Evli kişi özünə toy elədi, arvadı isə...- MƏHKƏMƏ

 Evli kişi özünə toy elədi, arvadı isə...- MƏHKƏMƏ

Gəncə şəhərində 1986-cı il təvəllüdlü Orxan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Asayis.Az məlumata görə, Orxan qayınatasına məxsus olan evdə rəsmi nikahda olduğu arvadı Könül ilə ailə münaqişəsi zəminində mübahisə etməsi nəticəsində arvadını yaxasından tutmaq yolu həmin fərdi yaşayış evinin içərisində, qonaq otağında olan divana itələyib. O, arvadını yumruq, şillə və təpik zərbələri vurub. 

Hadisəni törədən Orxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə baş verən gün qaynatasının evinə övladları Ramin və Ucalı bazara aparmaq üçün gəlib:

“Övladlarım ilə birlikdə bazara getdik. Onlara ayaqqabı aldım. Uşaqlarım qaynatamın evinə gətirdikdən sonra evə daxil olanda uşaqlarımdan yaşca böyük Raminə tapşırdım ki, ona avtomobilinin ayaqaltılarını təmizləməyə kömək etsin. Raminlə birlikdə avtomobilin ayaqaltılarını təmizləyən zaman yoldaşım Könülün deyindiyini eşitdim. Könülün deyinə-deyinə daha acı ifadələrdən istifadə etməyə başladı. Könülün bu hərəkətindən əsəbiləşərək evə keçdim. Evə girən zaman sağdakı kiçik otaqdakı açılı halda olan çarpayıda Könülün dayanmasını gördüm. Könül məni görəndə çarpayının üzərinə ayaq üstə qalxdı. Mən isə Könülü çəkərək yerə saldım, ona şillə zərbəsi vurdum. Zərbədən Könül çarpayıya yıxıldı. Könülə zərbələr endirdikdən sonra çölə çıxdım. Könül də arxamca çölə çıxdı. Mən avtomobilimi təmizləməyə davam edən zaman Könülün qohumu olan Elmir üzərimə yeridi. Elmir məndən nə üçün belə etməyimi soruşdu. Ona ailə məsələlərinə qarışmamasını bildirdim. Bu zaman Elmir yaxamdan tutaraq dartmağa başladı. Məni təhdid etdi. Sonra Elmir əlində olan bıçaqla barmaqlarımın arasına və biləkdən yuxarı nahiyyəsinə kəsik xəsarəti yetirdi. Elmirdən aralandıqdan sonra işə getdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, dolanışığını taksi fəaliyyəti göstərməklə təmin edir: “Sonradan Könül barəmdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdiyi üçün polis şöbəsinə çağırıldım. İzahat verən zaman əslində Elmirin də mənə xəsarət yetirməsini, amma ondan şikayətçi olmadığımı bildirdim. Ondan sonra bir daha Elmiri görməmişəm”.

İş üzrə zərərçəkmiş Könülün sözlərinə görə, Orxan ilə 17 ildir evlidirlər: “Orxan mənə mütəmadi olaraq xəyanət edir. Mən isə buna dözümlülük göstərirəm. Orxan bir dəfə məhkumluq həyatı yaşayıb. Mən  isə ərim cəzasını çəkib bitirənə kimi onu gözləmişəm. Lakin Orxan yenə mənə xəyanət etməyə başlayıb. Naftalan şəhərində yerləşən “Palma” restoranında mənimlə nigahda ola-ola digər qadınla toy məclisi keçirib. Aramızda olan münaqişə Orxanın bu hərəkətlərinə görə baş verib”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə baş verən gün Orxan onun atasının evinə gəlib, qapını döyəndə o, qapını açmaqdan imtina edib: “Orxan qapını açmağa təkid edib, qapıya təpik zərbələri endirməyə başlayıb. Mən səs-küyə qonşular gəlməsin deyə qapını açmağa məcbur olmuşam. Açdıqda Orxan mənə “nə coşmusan?” deyərək məni məhlənin içərisinə itələdi. Mənə bir-iki zərbə endirdi. Sonra uşaqlarını götürərək bazara onlara ayaqqabı almağa getdi. Orxan yarım saatdan sonra qayıdıb, oğlum Ramillə birlikdə avtomobilin ayaqaltılarını təmizləməyə başladılar. Sonra Orxan evə geri qayıtdı. Evə daxil olaraq evdə olan qaz sobasının yanında məni döyməyə başladı. Çubuqla, yumruqla və təpiklə zərbələr endirdi. Zərbələrə dözə bilməyərək ayaqyalın çölə qaçdım. Hadisə uşaqlarının gözləri qarşısında baş verib. Çölə çıxdıqdan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdim”.

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Orxan 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yerini saat 23.00-dan saat 07.00-dək və Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunub. 
Demokrat.az 

13:00 - 30 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin