"İnsanların laqeydliyi cəmiyyəti məhv edir" - NİYƏ QƏDDARLAŞIRIQ?

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimaiyyət arasında ciddi rezonansa səbəb olub. İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti əsəbi halda gələrək əlindəki baltanı gözətçiyə tərəf atır və rəsmi məlumata görə, onun atdığı balta bir qadına dəyərək xəsarət yetirib. Daha sonra Ağadadaş Ağayev və klinikanın gözətçisi arasında əlbəyaxa dava başlayır. Lakin videogörüntülərdə ətrafdakı vətəndaşların hadisəyə müdaxilə etmədiyi, laqeyd davrandığı görünür. Ətrafdakılar yerə yıxılan şəxsin yenidən hücuma məruz qalmasına göz yumur və sadəcə baxmaqla kifayətlənirlər.  Məhz tanınmış müğənninin iştirakı bütün diqqətləri bu hadisəyə yönəltdi. Əslində həmin gün və sonrakı günlərdə sosial şəbəkələrdə daha dəhşətli hadisələrin baş verdiyinin şahidi olduq. Məsələn, Abşeron rayonu Gənclər şəhərciyində ər 2002-ci il təvəllüdlü həyat yoldaşını əl-qolunu bağlayaraq səkkizinci mərtəbədən atdı. 

Bu cür hadisələrin şahidi olduqca, ağlımıza “Görəsən, niyə insanlar vəhşiləşib, laqeydləşib, qəddarlaşıb?, Bunun səbəbi nədir?” kimi suallar gəlir. 


Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında bildirib ki, insanlar hər zaman vəhşi olub və insan təbiətdən qaçmış şüurlu canlıdır. 

Rövşən Nəcəfov qeyd edib ki, heç kimin sosial statusu etdiyi əmələ haqq qazandıra bilməz:



“İnsanın düşüncəsi mühitlə formalaşır. Düşüncə mühitin pəncərəsidir. Pəncərədən müşahidə etdiyimiz bizim cəmiyyətdir. Yaxşıya yaxşı, pisə pis deməyi bizim cəmiyyət öyrənməlidir. Yaxşı olduğu kimi qalır, ona toxunmaq lazım deyil. Dəyişməli olan pisdir.

İctimai və sosial nüfuzu olan insanlar cəmiyyətə qarşı daha məsuliyyətli olmalıdırlar. Faydalı və nümunəvi insanların ictimai və ya sosial statusu olur. Harda və ya hansısa statusda olmaqdan asılı olmayaraq, eqo düşməndir. Güc və eqo birlikdə olmur. Keçmiş qəhrəmanlıqlar bu günün günahlarını yuya bilməz. Hər anın öz hökmü var. Hər kəs qanun qarşısında cavabdehdir. Hüquqi düşüncə formalaşmalıdır. Mədəniyyətin birinci şərti ədalətdir. Ədalətli olmaq özünə qarşı ədalətli olmaqdan başlayır. Mənəvi tərəzini qırmaq olmaz.

İnsanlar hər zaman vəhşi olub. İnsan təbiətdən qaçmış şüurlu canlıdır. Təhsil və mədəniyyət insanın vəhşi olmasının qarşısını alır. Mədəniləşmə prosesində maariflənmə prosesi də paralel olmalıdır. Oxumadan düşünmək və ya düşünmədən oxumaq, hər iki hal cahillikdir. Tənqid olmalıdır. Tənqidə qarşı dözümlülük olmalıdır ki, fərqlilik yaransın. Cəmiyyət hər iki halda məhv olur, ya hər kəs hər şeydən razıdır, ya da, hər kəs hər şeydən narazıdır. Hadisələrə və hadisələri törədən şəxslərə qarşı biganə qalmaq olmaz. İnsanların laqeydliyi cəmiyyəti məhv edir. Dəyişiklik dəyişməyən yeganə anlayışdır. Proses davam etməlidir. Aydınlanma prosesində hər kəs iştirakçı olmalıdır. Cəmiyyətdə insanlar bir-birinə qarşı sərhəd qoymağı öyrənməlidirlər. Pisi yaxşıya dəyişmək üçün biganəlik və laqeydlik düşüncə lüğətindən çıxarılmalıdır. Düşüncə dəyişməlidir ki, mühit dəyişsin. İnsanlar yaşadığı mühitdə sağlam düşüncə formalaşdırmalıdırlar. Bu qədər aqressiya, nifrət və nizamsızlığın olması cəhalətdir. Cəhalətlə hər kəs mübarizə aparmalıdır”.

16:09 - 25 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin