"İndi efirdə olan "civcivlər" bir neçə il sonra katibə işləyəcəklər" - Aydın Sani ilə VİDEOMÜSAHİBƏ

"Azxeber media”nın "Gəl danış” rubrikasının bu həftəki qonağı müğənni, bəstəkar, şair Aydın Sanidir.
 


Salam Aydın bəy. Necəsiz? İstirahətiniz necə keçir?

- Buna da şükür. Bəzən elə məkanlar var ki, orada görünürük iş üçün. Hamı kimi biz də üç-beş manat qazanırıq çox şükür. Amma dincəlirik də.

Sizi təqdim edəndə deyirik ki, şair, müğənni, bəstəkar... Bəs Aydın Sani özünü hansında daha yaxşı hiss edir? Hansı daha çox ruhunuzdan xəbər verir?

- Hər zaman qeyd etmişəm, yenə də deyirəm, əgər mən bəstəkaramsa, onda Qara Qarayev kimdir? Üzeyir Hacıbəyov kimdir? Mən bəstəkar deyiləm. Bəzən olur ki, xanımlar mətbəxdə iş görəndə zümzümə edir, mən də eynən elə zümzümə etmişəm 5-10 dostum üçün. O da bəyənilib olub beş yüz, beş min...Yəqin ki, yaxşı alınıb ki, belə olub. Kim özünə pis deyər? Onlar məndə nə görüblər, bilmirəm, amma mən hələ də özümü axtarıram.

- Yəni, özünüzü görmürsünüz şou-biznesin içində?

- Görmürəm demək bir az sayqısızlıq olacaq amma doğrudan da görmürəm. Əgər bu şou-biznes dediyimiz çirkinlikdirsə, iyrənclikdirsə, ümumi cəmiyyətdən kənar bir həyat tərzidirsə, gecə həyatıdırsa, özümü orada görmürəm. Ramiz Rövşənin çox gözəl sözləri var buna uyğun. Deyir ki, "İlahi, birdən gecə günəş çıxsa, kimin əli, kimin cibindən çıxır, Kimin əri, kimin evindən çıxır”...

Bu misralara istinadən deyirəm ki, şou-biznes mənim üçün qaynayan bir qazandır. Orda hər cür tərəvəzlər bişir. Mənə soyuq olanda gəlib əlimi qızdırıram və gedirəm. Çalışıram içində olmayım, kənarda dayanım. Həm də bizdə maşallah olsun ki, biznes yaxşıdır, amma şou yoxdur. Mən özüm də şou göstərmirəm. Buradakı bəzi insanların heç şou-biznesin "Ş” hərfindən xəbərləri yoxdur. Onlara sual vermək lazımdır ki, sənin məqsədin nədir? Mənim ünvanıma da deyirlər ki, "Bu adam mahnı oxumur, elə bil danışır”. Amma onlar bilmir ki, mənim elə əsl məqsədim də budur. Deməli mən artıq qalibəm. Zil səs istəsəm gedib Alim Qasımova qulaq asaram, bəm səs istəsəm İlqar Muradova qulaq asaram, romantika yaşamaq istəsəm Teymur Əmrahı dinləyərəm.Bu kateqoriyanın içində sən yoxsansa, bu artıq sənin günahındır. Mən üç dənə misra yaradıram və özüm üçün zümzümə edirəm. Kiminsə borcu deyil ki, məni mütləq dinləsin. Bu günə qədər diqqət çəkə bilmişəmsə bu mənim gücümdür, sizin acizliyiniz yox.

- Mahnını dinləyəndə hansısa dinləyiciyə söz toxunur, kiminə musiqi xoş gəlir. Sizin ifalarınızda hər zaman şeyriyyat ön planda olur.

- Çünki mən hər zaman demişəm ki, mənim musiqi təhsilim yoxdur, konservatoriya bitirməmişəm, zümzümə etmişəm. Buna görə də siz bu gün məndən soruşa bilməzsiniz filankəsin səsi necədir? Mən o tərəziyə bu sözü deyən adamın özünü də qoyaram, görərik ki, o ümumiyyətlə göydə qalıb. Amma söz üçün çox qapı döymüşəm. Bu gün məni başqa mövzularda çox rahat aldatmaq olar amma söz üçün can qoymuşam. Söz mənim üçün alidir. Kimisə incitmək üçün də alətə ehtiyac yoxdur, iki cümlə söz bəs edir. Və ya iki söz deyərsən səni çox istəyər.

- Onda belə bir sual ortaya çıxır. Bəs zövqləri korlayanlar kimlərdir?

- İnsanda zövqü formalaşdırmaq çətindir. Zövq sənin pasportundur, kimliyindir. Bizim bəxtimizə 1990-cı illərdən bu yana olan avtovağzal mahnıları düşdü. İstənilən bir toy məclisində otururuq, rəqs etmək istəmirik. Amma ani olaraq görürük ki, ayağımız ritmə qapılıb və artıq o sümüyümüzə düşüb. Bax bizi bu "dingildədən” əslində bizim zövqümüzdür. Bunu qəbul etsən də, etməsən də belədir. Nə qədər desən də ki, axı mən Baxa qulaq asıram, Şopen dinləyirəm. O ritmə qapılan ayağın səni ələ verir. Olmaq istədiyin adam yox, özün özlüyündə kimsən bax beləcə ortaya çıxır. Zövqün məktəbi olmur, əksinə, əvvəl məktəb keçirsən və o sənin zövqünü formalaşdırır. Qan və xarakter heç zaman dəyişmir.

- Yəqin ki, mənimlə razılaşarsınız, hazırda şou-biznesdə durğunluq var. Musiqi camiəsini hazırda idarə edən iki fiqur var. Aygün Kazımova və Röya. Nə üçün yeni nəsil müğənnilər onlar kimi olmaqdan çox bayağılığa qaçır?

- Dediyimiz bu bayağı axı nə deməkdir? Buna baxmaq lazımdır ilk əvvəl. Sizdən soruşsam Röya, Brilliant Dadaşova, Aygün Kazımova bayağıdır? Deyəcəksiniz yox. Amma gəlin indi onların da oxuduğu mahnıların sözlərinə baxaq. Misal üçün, Röyanın "Tut əlimdən” mahnısı... Bu nəğmə əruz vəznindədir. Amma onu Röya oxuduğu üçün sizə bayağı gəlmir. Burdan da o nəticəyə gəlirik ki, biz "nə” ilə yox, "kim”ilə mübarizə aparırıq. Brilliant Dadaşovanın, Ədalət Şükürovun, Röyanın repertuarından ən az üç bayağı mahnını mən sizə sübutu ilə göstərə bilərəm. Nə üçün xüsusilər bayağı oxuyanda sizə toxunmur? Onlar hamısı elə elit məclislərdə bəyənmədikləri meyxanaçı uşaqların yazdığı sözlər ilə at oynadırlar. Böyük məclislərin, böyük insanlarını rəqs elətdirirlər o bəyənəmədikləri meyxanaçıların mahnıları ilə. Kimsiz ki, guya? Mən dediklərimdən əmin olduğum üçün ad çəkməyə də çəkinmirəm. Üzünüz əyridirsə, güzgünü niyə sındırısız, üzünüzü düzəldin. İçi mən qarışıq bir çox sənət yoldaşlarım şou-biznesdə ümumidir. Bir də var ki, xüsusi olanlar, seçilənlər. Məsələn, mən özümdən deyim. Hansısa məclisdə yad bir xanımla səmimi görüntüm yayılsa ilk öncə mənim xanımım deyər ki, Aydın bu nə səmimiyyətdir? Məndən açıqlama gözləyəcək. Amma Aygünlə və ya Röya ilə şəkil çəkdirsəm, mənə o sualı verərlər? Təbii ki, yox. Xalq tərəfindən qəbul olunan simalar var. Qaldı ki, o biri "civcivlərə”, onlar artıq yavaş-yavaş ələnirlər. Bir neçə ildən sonra hansısa tanışının əli ilə jekdə katibə kimi işləyəcəklər. Çünki onlar heç kimə lazım deyillər. Xanımlardan çox danışmaq istəmirəm amma o mənimlə eyni səhnəni bölüşürsə, artıq burda kişi, qadın söhbəti olmamalıdır. Elə sənətkarlarımız var ki, mən onlardan sonra səhnəyə çıxanda utanıram. Hətta adımın onların adından sonra səslənməsindən belə utanıram. Adamın bir az vicdanı olar. Onlardan sonra adam özünü dinləyiciyə necə "soxuşdura” bilər? Bədəni ilə? Onlarda bu özgüvəni yaradan, onlara baxıb ağzının suyunu axıdan üç, dörd nəfərdir.

- Bəs onlar kimə güvənirlər sizin fikrinizcə?

- Daydaylarına! Ənkələrinə!

- Olur ki, bəziləri aparıcılardan və güc alır...

- Bunu şəxsidə danışmaq olmur çünki teıeviziya vasitəsilə ictimailəşir, efirlər vasitəsilə bu mövzular evlərə daxil olur. Zövqü sıfır olan bir müğənninin ixtiyarı yoxdur ki, digər zövqlü insanların da zövqünü korlasın. Ola bilər ki, onları efirə dəvət edəndə reytinq gəlir, ola bilsin ki, o kanallar sənə görə üç dənə şampun, 3 dənə diş məcunu reklamı qazanacaq. Belədirsə o fəaliyyəti elə "youtube”da özün elə, o reklamlar da sənə gəlsin, qazan da. Niyə kanallara pul qazandırırsınız? Sən o reklamı verməsən, onlar da səni dəvət eləməz.

- Televiziyalar isə bunda sənətkarları günahlandırır. Onlar efirlərə çıxmadıqları üçün, bu müğənnilərə ehtiyac duyduqlarını deyirlər...

- Ustadlar nə qədər uzaq duracaq, bu "civciv”lər meydanda at oynadacaq. Amma bir gün xalq bunun hesabını onlardan soruşacaq. Bir gün bir məclisdə alqışlarınız azalanda, bilərsiniz ki, bax bunlara şərait yaratdığınıza görədir. Aparıcılar bunlara ixtiyar verir, olurlar onların köləsi. Özləri də onların kölgəsində sürünürlər. Nə var ki, hansısa toydan bunların kartına iki manat pul atacaqlar. Yəni siz bu gündəsiniz, ay bəzi aparıcılar? Aparıcılıq özü bir statusdur. Ordan təzədən prodüserliyə qayıdırsınız? Nə olursunuz olun, yaxşısından olun!

- Bu fikirlərinizə görə sizdən inciyən həmkarlarınız olub? Çünki insan sözü eşidəndə bilir öz ünvanına deyilib ya başqasına...

- Zaur Nəbioğlunun verilişində belə bir iyrənc hal yaşanmışdı. Ondan sonra üç, dörd xalq artisti, əməkdar artist, hətta elə belə müğənnilər də mənə zəng etdilər. Bəzisi dəstək üçün dedi ki, mən sənin arxandayam. Qalanları da dedi sən düz deyirsən. Mən elə səndən danışırdım da ordaa ay bədbəxt... Düz deyirsən deməklə guya özünü mövzudan kənarda qoydun? Bunu anlama üçün ağıl lazım idi.

- Bir az da başqa mövzulardan danışaq. Sizcə sevən qadın qısqanır yoxsa özgüvənsiz qadın?

- Qısqanclıq elə bölüşmək istəməmək və itirmək qorxusundan yaranır. Qadın mövzusu o qədər həssasdır ki, gərək ağzından çıxan sözün hərfinə də fikir verəsən. Qadınlarımız ağıllıdır, ədəblidir, əxlaqlıdır. Pis hər sahədə var.

- Hər zaman deyirlər ki, qadın və kişinin hüquqları bərabərdir. Siz necə düşünürsünüz?

- Məncə qadın da istəyər ki, kişi ilə arasında fərq olsun. Kişi səhər çıxar, axşam gələr, qazancını xanıma verər, o da onu gözəl şəkildə idarə edər. Mən atamdan belə görmüşəm. Kişi və qadın ətlə sümük kimidir. Ayrılıqda işə yaramazlar amma birlikdə güclü struktur meydana gəlir. Qadından iki şeyi əksik etməyin. Sevgi və diqqəti. Onlar çiçəkdir, onların suyu sevgi və diqqətdir. Bu onların təbiətindədir. Kişilər gözlə də sevir, ağılla da. Bəzən olur ki, sənin üçün gözəl olmayan qadın mənim üçün gözəldir. Çünki mən onun daxilinə baxıram. Onun çatma qaşları, saçının uzun ya qısa olması artıq mənə önəmli olmur.

- Kişi qadın üçün ağlayar?

- Bu baxır qadının ona çəkdirdiyi intizara, həsrətə, sevgiyə... Məncə ağlayar. Həyatında elə bir qadın olar ki, onun yoxluğu səni dizin-dizin süründürər. Arxasınca göz yaşı tökərsən ki, kaş vaxtında dəyərini biləydim. Ağlayan elə kişilər olur həmişə. Baxır harda və necə. Kişi o zaman ağlamaz ki, övladı və ailəsi onu qəhraman olaraq görür. İstəməz ki, onu zəif, düşmüş biri kimi görsün. Ona görə deyirlər kişi ağlamaz. Kişi var ki, nərə çəkib elə ağlayar, qadınları heyrətdə qoyar o səs, o görüntü. Qəlbində rəhm olan, haqsızlığa uğrayan hər bir kişinin gözündən yaş gələ bilər. Biz kişilər ağlamalıyıq, siz qadınlar yox. (gülür)

- Bəs kişilər nə üçün xəyanət edir?

- Ümumiyyətlə, xəyanətin cinsi olmur. Sədaqət sənin stilin olmalıdır, xarakterin olmalıdır. Sadiqlik insani xarakter olmalıdır. Bəzən insanlar bizə eyni hisslərlə yanaşmır. Hərənin bir umacağı olur. Hərənin maddi,mənəvi qopardacağı bir şey olur. Heç birimiz əbədi deyilik, nə bacarırsan qopart məndən. Amma onun sənə bir xeyri dəysin heçolmasa. Mən üzülmədim sən məni satdın deyə, mən üzüldüm ki, sən məni ucuz satdın. Madam ki, satacaqdın, heç olmasa baha sataydın...Bu qədərmi ucuz idim səninçün deyərəm...

- Meyxanaçılarlar çox gənc yaşda dünyalarını dəyişir. Bunla bağlı qınaq rəylərinə bəzən rast gəlirik. Bunu nədənsə həyat tərzi ilə əlaqələndirirlər.

- Çox nahaq...Mən bu misalı həkimlərdən də çəkə bilərəm sizə. Hər sahədə bu ola bilər. Onlar göz önündədir deyə belə deyirlər sadəcə...

- Niyə onların həyat tərzi qınanır? Hətta Əməkdar artist Elza Seyidcahan onları gənc nəslə pis örnək olmaqda günahlandırır...

- Bilmirəm bunu Elza xanım hansı əsaslara söykənərək deyir, mən meyxananı şəxsən sözə görə sevmişəm. Elza xanım bu gün Azərbaycan mədəniyyəti üçün nə qoyub bilmirəm, bunu gələcək nəsillər göstərər. Amma mən istərdim ki, övladlarımız əcaib nələrəsə bürünməkdənsə, gözəl söz deyə bilsinlər. Ən azından tribunaya başında ananaslı, bananlı papaqla çıxmayasan ki, səni eşitsinlər. Maraqlı göründü, vəssalam. Orada da bitdin sən! Mənim o qədər savadım da yoxdur, gəlim o yerə çatım ki, o cümlələri də anlayım. Mən bu müasirliyi qəbul etmirəm. Onun şeirlərindəki açıq fikirliliyi, çılpaqlığı qəbul etmirəm. Amma mən meyar deyiləm, hərənin öz zövqü var. Onun büründüyü imicdənsə, mənim üçün iki kəlmə söz daha önəmlidir. Bunu da söz sevən insanlar anlayar. Şeirlərini oxumamışam, efirlərdə eşitmişəm. Şeir gərək çılpaq olmasın. Şeir məni düşündürməlidir. Üç dənə, beş dənə söz yığını ilə kitab ərsəyı gətirmək mənim üçün önəmli deyil. İnsanın bir əqidəsi, iç dünyası var da. Mən ona düşmən deyiləm, sadəcə onu sevmək məcburiyyətində deyiləm, o da məni təbii ki.

- Rəşad Dağlı həbsdədir, Ağakərimin səhhətində problemlər var. Bu gün meydanda çox az sayda yaxşı meyxana deyən ustadlar qalıb. Sizcə onların davamçıları yetişirmi?

- Bəli, yeni nəsil yetişir. Amma bəzi ustadlar var ki, onların adını hər zaman çəkməyi özümə borc bilirəm. Vüqar Əbdülov, Namiq Qaraçuxurlu. Bunlar meyxana ilə doğulublar. Meyxananın gözəlliyini estetik cəhətdən göstəriblər və hətta qadınlara da sevdiriblər. Bu o ustadların əziyyətidir. Siz xanım olaraq meyxananı elə-belə sevə bilməzdiniz.

- Musiqili meyxanaya keçid edənlər sizcə gəlir əldə etmək üçün bu yolu seçir?

- Əlbəttə ki! Bir də ki, orda rahatçılıq var. Meyxanaçı var ki, müəyyən qonarar qarşılığında 3,4 saat əziyyət çəkir. Amma bunu vaxta qənaət edərək yarım saat ifa edərək qazanmaq da olur. O baxımdan rahatdır. Buna görə də sən gərək qərar verəsən ki, mən ya meyxanaçıyam, ya da səsim var oxuyuram.

- Sizi hər kəs sakit biri kimi tanıyır. Amma çıxışlarınıza baxıram ki, özünüzdən tez çıxırsınız...

- Çox nahaq belə tanıyırlar. (gülür) Mən o çıxışları özümə xal qazanmaq üçün etmirəm. Məni yaxından tanıyan hər kəs bunu bilr. Qəlbləri görən Allahdır.

- Sizi o çıxışları etməyə nə vadar etmişdi?

- Övladlarımızın gələcəyi...Hər kəsin evində oğlu var, qızı var. Hər kəsin həyatda olmazları var. Artıq mən görürəm ki, o olmazları bizə məcbur elətdirməyə başlayıblar. Genekodu bəlli olmayan kəslər çıxırlar efirdə elə böyük-böyük danışırlar ki, gənclərə örnək olurlar. Mənim yetkinlik yaşında olan övladımın qabağına sən çıxırsan. Hansı haqla sən onların tərbiyəsini pozursan? Çıxıb 10 milyon insanın qarşısında elə rahat şəkildə danışır ki, elə bil evinin mətbəxində rəfiqəsi ilə danışır. Hər şeyi danışmaq açıq sözlü olmaq demək deyil. Sən ola bilsin ki, o danışığınla üç dənə kişinin simpatiyasını qazanacaqsan amma üç yüz min gəncin zövqünü korlayacaqsan.

- Övladlarımız səhnə insanlarından örnək götürməlidir? Bəs deyirlər tərbiyə ailədən gəlir?

- Xeyr! Bu zamanda ailə tərbiyəsini geridə qoyan küçə tərbiyəsidir. İndiki uşaqlar evdə qalmalı olduqları üçün evdədirlər. Bu məcburiyyətdir. Amma maraq küçəyədir. Ona görə də əsas tərbiyə ətraf mühitin verdiyi tərbiyədir. Valideyn tərbiyəsi nə qədər əsas olsa da, küçə insanı yanıldır. Biz artıq uduzuruq. Həyasızlara uduzuruq, arsızlara uduzuruq, çirkinləşənlərə uduzuruq. Onların kütləsi bu gün çoxdur.

- Bir neçə gün öncə boşanmaların statistikası açıqlandı və bu rəqəm həqiqətən də çox böyük idi. Sizcə dediyiniz ətraf mühit gənclərin ailə haqda fikir formalaşdırmasına da təsir edirmi? Mühit ailələrin dağılmasına səbəb olurmu?

- İndikilər sanki əyləncə üçün evlənirlər. Qadın kişini, kişi də qadını bilmək üçün. Sanki bunun üçün yeganə vasitənin evlənmək olduğunu düşünürlər. Ailələr evlənək, sonra boşanarıq prinsipi ilə qurulur. Və boşandıqdan sonra sanki bunlar üçün böyük bir həyatın qapıları açılır. Çılğın yaş dövründə onların arasında alovlanan bu hissləri söndürmək üçün evlənirlər. Biz gənclərə başa salmalıyıq ki, heç nə üçün tələsməyin. Qarşınızda gözəl bir ömür var. Amma mən tez ailə qurmuşam, 24 yaşında övladım var. Mənə deyərlər bəs sən özün niyə? Mən yaxşı ki, də bunu tez etmişəm. Biz iki gənc olaraq həyatda birlikdə mübarizə aparmışıq.

- Sizi xanımınızla bir-birinizə bağlayan ən önəmli bağ nə idi?

- Anlayış, dostluq və hörmət. Çünki onların olduğu yerdə sevgi də olur. Həyat yoldaşını övladlarından ayırmaq olmaz. Çünki ilk əsas olan şəxs bu yolu səninlə çiyin-çiyinə addımlayan o qadındır. Övlad isə bizim sevgimizin, dostluğumuzun və hörmətimizin bəhrəsidir. Onlar mənim üçün toxunulmaz və müqəddəsdir çünki mənim şəxsi həyatımdır. Onlar mənim əvəzsiz varlıqlarımdır.

