Quru sərhədlərinin açılması məsələsi ətrafında müzakirələr davam edir. Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbiri ərəfəsində quru sərhədlərinin müəyyən şərtlər çərçivəsində açılması ehtimal edilir. Sərhəd bölgələrində yaşayan insanların əksəriyyətinin gəlirləri və dolanışığı qonşu ölkələrlə ticarət və mübadilə əsasında formalaşdığına görə, hazırda durğunluq yaranıb. Belə olan halda prosesdən çıxış yolu ilə bağlı fərqli fikirlər səslənir.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan iqtisadçı Rəşad Həsənov quru sərhədlərinin uzun müddət qapalı qalmasının təhlükəsizlik və digər məsələlərlə bağlı olduğunu əsaslandırsa da, bunun mənfi elementlərinin də çox olduğunu deyib.
O qeyd edib ki, quru sərhədlərin uzun müddət bağlı qalması böyük sosial kütlələrə, onların həyat tərzinə, dolanışığına, mikro və kiçik biznesə, fərdi sahibkarlığa mənfi təsir göstərir:
“Eyni zamanda ailə büdcələrinin idarə edilməsində bunun böyük təsiri var. Təxminən 1 milyondan artıq insan demək olar ki, sərhəd bölgələrində xırda ticarətlə öz dolanışığını təmin edirdi. Həmçinin insanlar ailə büdcəsini daha sərfəli alış-veriş etməklə daha normal idarə edə bilirdi”.
İqtisadçıya görə, cəmiyyət quru sərhədlərinin açılmasını istəyir:
“Bunun sosial-iqtisadi faydaları çoxdur. Olsa bilsin ki, indi bir sıra sahələrdə üstünlüklər yaransın. Xırda ticarət formasında ölkəyə mal və xidmətlərin gətilməməsi nəticədə bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövriyyəsinin genişlənməsinə gətirib çıxarır. Eyni zamanda ixracla məşğul olan şirkətlərin də dövriyyəsində genişlənmə baş verir. Çünki insanlar fərdi şəkildə öz məhsullarını gətirə bilmir. Bu da müəyyən mənada rüsumlara, vergi yığəmlarına müsbət təsir edir”.
Rəşad Həsənov hesab edir ki, quru sərhədlərinin bağlı qalmasının neqativ təsirləri çox böyükdür:
“Ona görə də, quru sərhədləri açılmalıdır. Təhülkəsizlik məsələləri isə aidiyyatı dövlət qurumları tərəfindən çevik şəkildə idarə edilə və tənzimlənə bilər”.