Ötən ilin mayında Gəncə şəhərində 1975-ci il təvəllüdlü Emin Məmmədovun gözünü çıxaran şəxsə hökm oxunub.
Asayis.Az xəbər verir ki, 1984-cü il təvəllüdlü Elçin Fərhadzadə Cinayət Məcəlləsinin 126.2.4-cü (Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə hadisəni törətməkdə təqsirli bilinib.
Məlum olub ki, həmin gün saat 20 radələrində Elçin Gəncə şəhər Azərbaycan küçəsində yerləşən “Brand shop” mağazasının qarşısındakı ödəmə terminalına yaxınlaşıb. O, terminalın qarşısında növbə tutan Emindən yerlərini dəyişdirməyi istəyib. Lakin Emin növbəsini Elçinə güzəştə getməyib. Bundan sonra Elçin Eminin terminaldan pul çıxarmaq istədiyini görüb və ona terminalda nağdlaşdırma funksiyasının olmadığını deyərək irad bildirib. Tərəflər arasındakı mübahisə daha sonra terminaldan kənarda davam edib. Bu zaman Elçin yumruqla Eminə zərbələr endirib. Nəticədə Eminin eynəyi sınaraq sağ gözünə batıb.
Ekspertiza Eminə gözünün buynuz qişasının dəlib keçmiş yaralanması, gözün möhtəviyyatının tökülməsi, hemoftalm, göz qapaqlarının, alt dodağın yaraları ilə müşayiət edilən sağ gözdə görmənin itirilməsi ilə əlaqədar ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan xəsarətlər diaqnozu qoyub.
Məhkəmədə Emin Məmmədov artıq Elçini bağışladığını və onunla barışdığını bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Elçin Fərhadzadəyə 6 il həbs cəzası verilib.