“Azer Türk Med” klinikasında plastik əməliyyat etdirən qadın yataq xəstəsi oldu - ŞOK İDDİA

 “Azer Türk Med” klinikasında plastik əməliyyat etdirən qadın yataq xəstəsi oldu - ŞOK İDDİA

"Həkim özünü estetik cərrah kimi tanıdıb, amma əslində burun-boğaz həkimi imiş. Mən də aldanıb əməliyyat üçün müraciət etmişəm. Əməliyyatdan düz 3 ay keçib, lakin hələ də tam sağala bilmirəm”. 

Asayis.Az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya pedaqoji fəaliyyətlə məşğul olduğu üçün adının açıqlanmasını istəməyən vətəndaş müraciət edib. 

Abdominoplastika və liposaksiya əməliyyatı ilə əlaqədar “Azer Türk Med” kilnikasında çalışan plastik-cərrah Ülviyyə Ağazadəyə müraciət edən xanım iddia edir ki, əməliyyat zamanı qanaxma başlayıb, amma həkim buna əhəmiyyət vermədən əməliyyata davam edib: “Yanvarın 19-u əməliyyat olunmuşam. Məni əməliyyat etdiyi klinikanın reanimasiya şöbəsi belə yox idi. Deməli, abdomino ilə bərabər belimi və bədənimi liposaksiya edib. Liposaksiya zamanı qanaxma olub və bu halda da davam edib. Belimdən sonra bədəni edib. Hər ikisində nekroz yaranıb və qanın dayanmadığını görərək “juqut”la möhkəm sıxıb. Amma qanaxma davam edib. Məni palataya keçirib qan köçürdüblər. 2 gün palatada ölümlə mübarizə aparmışam. Təzyiqim 70-30-a düşüb, 2-ci gecə artıq böyrəyim süzməməyə başlayıb. Əvvəlcə böyrək, sonra isə qaraciyər sıradan çıxıb. DIK sindromuna girmişəm, adətən xəstələr bu vəziyyətdən çıxa bilmir. Ağciyər yetməzliyi başlayıb və bütün bunları bildiyi halda həkim qohumlarımı sakitləşdirib ki, xəstənin vəziyyəti yaxşıdır. Normalda reanematoloq ve həkim xəstənin başının üstə olacağı halda məni tibb bacısının ümidinə buraxmışdı”. 

Bacısının da həkim olduğunu bildirən vətəndaş qeyd edir ki, dəfələrlə həkimdən analizləri tələb etsələr də, o əsas göstəriciləri gizlədərək ümumi nəticələri göndərib: “O qədər qan itirmişdim ki, bədənimdə trombositlər tamamilə azalmışdı. Xəstəxanada qan bankı olmadığı üçün köçürməyə trombositləri belə yox idi. Polislə hədələdikdən sonra bizə analizlərin cavabını verib. Qohumlarım görüb ki, mən ölürəm. Bundan sonra 5 faiz yaşam şansı ilə məni başqa klinikaya çatdırıblar. İndi əməliyyatdan artıq aylar keçib. Mən sadəcə sarğı dəyişmək üçün xəstəxanaya gedərkən evdən çıxa bilmişəm. Nə işə gedə, nə də normal həyatıma davam edə bilirəm. Həkimə şikayətlərimizi bildirəndə də deyir ki, guya ona böhtan atırıq. Məndə irsi xəstəlik olduğunu və bu barədə ona bildirmədiyimi iddia edir. Mənim bacım talessemiya daşıyıcısıdır. Bunu bilən həkim iddia edir ki, guya məndə də bu xəstəlik var. Amma əlində bunu sübut edəcək heç nə yoxdur. Mən bundan öncə də dəfələrlə əməliyyatlarda olmuşam, lakin heç vaxt belə halla qarşılaşmamışam”.  

Xanımın sözlərinə görə, o həm maddi, həm də mənəvi zərər görüb: “Digər xəstəxanaya yerləşdirildikdən sonra 7 gün reanimasiyada, 8 gün isə palatada qaldım. 3 aydır, yataqdan çıxa bilmirəm. Düz dörd dəfə əməliyyat keçirdim. Axırıncı dəfə mənə dəriköçürmə edildi. Bu əməliyyat üçün ona 3500 manat vermişdim. Digər klinikada isə 25 000 manata qədər pulumuz çıxıb”.  

Həkim barədə hüquq-mühafizə orqanlarına şikayət etmədiyini əlavə edən vətəndaş deyir ki, tək istəyi başqalarının da onun kimi aldanıb bu hala düşməmələridir: “Sadəcə səhvini boynuna alsaydı, mənə bu qədər təsir etməzdi. Lakin o səhvi məndə görür. Bildirir ki, guya yenidən məni müalicə edə bilərdi və digər həkim əməliyyat hissəmin dərisini götürməklə səhv edib. Amma belə deyil. Əlimdə faktlar var. Bədənimə nekroz olan hissədən infeksiya düşmüşdü. Təkrar sepsis olmamaq üçün həkim təcili olaraq həmin hissəni götürdü. Bu adam özü lor həkimidir. Sadəcə estetik cərrahlıq üzrə sertifikat alıb. Bununla da insanları məhv edir”.  



Fotoda: Ülviyyə Ağazadə 

İttihamlarla əlaqədar həkim Ülviyyə Ağazadə ilə əlaqə saxladıq. Həkim iddialara cavab olaraq bildirdi ki, ixtisasca plastik və rekonstruktiv cərrahdır: “Əslində, təsdiqə ehtiyacı yoxdur, amma xanımın iddiasına cavab olaraq fakt üçün Səhiyyə Nazirliyi tərəfindən mənə verilən aidiyyəti sənədləri də təqdim edə bilərəm. İllərdir bu peşədəyəm, saysız-hesabsız pasiyentlərim olub. İndiyədək heç birindən zərrə qədər də şikayət olmayıb, eşitməmişəm. Xanımın iddia etdiyi kimi, əməliyyat zamanı qanaxma olmayıb. 

Pasiyent ailəsinin təkidi ilə ikinci sutkada başqa klinikaya köçürülmək istəyib və biz də buna etiraz etməmişik. Pasiyenti təhvil verəndə vəziyyəti stabil idi və artıq aktivləşmişdi, hətta özü gəzə bilirdi. Bütün bunlara klinikamızda müalicə aldığı müddətdə şəxsən özüm reanimatoloqla bərabər nəzarət etmişik. Buna baxmayaraq, xanımın belə bir iddia ilə çıxış etməsi təəccüb və təəssüf doğurur”.  

Şikayətçi əməliyyat zamanı qeydə alınan bədən yaralarını, nekrozları əks etdirən fotoları təqdim etsə də, oxucuların həssaslığını nəzərə alaraq onları yayımlamırıq. 

 

13:58 - 1 May 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin