Bu gün Azərbaycan Respublikasının sabiq prezidenti, Azərbaycan Xalq Cəbhəsinin (AXC) sədri, Milli Azadlıq Hərəkatının liderlərindən mərhum siyasətçi, görkəmli ictimai və dövlət xadimi Əbülfəz Elçibəyin anadan olmasından 86 il ötür.
Asayis.Az xatırladır ki, Elçibəy 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində dünyaya göz açıb.
Orta təhsilə Unuskənd məktəbində başlayıb, Ordubad şəhərindəki 1 saylı orta məktəbdən məzun olub. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində ali təhsil alıb. Misirdə tərcüməçi fəaliyyətindən sonra 1965-1968-ci illərdə aspirantura pilləsində təhsilini davam etdirib.
1969-cu ildə tarix elmləri namizədi dərəcəsi alıb və 1975-ci ilədək müəllim kimi universitetdə fəaliyyət göstərib. 1975-ci ildə dissident kimi antisovet təbliğatı və millətçilik ittihamı ilə həbs edilib. 1976-cı ildən Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb.
Gənclik illərindən fərqli siyasi baxışları ilə seçilən Elçibəy müxtəlif dərnəklərin yaradılmasında və işində fəal iştirak edib. XX əsrin 80-ci illərinin ikinci yarısından başlanan proseslərdə aktiv rol alıb, ümumxalq mitinqlərində, xalq hərəkatında insanların rəğbətini qazanıb, liderə çevrilib. 1989-cu ildə proseslərin əsas hərəkətverici qüvvəsi kimi çıxış edən Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis olunub və o, təşkilatın sədri seçilib.
1992-ci ilin 7 iyun tarixində keçirilən seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilib. 1992-1993-cü illərdə hakimiyyətdə olduqdan sonra 1993-cü ilin iyun qiyamı şəraitində doğulduğu Kələki kəndinə gedib. 1997-ci ilə qədər burada yaşayıb. Həmin il Bakıya geri dönən Elçibəy Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri kimi müxalifətdə siyasi fəaliyyətini davam etdirib. O, Bütöv Azərbaycan Birliyini (BAB) yaradıb.
2000-ci ilin 22 avqust tarixində 62 yaşında Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!