Kərbəlaya getmək istəyənləri aldatdılar - QMİ-dən AÇIQLAMA

 Kərbəlaya getmək istəyənləri aldatdılar - QMİ-dən AÇIQLAMA

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər. Dünən günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər. Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur. Məlumatı "Xəzər TV" yayıb.

Məlumata görə, bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylardır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər. Zərərçəkənlərin şikayəti əsasında polis vətəndaşları aldatdığı iddia edilən və özünü "Hacı xanım" kimi təqdim edən şəxslə bağlı araşdırma aparır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri Modern.az-a bildirib ki, bununla bağlı onlara heç bir müraciət olmayıb.

"Kərbəla ziyarətləri özəl şirklətlər tərəfindən həyata keçirilir. Bu şirkətlərin hamısı lizensiyalıdır və normal fəaliyyət göstərirlər. Şirkətlər insanları aldatmır. Daha çox fərdi şəxslər, dələduzlar insanları aldadır. Həcc və Ümrə ziyarətləri zamanı da dəfələrlə, vətəndaşlar dələduzlar tərəfindən aldadılıblar", - o deyib.

Vüsal Cahangiri söyləyib ki, Kərbəla ziyarətlərinin təşkili məsələsinin Qafqaz Müsəlmanları İdarəsinə verilməsi məsələsi hazırda gündəmdə deyil: "Əlbəttə, gələcəkdə çox şey ola bilər. Həmçinin Kərbəla ziyarətlərinin Qafqaz Müsəlmanları İdarəsinə verilməsi də mümkündür. Bununla bağlı heç bir təklifimiz olmayıb, yoxdur".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, zəvvarlardan polis orqanına müraciəti daxil olmayıb: “Şikayəti olan şəxslərin rəsmi müraciət etmələri tövsiyə olunur. Yayılan məlumatlarla bağlı araşdırma aparılır”.

17:15 - 13 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin