Abşeron rayonunda 1989-cu il təvəllüdlü İntiqam şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Validəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, İntiqam 18 yanvar 2024-cü ildə, saat 23 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda yerləşən fərdi yaşayış evində arvadı Validəilə aralarında həmin evlərinin satışı ilə bağlı yaranmış fikir ayrılığı səbəbindən baş vermiş ailədaxili narazılıq üstündə mübahisə edib.
İntiqam həmin mübahisə əsnasında evin içərisində döşəmədən götürdüyü bir ədəd taxta parçası ilə Validənin üzərinə hücum edib.
O, həmin əşya ilə qəsdən Validənin özünü müdafiə üçün qarşıya verdiyi sol əlindən, habelə bədəninin müxtəlif və ayaq nahiyələrindən zərbələr vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən İntiqamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2014-cü ildə Validə ilə rəsmi qaydada ailə qurub, birgə nikahdan 2015-ci il təvəllüdlü Fatimə adında qız övladı var:
“Evləndiyimiz gündən bu günə kimi ailədə arvadım ilə mübahisələrimiz mütəmadi olmasa da, arada bir olub. Hazırda yaşadığım evi satmaq qərarına gəldim. Həmin yaşayış evini satıb başqa ərazidə yaşayış evi almaq fikrim olduğu üçün yaşadığım evin həyət qapısına və pəncərəsinə evin satılması üçün reklam vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, axşam saatlarında işdən evə gələn zaman həmin reklam yazılarını görməyib:
“Arvadım Validədən bu barədə soruşan zaman o həmin kağızları cırıb atdığını söylədi. Mən isə buna əsəbiləşdim. Aramızda mübahisə yarandı Mübahisə zəminində evdə yerdə olan taxta parçasını götürərək Validəni vurdum. Yəni onun sol əlini qarşıya verdikdə taxta ilə onun sol əlindən, bədənindən və ayaqlarından vurmuşam. Həmin taxta evin dam örtüyünün təmiri zamanı yerə döşməyə düşüb qalan taxta parçası olub. Hadisədən sonra evdən çıxaraq getmişəm. Gedərkən Validəni vurduğum həmin taxta parçasını yol üstü xatırlamadığım yerə tullamışam”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılacaq. Məhkəmənin hökmü ilə İntiqam 10 ay müddətinə azadlığın məhdudlaşdrılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərində yaşayış yeri olan ünvanı gecə saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulub. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilib.
Demokrat.az