Ata oğlunu bıçaqladı

 Ata oğlunu bıçaqladı

Abşeron rayonunda 1976-cı il təvəllüdlü Teymur şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı oğlu Elmana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin yanvarın 9-da Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində baş verib. Teymur yaşadığı fərdi yaşayış evində orta dərəcəli alkoqol sərxoşluğunda olarkən övladı Elmanın ona spirtli içki qəbul etməsi ilə bağlı şifahi irad bildirməsindən əsəbiləşib. 

O, bununla bağlı ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə oğlu ilə mübahisə edib. Həmin mübahisə əsnasında evin otağında masanın üzərində olan məişət əşyası hesab edilən təsərrüfat təyinatlı mətbəx bıçağını götürüb və həmin bıçaqla oğlunun üzərinə hücum edib. Teymur Elmanın özünü qorumaq üçün qarşıya verdiyi sol əlinin ovuc hissəsindən bir dəfə qəsdən zərbə vuraraq, ona xəsarətlər yetirib.

Hadisəni törədən Teymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2024-cü ilin yanvarın əvvəlində övladı Elman hərbi xidmətini başa vurub sağ-salamat evinə geri dönüb: “Mən də bununla əlaqədar yaşadığım evində ailə üzvlərim ilə birgə yığıncaq təşkil etdim. Bu səbəbdən evdə spirtli içki qəbul etdik. Həmin gün saat 22 radələrində masada oturub yuxulayakən oğlum Elman məni oyatdı. Bildirdi ki, az iç də, stollarda yatıb qalırsan. Elmanın bu sözü mənə təsir etdi. Onunla aramızda sözlə mübahisələrimiz oldu. Həmin vaxt əsəbi halda masanın üzərində olan mətbəx bıçağını götürərək Elmanı vurmaq istədim. Bu zaman bıçaq Elmanın sol əlinə dəyərək xəsarət yetirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt əsəbi olub və Elman onun qolundan tutaraq bıçağı əlindən alıb, yerə tullayıb: “Bu zaman arvadım ilə qızım məni tutaraq otağa apardı. Sonra məni sakitləşdirdilər. Oğlum isə hadisə barədə polisə məlumat verdi. Evə polis gələcəyini bildikdə qorxdum, yerdə olan oğlumu vurduğum mətbəx bıçağını götürərək küçəyə çıxdım. Bıçağı yol kənarına tulladım. Daha sonra isə bıçağı tapa bilmədim”. 

İş üzrə zərərçəkmiş Elmanın sözlərinə görə, hərbi xidmətdən tərxis olduqdan sonra yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən evinə gəlib: “Buna görə də yaşadığım evdə ailə üzvlərim ilə birgə yığıncaq təşkil etdik. Yığıncaqda atam spirtli içki qəbul edib başını masanın üzərinə qoyaraq yatdığı üçün anam mənə dedi ki, get atanı oyat gedib otağında yatsın. Mən də atamı oyadaraq onun qoluna girdim və otağına aparmaq istədim. Bu zaman atam əsəbiləşib ünvanıma nalayiq ifadələr işlətdi. Sonra atam mətbəx bıçağı ilə məni vurmaq istəyəndə özümü qorumaq üçün dərhal əlimi bıçağa tərəf verdim. Bıçaq mənim sol əlimə dəydi və xəsarət aldım. Həmin vaxt atamın əlindən bıçağı alıb yerə tulladım. Sonra isə anam və bacım atamı sakitləşdirib otağına apardılar. Əsəbləşərək hadisə ilə bağlı mobil telefonum ilə Daxili İşlər Nazirliyinin “102 Xidməti-Zəng mərkəzi siteminə” zəng edərək məlumat verdim”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin isə ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Teymurun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Demokrat.az

18:00 - 20 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin