Şəmkir rayonunda 1988-ci il təvəllüdlü Batıxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Şahinə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 8-də Şəmkir rayonunun Könüllü kəndində baş verib.
Batıxan həmkəndlisi Şahinə məxsus ərzaq mağazasının içərisində sonuncunun ona satmış olduğu spirtli içki olan arağı və ət məhsulu olan sosiskanı əsəbi halda piştaxtanın üzərinə atması səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə edib.
O, aralarında yaranmış mübahisə zamanı Şahinin sifət nayihəsindən və sağ dizindən bir neçə dəfə yumruq, təpiklə zərbələr vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Batıxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Batıxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, dekabrın 8-də, saat 20 radələrində evdən çıxıb və həmkəndlisi Şahinə məxsus mağazaya gedib:
“Mağazada Şahinlə görüşdüm. Mənə araq içkisi və sosiska ət məhsulu verməsini dedim. Şahin mənə araq içkisi verdi. Sosiska ət məhsulu verən zaman sosiskanın olduğunu sellofan torbanı qabağıma atdı. Sosiska ət məhsulunu piştaxtanın üzərində qabağıma tullaması mənə pis təsir etdi. Həmin vaxt yanmızda həmkəndlilərimiz Zabil və Mütəllim olub.
Şahinin etdiyi hərəkətə görə əsəbələşdim. Onun sifət nahiyəsindən şillə ilə iki dəfə vurdum. Onu vurandan sonra getdim. Ardımca nalayiq ifadələr söylədi. Yenidən mağazaya qayıdaraq onun yaxasından tutdum və yerə yıxdım. Şahin yerə yıxdıqdan sonra mağazanı tərk edərək evimə getdim”.
İş üzrə zərərçəkmiş Şahinin sözlərinə görə, Şəmkir rayonunun Könüllü kəndində yerləşən anasına məxsus evlərinin həyətində ərzaq mağazası işlədir:
“Dekabrın 8-də, saat 20 radələrində mağazada olan zaman qonşumuz Batıxan gəldi. O, araq içkisi və sosiska ət məhsulu istədi. Ona araq içkisi verməyəcəyimi, içkili olduğunu bildirdim. Bundan sonra Batıxan ona sosiska ət məhsulu verməyimi dedi. Həmin vaxt Batıxana araq içkisi vermədiyimə görə mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Evim mağazaya yaxın olduğu və ailəmin onun söyüşlərini eşitdiyini bildirim. Ona söyüş etməməsini dedim. Batıxan mənə yaxınlaşaraq gödəkcəmin yaxasından tutdu, əli ilə məni itələdi. Ona çölə çıxmasını bildirdim. Batıxanı əlim ilə qolundan tutdum və əsəbi şəkildə çölə çıxarmaq istədim. Bu zaman Batıxan çönərək yumruqla sifət nahiyəmdən iki dəfə vurdu”.
Zərərçəkmiş qeyd edib ki, Batıxan onu vuran kimi cibindən telefonu çıxarıb və onu telefonla görüntüyə almaq istəyib:
“Həmin vaxt çöldə oldum və yenidən üzərimə gəldi. Əli ilə yaxamdan tutaraq yerə yıxdı və ayaq nahiyəm sıyrıldı. Həmin vaxt polis şöbəsinə məlumat verəcəyimi bildirdim. Söyüş edə-edə çıxaraq getdim. Mübahisədən sonra hadisə barədə polisə məlumat verdim. Lakin hadisədən sonra Batıxan məndən üzr istədi. Mən də Batıxanı bağışlayaraq barışdım”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Batıxanın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az