Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış massivində yol çöküb.
Bununla bağlı Oxu.Az-a sakinlər məlumat veriblər.
Onların sözlərinə görə yolun çökməsi ərazidəki binaların da əyilmə, çökmə ehtimalını artırıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev yolun çökməsi faktını təsdiqləyib. O bildirib ki, asfalt qatının qırılması nəticəsində sözügedən hissədə çökmə yaranıb:
“Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksinin tikintisinin podratçısı tərəfindən bir müddət öncə kanalizasiya xətlərində olan nasazlıqlarla bağlı ərazidə təmir-bərpa işləri aparılıb. Hazırda yolda yaranan problemlə bağlı podratçı şirkətin nümayəndələrinə məlumat verilib”.
Qurum rəsmisi həmçinin qeyd edib ki, yolda yaranan çökmənin binaların dayanıqlığı və təhlükəsizliyinə heç bir təsiri yoxdur:
“Yaranmış problemlə əlaqədar müvafiq tədbirlər görüləcək”.
“Qobu Park-2” yaşayış massivində çökən yolun görüntüsünü təqdim edirik: