“Arada sevgi varsa, bunun qarşısını fələk də ala bilməz...” - İlahiyyatçı qohum evliliyindən danışdı

 “Arada sevgi varsa, bunun qarşısını fələk də ala bilməz...” - İlahiyyatçı qohum evliliyindən danışdı

Qohum evlilikləri üçün genetik test yönləndirmə mərkəzlərinin yaradılması təklif olunub. Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxışı zamanı bildirib ki, genetik xəstəliklərlə bağlı araşdırmalar təşviq edilməlidir: “İnsanlar genetik testin nəticələrinin məxfi və etik olduğuna əmin olmalıdırlar”. Deputat həmçinin qeyd edib ki, qohum evlilikləri və onun fəsadları haqqında geniş dini müzakirələr aparılmalıdır: "Çünki nikahın göylərdə kəsilməsi kimi səmavi inanclara əsaslanıb hökmlərin verilməsi məlum durumu yaradıb. İndi baxışlar dəyişməlidir".

İlahiyyatçı Tural İrfanın məsələyə yanaşmasını öyrəndik. O, Demokrat.az-a açıqlamasında qeyd etdi ki, qadağa ailə institutunu sarsıda bilər:

“Yaxın qohumların evlənməsi tibbi cəhətdən də fəsad verir Bunu bir çox irsi xəstəliklərin səbəbini açıqlayarkən həkimlər söyləyir. Qohum deyərkən yaxın qohumlardan əmiqızı, dayıoğlu, xalaqızı, bibi oğlundan söhbət gedir. Çalışmaq lazımdır ki, qohum evliliyi bir dəfə baş veribsə, təkrar edilməsin. Fəqət arada sevgi varsa, bunun qarşısını fələk də ala bilməz. Belə şeyləri qanuna salıb ailə institunu dağıtmaq lazım deyil. Elə etmək lazımdır ki, qaş düzəldərkən göz çıxarmayasan. Əmiqızı və bibioğlu bir-birini sevirsə, illərlə bir-birinin həsrətini çəkibsə, nə edəcəksən? İki sevəni “Əsli və Kərəm” dastanındakı Qara Keşiş kimi ayıracaqsan? Sevgi olmayan, düzüb-qoşma evliliklər, bəli, çalışmaq lazımdır ki, qohumlar arasında olmasın. Adətən, insanlar ona görə qohumlarla evlənirlər ki, ədəb-əxlaqına, tərbiyəsinə yaxından bələddirlər. Ancaq kənarı dəqiq tanımaq olmur. Gərək cəmiyyəti düzəldəsən ki, adamlar yadla evlənəndə problemdən qorxmasınlar”.

Ekspertin sözlərinə görə, İslam dinində göylərdə nikah kəsilməsi deyə bir inanc, etiqad, yaxud, adət yoxdur: 

“Bu, din yox, xurafat ola bilər, onu da din adına yazmaq olmaz. Qeyd edilən ikinci dərəcəli qohumlar arasında evlilik icazəlidir. Bunu din də, qanun da qadağan etmir. Ancaq bəzən həkimlər bunun fəsadlarından danışırlar.

Peyğəmbər qızı Fatiməni əmisioğlu Əliyə verdi və bu evlilikdən bəşəriyyətin ən nümunəvi insanları – İmamlar törədilər. Yəni, bu məsələni çox da şişirtmək lazım deyil. Əsas olan zərərli qidalardır – insanları  məhv edir. Yaxşı olar ki, qohum evliliyindən əvvəl içdiyimiz suyun tərkibində neçə faiz çirk, mikrob, zəhər var onu araşdırsınlar. Sanki bütün problemlər qurtarıb iki əmiqızı, bibioğlu evlənəcək, onların arasında qaratikan kolu kimi bitmək lazımdır...

Bu mövzuda geniş müzakirələrə lüzum var. Baxmaq lazımdır ki, bu evliliklər məcburi olursa, bəli, buna qarşı çıxmaq olar, yox, sevirlərsə, əsla bunun qarşısını almaq olmaz”.

18:00 - 13 Mart 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin