Ağcabədi rayonunda 1986-cı il təvəllüdlü Ruslan Alxanov Ağcabədi rayonunda pambıq zavodunun sabiq direktoru Nazim Mirzəyevə qarşı dələduzluq edib.
Asayis.Az-ın məlumatına görə, Ruslan Alxanov Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yaşayan Nazim ilə aralarında olan söhbət zamanı Ağcabədi Pambıq zavoduna direktor vəzifəsinə bərpa etdirəcəyi adı ilə yalan vəd verib. Onun etibarından sui-istifadə edərək aldadıb.
Ruslan 2021-ci ilin yanvar ayının ortalarında dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq sarayının qarşısında 5000 manat pulu nağd şəkildə, 2021-ci ilin yanvar ayında dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq sarayının qarşısında 5000 manat pulu nağd şəkildə, 2021-ci ilin yanvar ayının sonlarında, dəqiq günü və saatı məlum olmayan tarixdə Beyləqan rayon ərazisində yerləşən “Görüş” kafesinin yaxınlığında 7000 manat pulu nağd şəkildə, 2021-ci ilin fevral ayının əvvəllərində dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Ağgöl” Milli Parkının qarşısında olan kafedə 3000 manat pulu nağd şəkildə və 2021-ci ilin fevral ayının ortalarında, dəqiq günü və saatı məlum olmayan tarixdə Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq sarayının qarşısında 1000 manat pulu nağd şəkildə Nazimdən alıb. Onun ümumilikdə 21000 manat pulunu ələ keçirib.
Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, əvvəllər pambıq əkini ilə məşğul olub və həmin vaxtlarda Ağcabədi rayonunda pambıq zavodunun direktoru işləyən Nazim ilə tanış olub:
“2020-ci ildə Nazim direktor vəzifəsindən azad edildi. Nazim direktor vəzifəsindən azad edildikdən sonra onunla telefon əlaqəsi saxlayaraq onu işinə bərpa etdirə biləcəyimi dedim.
Məqsədim Nazimin pul almaq olub. Bu məqsədlə təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində Nazimlə Ağcabədi rayon ərazisində “Kral” şadlıq sarayının qarşısında görüşdük. Söhbət əsnasında Nazimə tanışımın olmasını, tanışımın əli ilə onu keçmiş işinə bərpa etdirə biləcəyimi dedim. Nazim əvvəlcə mənə inanmaq istəmədi. Lakin Nazimə özümün cavabdeh olduğumu dedim, Nazimi işinə bərpa etdirəcəyimə inandırdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nazimə bu iş üçün 10000 manat pul lazım olmasını bildirib:
“Bundan 2-3 gündən sonra Nazimlə telefon əlaqəsi saxladım. Ona 5000 manat pulu əvvəlcədən verməyini, qalan 5000 manat pulu isə işə bərpa olunduqdan sonra verməsini dedim. Nazim də mənimlə razılaşdı. 2021-ci ilin yanvar ayının təxminən ortalarında Nazimlə Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq evinin qarşısında görüşdük. Nazim mənə 5000 manat pul verdim. Bundan 2 gün sonra Nazimlə əlaqə saxlayaraq tanışımın qalan pulu da istəməsini dedim. Təxminən bundan bir həftə sonra, yəni 2021-ci ilin yanvar ayının ortalarında Nazimlə yenə də Ağcabədi rayon ərazisində “Kral” şadlıq sarayının qarşısında görüşdüm. Nazim qalan 5000 manat pulu mənə verdi.
Nazimin artıq mənə inandığını gördüm. Nazimdən artıq pul ala biləcəyimi düşündüm. Bu məqsədlə iki gündən sonra Nazimə zəng edərək 10000 manat pulun azlıq etməsini, 20000 manat lazım olmasını dedim. Nazim əvvəlcə etiraz etsə də, sonradan mənimlə razılaşdı. Təxminən 2021-ci ilin yanvar ayının sonlarında Nazimlə Beyləqan rayon ərazisində yelrəşən “Görüş” kafesinin yaxınlığında görüşdük. Nazim mənə 7000 manat pul verdi”.
Ruslanın ifadəsinə görə, bundan sonra təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Nazimə zəng edərək qalan 3000 manatı istəyib:
“Nazimlə Ağcabədi rayon ərazisində yerləşən “Ağgöl” milli parkının qarşısında görüşdüm, Nazimdən 3000 manat pulu aldım. Bundan təxminən on gün sonra, yəni 2021-ci ilin fevral ayının ortalarında Nazimə zəng etdim, 1000 manat hesab verdiyimi bildirdim. Nazim həmin pulu mənə verəcəyini dedi. Ağcabədi rayon ərazisində yerləşən “Kral” şadlıq evinin qarşısında Nazimlə görüşdüm və ondan 1000 manat pul aldım. Ümumilikdə Nazimi işinə bərpa elətdirəcəyim adı ilə 21000 manat pulunu almışam. Nazimdən aldığım pulun 7000 manatını ibtidai istintaq zamanı, 4000 manatını isə məhkəmə istintaqı zamanı ödəmişəm. Qalan 10000 manatı isə Nazimə hissə-hissə ödəməyim barədə öz aramızda razılaşmışıq. Törətdiyim əmələ görə peşmançılıq çəkirəm. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyimə söz verirəm. Birinci qrup əlil olmağımı, himayəmdə azyaşlı uşağımın olmasını nəzərə alaraq məhkəmədən mənə köməklik olunmasını xahiş edirəm”.
Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ruslan 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Demokrat.az