Toydan çıxanlar dava etdi, qadın videoya çəkdi, sonra isə... - TƏFƏRRÜAT

 Toydan çıxanlar dava etdi, qadın videoya çəkdi, sonra isə... - TƏFƏRRÜAT

Yevlax rayonunda 1990-cı il təvəllüdlü Əfsən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Gülşənə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə Yevlax rayonunun kəndlərindən birində baş verib. Əfsən kəndin mərkəzi asfalt yolunda Gülşənlə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu söyüb təhqir edib. Əfsən Gülşənin saçından tutaraq sifətinin sol nahiyyəsinin yumruqla bir dəfə qəsdən vurub. 

Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ata evində keçirilən toy mərasimində yaxın qohumları və digər həmkəndliləri iştirak edib: “Həmin gün təxminən saat 15:00-da toydan çıxan qonaqlarla Gülşəngilin evlərinin qapısının yanından keçərkən o, çölə çıxıb və bizə nalayiq sözlər dedi. Sonra bizi telefonla videoya çəkdiyindən onunla aramızda mübahisə yaşandı. Ona “sən gir içəri, sənlik deyil” dedikdən sonra aramızda olan mübahisə yekunlaşdı. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin günün sabahı, saat 16:00-da ə kəndin əsas yolunda Gülşənlə rastlaşıb: “Ondan əvvəlki gün nə üçün çəkiliş etdiyini soruşdum. Gülşən isə mənimlə söyüşlə danışdığı üçün onun sifətinin sol nahiyyəsinə bir dəfə yumuruqla vuraraq oradan uzaqlaşdım. Hadisə zamanı ümumiyyətlə orada ikimizdən başqa heç kim olmayıb. Hadisə yerinə kənar şəxslər toplaşmayıb. Törətdiyim əməldən səmimi peşman olmuşam. Gülşənlə dəfələrlə barışmağa cəhd etsəm də, mənimlə barışmayıb. Himayəmdə 3 yetkinlik yaşına çatmayan övladlarım var”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülşənin sözlərinə görə, onunla qonşuluqda olan Əfsənin atasıgilin qapısında toy mərasimi olub: “Toydan çıxan şəxslər bizim evimizin qapısının qarşısında mübahisə edən zaman mən də orada dayanmışdım. Həmin vaxt Əfsən mənə yaxınlaşaraq “sən bizi telefonla çəkirsən” dedi və məni qapıdan həyətə saldı. Sonra bu barədə şikayət etsəm də, bir nəticə olmadı. Həmin günün sabahı yol ilə gedən zaman Əfsən küçədə velosipedlə qarşımı kəsdi və əvvəlki gün hərəkətimə görə məni nalayiq sözlərlə təhqir etdi. Mənim saçımdan tutaraq yumruqla sifətimin sol nahiyyəsinə vurdu və velosipedinə minərək oradan uzaqlaşdı”. 

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfsən 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə saat 23:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Demokrat.az

10:34 - 13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin