqda Ayazın arvadı Sənəmin harda olması ilə maraqlandığını, mənimlə Yasin mobil telefonla danışarkən yüksək səslə söyüş söyən şəxsin Ayaz olduğunu öyrəndim. Yasin və mən Ayaza arvadının harada olmasından məlumatsız olduğumuzu bildirdik. Mən həmçinin Sənəmi tanıdığımı, lakin onunla hər hansı münasibətimin olmadığını dedim. Həmin ərəfədə mənim tanışlarım, eləcə də “N” marketin işçiləri ora gəldi. Lakin heç nəyə müdaxilə etmədilər. Bundan sonra Ayaz mənimlə söyüşlə danışmaq istəyərkən ondan söyüş söyməməsini tələb etdim. Buna baxmayaraq Ayaz söyüş söyməkdə davam etdi. Mən söyüşlərə görə Ayazın üzərinə getmək istəyərkən əlində olan bıçaqla qarın nahiyyəmdən bir dəfə zərbə ilə vurdu. Mən həmin "moment"də Ayazın bıçağı haradan çıxardığını görməmişəm və buna imkanım olmayıb. Ayaz məni bıçaqla vurduqdan sonra hadisə yerindən qaçaraq getdi. Sonra isə hadisə yerinə gələn qardaşım məni xəstəxanaya apardı. Mən xəstəxanada əməliyyat oldum”.
İş üzrə şahid qismində ifadə verən Sənəmin sözlərinə görə, təqsirləndirilən Ayaz həyat yoldaşıdır, onunla 2012-ci ildə ailə həyatı qurub və birgə nigahdan onların iki azyaşlı uşaqları var: “Ailə həyatı qurduğumuz vaxtdan sonra əvvəlcə münasibətlərimiz yaxşı olub. Baxılan iş üzrə zərər çəkmiş Samiri tanımışam. Samir mənim müdirim olub. Mən bir il müddətində Samirin müdir olduğu marketdə satıcı kassir işləmişəm. Samirlə mənim münasibətim yalnız müdir-işçi münasibəti olub”.
Sənəm ifadəsinin davamında göstərib ki, mağazada işlədiyi üçün əri Ayaz onu qısqanıb, səbəb isə onun iş rejimi ilə əlaqədar evə gec gəlməsi olub: “Ayazın qısqanclığı səbəbindən evdən tez-tez küsüb getmişəm və rəfiqələrimgildə qalmışam. 8 oktyabr 2022-ci ildə ərim məni yenə də qısqandığı üçün ondan küsdüm və evdən gedərək Binə qəsəbəsində başqa kirayə ev tutdum, orada tək yaşadım. Həmin evin yerini ərimə bildirmədim. Həmin müddətdə uşaqlarım ərimlə qaldılar. Oktyabrın 20-də mənə belə məlum oldu ki, ərim Ayaz mənim müdirim Samir ilə yaxın münasibətim olmasından şübhələnib və məni axtarmaq üçün onun əvvəllər işlədiyim marketə gedib, orada onlardan məni soruşanda mübahisə olub, ərim Samiri bıçaqla vurub. Mənim Samirlə, eləcə də başqaları ilə yaxın, kişi-qadın əlaqəm və ya münasibətim olmayıb. Mən ərimə xəyanət etməmişəm. Ərim Ayaz Samiri qısqanclıq zəminində bıçaqla vurub”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaz 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Apellyasiya şikayətində onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunmasını, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, məhkumun şəxsiyyətinə uyğun ədalətli cəza təyin olunmasını xahiş edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb. Bu qərardan narazı qalan müdfafiəçi eyni xahişlə kasasiya şikayəti verib. Ali Məhkəmədə kasasiya şikayətini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti təmin edilib.
Ayazın əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilib. Onun cəzası 4 ilə qədər azaldılıb.
Demokrat.az