Abşeron rayonu, Xırdalan şəhərində 2003-cü il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı İlqara (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə 14 iyun 2023-cü ildə, saat 15 radələrində Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkda baş verib.
Elşən istirahət edən zaman onun parkda bir neçə qızla gəzməsinə İlqara etiraz etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu cəzalandırmaq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla qəsdən onun sol qolundan bir dəfə vurub.
Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xırdalan şəhəri, H.Əliyev parkında gəzdiyi zaman üç nəfər tanımadığı şəxs ona yaxınlaşaraq kənara çəkib və “sən burada nə gəzirsən?, səni burada öldürərik, bu parkdan çıx get” deyiblər: “Bu səbəbdən aramızda mübahisə başladı. Onlar məni döyməyə başlayan zaman üzərimdə gəzdirdiyim bıçağı çıxardım və onlara hədə qorxu gəldim. Bundan sonra onlardan İlqar adlı şəxs üstümə bıçaq çəkdi. İlqarın məni vurmaq istəməsini gördüm və bıçaqla onun qoluna xəsarət yetirdim. Bu hərəkətimi bilmədən etmişəm”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə vaxtı istifadə etdiyi bıçaq iş bıçağı olub: “Hadisədən sonra bıçaq elə hadisə yerində qaldı. Hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Daxili İşlər Nazirliyinin 102-i xidmətinə bu barədə məlumat verdikdən sonra polis əməkdaşları məni tutdular. Polis əməkdaşları mənim polisə zəng etməyimdən qabaq yaxınlaşdılar”.
Elşən qeyd edib ki, hadisə baş verən günü Xırdalan şəhərində yerləşən H.Əliyev parkına bayram günü ilə əlaqədar gedib: “Tanışı olan qızlarla parkda gəzdim. Bu vaxtı iş üzrə zərər çəkmiş İlqar mənə yaxınlaşaraq, “sən burada nə edirsən?”, “burada qızlarla gəzmək olmaz, çıx get” dedi. Mənimlə birlikdə olan qızlar hadisənin şahidləri olublar. İlqargil əvvəlcə məni döydü, daha sonra aramızda mübahisə yaranmağa başladı. Üzərimdə olan bıçağı ona çəkməklə özümü müdafiə etdim. Mənim hadisə vaxtı başqa məqsədim, niyyətim olmayıb. İlqargilin məni döymələri nəticəsində bədənimdə xəsarətlər yarandı. Hətta bunu ekspertizanın rəyi də sübut etdim. Mənim bədənimdə İlqarın vurması nəticəsində bıçaq izləri də olub. İlqarın da üzərində bıçaq olub”.
İş üzrə zərərçəkmiş İlqarın sözlərinə görə, hadisə günü Elşən bir neçə qızla, o isə dostları ilə parkda olub: “Daha sonra Elşənlə aramızda dava yaranmağa başladı. Birinci Elşən mənə yumruq atdı. Təxmini olaraq 10 dəqiqə keçdikdən sonra Elşən bıçaqla üzərimə gəlməyə başladı. Mən də Elşənə yumruqla zərbələr endirdim. Sonra isə Elşən əlindəki bıçaqla qoluma xəsarət yetirdi”.
Zərərçəkmiş şəxs qeyd edib ki, Elşənlə mübahisəsi bir dəfə olub: “Hadisə günü Elşənə yaxınlaşmamışam. Elşən özü mənə yaxınlaşıb. Elşən mənə “sən qızlara nəyə görə baxırsan?” dedi. Əslində mən qızlara baxmamışam. Birinci Elşən mənə yumruqlar atmağa başladı. Sonra isə mən Elşənə yumruq atdım. 10 dəqiqədən sonra Elşən yenidən yanıma gəldi, bıçaqla zərbələr endirdi. Hadisə vaxtı mənim üzərimdə bıçaq olmayıb”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Demokrat.az