Təcili yardım ağır xəstəni xəstəxanaya aparmaqdan imtina edib - VİDEO

 Təcili yardım ağır xəstəni xəstəxanaya aparmaqdan imtina edib - VİDEO

Təcili yardım həkimi ağır vəziyyətdə olan vətəndaşı xəstəxanaya aparmaqdan imtina edib. Bu şikayətlə “Xəzər Xəbər”ə Cəfərovlar ailəsi müraciət edib. Onlar bildirib ki, onsuz da çağırışa gec gələn təcili yardım əməkdaşları gecə saat 2-də xəstə üçün göndəriş istəyib və onu xəstəxanaya aparmaqdan imtina ediblər.

Xezerxeber.az-ın məlumatına görə, Bakı sakini Ziya Cəfərov ağır şəkər xəstəsi olduğundan bir ayağı amputasiya olunub. Müayinələr zamanı qanında zəhərlənmə olduğu aşkarlanıb, böyrəklərinin tam işləmədiyi üzə çıxıb.

Evə çağırılan sahə həkimi müayinədən sonra xəstənin vəziyyətinin ağır olduğunu, təcili xəstəxanaya aparılmalı olduğunu deyib. Bundan sonra ailənin yaşadığı Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsindəki mənzilə təcili tibbi yardım maşını çağırılıb. Çağırışa gələn həkim vətəndaşı xəstəxanaya aparmaq üçün göndəriş lazım olduğunu bildirib. 

Məsələyə münasibət bildirən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu halın yolverilməz olduğunu deyib. O bildirib ki, heç bir halda xəstədən göndəriş tələb oluna bilməz.

“Bu vəziyyət tərəfimizdən araşdırılacaq”, - deyə TƏBİB-in icraçı direktoru vurğulayıb. 

Onu da qeyd edək ki, “Xəzər Xəbər”in məsələyə müdaxiləsindən sonra vətəndaş Ziya Cəfərov xəstəxanaya aparılıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
 

 

10:47 - 12 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin