Cəlilabadda sərxoş kişi qonşu qadına söz atdı, ərini bıçaqladı - TƏFƏRRÜAT

 Cəlilabadda sərxoş kişi qonşu qadına söz atdı, ərini bıçaqladı - TƏFƏRRÜAT

Cəlilabad rayonunda 1990-cı il təvəllüdlü Elbrus şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Elvinə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin iyulun 3-də Cəlilabad rayonunun kəndində baş verib. 

Elbrus həmin gün, gecə saat 2 radələrində kəndinin mərkəzindən keçən asfalt örtüklü avtomobil yolunun kənarında həmkəndlisi Elvinə sağ qol nahiyəsinə iki dəfə zərbə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə zamanı Elbrus təxminən 5 dəqiqə ərzində ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaradıb, bununla da, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törədib. 

Hadisəni törədən Elbrusun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbrus ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O bildirib ki, Seymur və Elvini əvvəllər tanımayıb: 

“Onlar mənim həmkəndlilərimdir, onlarla heç bir ədavət və düşmənçiliyim olmayıb. Hadisədən əvvəl spirtli içki qəbul etmişəm, sərxoş vəziyyətdə olmuşam və evimdə yatmağa hazırlaşmışam. Gecə saat təxminən 2 radələrində həyətdən məni kiminsə çağırdığını eşitdim. Buna görə həyətə çıxdım. Məni çağıranın Seymur olduğunu gördüm. Seymurdan nə istədiyini soruşdum. Seymur da mənimlə 5 dəqiqəlik işi olduğunu dedi. Seymura çöldə gözləməsini deyərək evə keçdim. 

Paltarlarımı geyindim, daha sonra evdən həyətə düşərək küçəyə doğru getdim. Küçədə Seymur, Seymurun qardaşı Elvin və öz qardaşım Əvəzin söhbət etdiyini gördüm. Onlarla görüşdüm, onlardan məni nə üçün çağırdıqlarını soruşdum. Seymur və Elvin axşam saatlarında içkili vəziyyətdə onların evinin yaxınlığına getdiyimi, ailə üzvlərini narahat etdiyimi bildirdi. Onlara bunun yalan olduğunu, onların evinin yaxınlığına getmədiyimi və ailə üzvlərini narahat etmədiyimi dedim. Daha sonra Elvinə dedim ki, onların evinə gedək, ailə üzvləri onların evinin yaxınlığına gedib, onları narahat etməyimi üzümə desinlər. Biz razılaşdıq, birlikdə onların evinə doğru təxminən 50 metr yol getdik”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Elvin ilə aralarında mübahisə yaranıb, Elvin ona yumruq atıb: 

“Buna görə mən də Elvinə yumruq atdım və əlbəyaxa olduq. Sonra Elvin və qardaşı Seymur məndən uzaqlaşaraq evlərinə doğru getdilər. Mən evdən küçəyə çıxan zaman evdən bıçaq götürməmişəm və mənim üzərimdə bıçaq olmayıb. Elvini bıçaqla vurmamışam, ona  xəsarət yetirməmişəm. Elvinlə dalaşdığımız zaman yerdən şifer parçası götürərək onu vurmuş ola bilərəm. Elvin həmin vaxt divarda olan dəmir parçasına dəyərək xəsarət ala biləcəyini də düşünürəm. Bu səbəbdən özümü təqsirli bilmirəm. Bununla belə baş vermiş hadisəyə görə peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elvinin sözlərinə görə, Elbrusu əvvəllər tanıyıb, onun həmkəndlisidir, onunla aralarında heç bir ədavət və düşmənçilik olmayıb: 

“Məlum hadisə günü, axşam saatlarında əkin sahəsində işlədiyimiz zaman qardaşım Seymur yanıma gələrək dedi ki, arvadı Səlimə ona zəng edib, Elbrus sərxoş vəziyyətdə onların evlərinin yaxınlığına gələrək ucadan nalayiq söyüşlər söydüyünü, onları narahat etdiyini bildirdi. Qardaşım ilə qərara gəldik ki, kəndə gedib məsələni aydınlaşdıraq”. 

Zərərçəkmiş qeyd edib ki, iyulun 3-də, saat təxminən 2 radələrində evlərinə gediblər, orada qardaşı Seymur arvadı Səlimədən nə baş verdiyini maraqlanıb: 

“Səlimə dedi ki, Elbrus sərxoş vəziyyətdə onların evinin yaxınlığına gələrək səs-küy salıb, ucadan nalayiq söyüşlər söyüb. Biz də Elbrusun bu hərəkətindən qorxduq. Daha sonra qardaşım Seymur ilə qərara gəldik ki, Elbrusun evinə gedərək onu tapıb, nə üçün belə etdiyini soruşaq. Seymur ilə Elbrusun yaşadığı evə doğru getdik. Mən küçədə gözlədim, Seymur isə Elbrusun yaşadığı evin həyətinə daxil oldu, onu çağırdı. Daha sonra qardaşım küçəyə çıxaraq yanıma gəldi. Seymurdan sonra Elbrusun qardaşı Əvəz küçəyə çıxdı. Əvəz Elbrusun içkili olduğunu deyərək onlardan getməyimizi istədi. Mən isə Əvəzə dedim ki, narahat olmasın”. 

Zərərçəkmiş qeyd edib ki, bir müddət sonra Elbrus həyətdən çıxıb və onların yanına gəlib: 

“Bizimlə görüşdü, nə istədiyimizi soruşdu. Mən və qardaşım Elbrusdan nə üçün sərxoş vəziyyətdə evimizin yaxınlığına gələrək, orada söyüş söydüyünü, ailə üzvlərimizi narahat etməsini soruşdu. Elbrus belə bir şey olmadığını dedi, bizim dediklərimizi təkzib etdi. Elbrusa dedim ki, bizim evə getsin, orada ailə üzvlərimin üzünə desinlər ki, onları narahat etməyib. Elbrus mənimlə razılaşdı. Biz evimizə doğru getməyə başladı. Kəndin mərkəzindən keçən asfalt yol ilə təxminən 50 metr getdikdən sonra bir anda Elbrus dayandı. Əlini əynində olan şalvarın arxa cibinə apararaq oradan kiçik məişət bıçağı çıxardı üzərimə gəlməyə başladı. Bundan qorxaraq bıçağı Elbrusun əlindən almaq istədim. Lakin ala bilmədim”.

Zərərçəkmişin ifadəsinə görə, bu zaman Elbrus ona doğru bıçaqla bir neçə dəfə zərbə atıb, həmin zərbələrdən ikisi onun sağ qol nahiyəsinə dəyib: 

“Biz Elbrusun bu hərəkətlərindən qorxduq və evimizə doğru qaçmağa başladı. Evə gəldikdən sonra qardaşım Seymur Daxili İşlər Nazirliyinin 102 Xidməti zəng mərkəzinə zəng edərək bu barədə məlumat verdi. Daha sonra birlikdə tibbi yardım almaqdan ötrü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına getdik. Orada mənə tibbi yardım göstərdilər, daha sonra evə buraxdılar”. 

Bu cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elbrus 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 20 mart 2024-cü il tarixdən hesablanması müəyyən edilib. 
Demokrat.az

16:16 - 28 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin