Göygöl rayonunda 1999-cu il təvəllüdlü Ayxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Nəsrəddinə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə 25 may 2023-cü ildə, saat 20 radələrində Göygöl rayonu, Mollacəlilli kəndinin inzibati ərazisində yerləşən “Dərə” adlanan sahədə baş verib.
Ayxan orada həmkəndlisi Nəsrəddinin onun barəsində öz tanışları arasında rüsvayedici formada ifadələr işlətməsi səbəbindən qardaşı Sərxan ilə onun arasında mübahisə olmasını görüb. Ayxan onlara yaxınlaşan zaman Nəsrəddinin onun ünvanına söyüşlər söyməsini eşidib.
Bundan hiddətlənərək qisas zəminində üzərində gəzdirdiyi turist bıçağı ilə qəsdən bir dəfə Nəsrədinin qarın boşluğunun sağ yan nahiyəsinə zərbə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Ayxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə Göygöl rayonu, Mollacəlilli kəndində yaşayır: “Mən yeşik sexində fəhlə işləyirəm. Həmkəndlim Nəsrəddin və qonşum Misir də mənimlə birlikdə işləyir. Bizim münasibətimiz yaxşı olub. Hətta Misirlə uşaqlıqdan daha yaxın münasibətimiz olub. Təxminən 8-9 gün hadisədən əvvəl Misir və Nəsrəddinlə işdən çıxdıqdan sonra Göygöl şəhəri, Aydın Hacıyev küçəsində yerləşən “Məkan” kafesinə getdik. Mən getməmişdən əvvəl onlara pulumun olmamasını dedim və Misirdən isə 20 manat borc aldım. Bizim razılaşmağımıza əsasən orada olan məclisdə hərə öz payına düşən hesabı ödəməli idi. Lakin hiss edirdim ki, Misir və Nəsrəddin məndən istifadə edərək hesabı mənə ödətdirmək istəyirlər. Onlara pulumun olmamasını, aldığım 20 manat borc puldan yalnız 5 manat hesaba verə biləcəyimi dedim. Onlar isə razılaşdılar. Kafeyə gəldikdə Misir və Nəsrəddin çoxlu yemək sifariş etdi. Üçümüz də pivə içdik. Lakin sifarişlərimi onlardan ayrı tutdum, sadəcə ümumi 5 manat dəyərində 3 ədəd pivə sifariş etdim. Oradan durduqda hesab 29 manat elədi. Mən 5 manat pul verdim. Lakin onlar hesabın üç yerə bölünəcəyini dedikdə narazılıq etdim. Aramızda sözlü mübahisə yarandı. Mən acıq edərək oradan getdim. Gedən zaman isə özüm üçün onlarla bir daha eyni stolda yemək yeyənin ünvanına söyüş söydüm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün işə gəldikdə kollektivlə yemək yeyən zaman Nəsrəddin ona onlarla yemək yediyinə söyüş söydüyü üçün stoldan durmağını deyib: “Mən isə iş yerində bir yerdə yemək yeməyin dediyim sözə aidiyyəti olmadığını deyərək izah verdim. Aramızda olan narazılıq daha da artdı. Növbəti günlərdə qardaşım Sərxan mənə arxamca söyüş söyüldüyünü, Nəsrəddinin mənim onlarla yemək yeməyəcəyinə söyüş söydüyünü, daha sonra onlarla eyni stolda yemək yediyimi, bu səbəbdən də söyüşü götürdüyümü yaymasını dedi. Təxminən 3-4 gün əvvəl Misir kənddə yanıma gələrək yenidən söhbəti açaraq mənim kafeyə getdiyim gün söyüş söydüyümə görə incidiyini dedi. Mən isə bir daha mənə yaxın gəlməməsini dedim. Lakin hər kəsdən Nəsrəddin və Misirin arxamca danışdıqlarını, söydüyü söyüşü özüm götürməyimi yaymalarını eşitdim”.
Təqsirləndirilən şəxs deyib ki, hadisə günü, saat 20 radələrində evdə olan zaman Sərxan ona zəng edib: “Sərxan Misir və Nəsrəddinlə “Məkan” kafesində olan söhbəti danışmağımı istədi. Mən isə onun Misirlə birlikdə olmasını bildim. Onların dalaşacaqlarını düşünərək olduqları yeri soruşdum və atama məxsus “Vaz 2106” markalı avtomobil ilə “Dərə” adlanan yerə getdim. Oraya çatdıqdan Misirlə Sərxan orada idi. Təxminən bir dəqiqə çəkmədi ki, Nəsrəddin Ruhlan və Qorxmazla birlikdə ora gəldi. Nəsrəddin avtomobildən düşən kimi qardaşım Sərxan Nəsrəddinin üzərinə getdi, onlar əlbəyaxa oldular. Qorxmaz və Ruhlan isə onları aralaşdırdılar. Hadisə ani vaxtda baş verdiyi üçün dəqiq olaraq nə olmasını anlaya bilmədim. Sonradan öyrəndim ki, Sərxanla Nəsrəddin telefonda da mübahisə edib. Qorxmaz və Ruhlan qardaşım Sərxanı tutaraq kənara aparıblar. Lakin Nəsrəddin sakitləşməyib, söyüş götürməyimi deyərək bir daha ünvanıma söyüş söyüb. Həmin vaxt Nəsrəddin məndən təxminən 7-8 metr kənarda olub. Mən bu söyüşü eşitdikdən sonra üzərimdə gəzdirdiyim cib bıçağını qış gödəkçəmin sağ cibindən çıxardım və arxası mənim tərəfə olan Nəsrəddinin sağ böyründən bıçaqla bir dəfə vurdum. Bıçağı Nəsrəddinə soxduqdan sonra geri çəkərək çıxardım. Bıçağı qatlayaraq cibimə qoydum. Nəsrəddin həmin anda əlini böyrünə tutdu. Uşaqlar da onu bıçaqla vurduğumu bildilər. Ruhlan sinəmdən itələyərək “nağardın, bıçaq lazım deyildi” dedi. Mən bıçağı vurduğum anda tutduğum əməldən peşman oldum. Nəsrəddini Ruhlan və Qorxmaz avtomobilə qoyaraq xəstəxanaya apardı. Misir də öz avtomobili ilə onların arxasınca getdi. Mən isə oradan öz evimə getdim. Bundan bir neçə saat sonra isə evimə polis əməkdaşları gəldi. Mən törətdiyim hadisəni etiraf etdim”.
İş üzrə zərərçəkmiş Nəsrəddinin sözlərinə görə, 25 may 2023-cü ildə Ayxanın qardaşı Sərxan ilə telefonda danışanda mübahisə ediblər: “Biz telefonda danışarkən Sərxan məni söydü. Sərxan məni Mollacəlilli kəndində “Dərə” adlanan sahəyə çağırdı. Hadisədən bir neçə gün əvvəl Ayxan ilə kafedə oturaraq pivə içəndən sonra aramızda hesabla bağlı söhbət olmuşdu. Aramızda yaranmış söhbəti Ayxanın qardaşı Sərxana başqa cür çatdırmışdılar. Bunu aydınlaşdırmaq üçün Sərxana zəng etdim. Sərxan isə məni söyməyə, təhqir etməyə başladı. Sonra Sərxan dedi ki, səni kəndin başında gözləyirəm. Mən avtomobillə həmin yerə getdim. Maşından düşərkən Sərxanla aramızda mübahisə yarandı, bir-birimizin yaxasından tutduq. Uşaqlar bizi araladılar. Həmin vaxt böyrümdə ağrı hiss etdim. Gördüm Ayxan bıçaq əlində arxamdadır. Başa düşdüm ki, Ayxan məni bıçaqla vurub. Mən əlim ilə belimə baxarkən belimin qan olduğunu gördüm”.
Zərərçəkmiş qeyd edib ki, hadisənin baş verməsi Ayxan ilə arasında söyüşlə bağlı söz-söhbətdən sonra başlayıb: “Baş vermiş hadisə təxminən 3-4 dəqiqə davam etdi. Həmin vaxt orada Sərxan, Misir, Ruhlan və Qorxmaz olub. Ayxanla kafedə pivə içəndən sonra hesabın üstündə söz-söhbətlərimiz yaranıb. Həmin vaxt Ayxan söyüş söydü ki, mən bir də sizlə oturmaram. Bu söhbətdən sonra biz Ayxanın barəsində bir neçə dəfə zarafat etmişik. Sonra isə bu hadisə baş verib. Ayxan mənim səhhətim ilə bağlı yardım göstəribş Ona qarşı heç bir şikayətim yoxdur”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayxan 3 il müddətinə azadlıqdan məhrum edilib.
Demokrat.az