- Sizə görə geyim əxlaq ölçüsüdür?

- Bəli, amma bəzi hallarda. Geyim insanın pasportudur. Əxlaqın geyimə aidiyyatı olmamalıdır, insan yaradılışdan əxlaqlı olmalıdır. Bu bir qayda olaraq belədir. Geyim bəzən sənin pasportun, bəzən də özgürlüyündür. Geyiminə uyğun qarşılanırsan amma deyirlər danış görüm kimsən, səni elə yola salım.

- Kişi şortik geyinər?

- Sırf kişi deməzdim çünki bu mentalitet məsələsidirsə ilk niyə xanıma verilmir bu sual? Mənim fikrimi soruşursunuzsa, mən geyinmərəm. Amma mən meyar deyiləm. Hər geyimin öz yeri var. Onu çimərlikdə geyinərəm, istirahətdə geyinərəm çünki orada ümumilik var. Bu ümumi zövq məsələsidir. Deyə bilmərəm ki, geyinən insanlara pis baxıram, yox. Bu sadəcə mənim şəxsi fikrimdir.

- Sizi yanıldan insanlar olub?

- O qədər olub ki...İndi də var. Mən həmişə istəmişəm ki, insanlara Aydını sevdirim, Aydın Sanini yox. Mən həyata Aydın olaraq gəlmişəm. Hər şey mənim üçün səhnədən ibarət deyil. Amma mahnımda da dediyim kimi, "Dəyərli bivəfaları boş verdim getdi”... Bu sözü bir çoxu anlamırdı. Əslində demək istədiyim o idi ki, biz çox vaxtı dəyəri elə bivəfalara veririk. Bax yanılmaq elə budur. Bəlkə də bu həyatımızın ən böyük yalnışıdır. Bu hiss səni öldürəcək, nə gecə yatmağa qoycaq, nə gündüz işləməyə.

- Dərs alırıq bunlardan?

- Qətiyyən almırıq. Özün sevib, hər halı ilə qəbul etdiyin insanı ürəyə deyirsən ki, unut. Ürək deyir mənim günahım nədir? (gülür)

- Nə üçün sevəndə asan sevirik, amma ayrılıqlar ağrılı olur?

- Buna deyərdim sevmək yaxşıdır yoxsa sevilmək? İnsan sevdiyindən əmin olur, sevildiyini bilmək üçün isə onun qəlbinə baxmalısan. Ona görə də sevmək və əziyyət çəkmək daha gözəldir.

- Müasirlik adı altında gənclərimizdə pis vərdişlərə maraq artıb. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bunların hamısı valideyn diqqətsizliyinin nəticəsidir. Gənclər onu qəbul edəndə özünü böyümüş, güclü insan kimi hiss edir. Bir şeyin ki, arxasında böyük qaranlıq və boşluq var ondan nə xeyir güdmək olar? Əvvəl milli dəyərlər, sonra da sağlamlığın yox olur gedir. Namus, qeyrət, izzət itir. O gün isə yanında heç kim qalmır. Dost bildiklərin elə ilk anda səni tərk edənlər olur.

- Mahnılarınızı vermək istəmədiyiniz həmkarlarınız varmı?

- Hər bir yaradıcı insanın ərsəyə gətirdiyi mahnı onun övladı kimidir. İnsan da övladını kiminləsə paylaşmaq istəməz. Lap pul alıb versəm də bəstələrimi yenə də gözüm qalır onda. Ona görə tərəddüd edirəm bir az.

- Rəsul Əfəndiyev Brilliant xanlmla "Məni axtar darıxanda” nı oxudu, uğurlu da alındı məncə.

- Nə gözəl ki, sevilib. Bir insan ki, mahnının haqqını verərək ifa edir onda adamın vicdanı da rahat olur. Elə mahnını oxuyan zaman tanış olmuşduq Rəsulla. İndi aramızda salam-sağol yoxdur, bu da normaldır. Brilliant xanımı isə çox istəyirəm.

- Çox təşəkkür edirəm belə maraqlı söhbət üçün.

- Siz sağ olun, mən təşəkkür edirəm.

12:37 - 24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin