Xəbər verdiyimiz kimi, 1 aprel tarixindən etibarən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflər tətbiq olunacaq. 1 saata qədər 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. "Qonşular" paketinə görə 75 AZN ödəniləcək.
Qurumun məsələ ilə bağlı açıqlamasında qeyd olunur ki, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır:
“Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunu. Yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib", - deyə açıqlamada bildirilib.
Qiymət artımına münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, AYNA-nın gətirdiyi səbəblər əsaslı deyil:
“AYNA-nın bu əsaslandırması məntiqəuyğun deyil. Bu, bir növ soyğunçuluğa bənzəyir. AYNA yolların, səkilərin kənarlarında parklanma məntəqələri qurmadan kifayət qədər yüksək qiymətlər müəyyənləşdirib. Buradan əldə edilən gəlirləri parklanma məntəqələrinin yenilənməsinə sərf edə bilər.
İkincisi, qurum daxilolmaların və xərclərin həcmi və istiqaməti barədə cəmiyyətə hesabat vermədən qiymətləri artırır. Bu, şəffaf deyil və etik prinsiplərə ziddir.
Bəlkə hansısa parklanma məntəqəsinin müdiri özünə 15 min manat maaş yazıb?!
Nə bilirik xərclər nədən ibarətdir və niyə özünü doğrultmur?!
Bundan başqa, qiymətləri müəyyənləşdirərəkən əhalinin orta aylıq gəliri və minimum əməkhaqqı nəzərə alınmalıdır. Bunlar Avropadakı göstəricilərin 10 faizinə bərabər olduğu halda parkinq qiymətləri həmin ölkələrlə eyniləşdirilə bilməz”.